“Rusiya bu məsələdə öz mühüm töhfəsini verə bilər” Siyasət

“Rusiya bu məsələdə öz mühüm töhfəsini verə bilər”

Sahib Alıyev: "Bununla da Azərbaycanın timsalında əsl dost qazanmaqla regionda mövqelərini möhkəmləndirməyə nail olar"

"Soçi görüşündə Türkiyə və Rusiya prezidentləri arasında Dağlıq Qarabağla bağlı gedən söhbətə, daha dəqiq onun açıqlanan hissəsinə sosial şəbəkələrdə verilən reaksiyalara diqqət etdikdə aydın olur ki, həmin reaksiyaların oxu adekvatdır". Bu fikirləri millət vəkili, politoloq Sahib Alıyev səsləndirib. Onun sözlərinə görə, amma bəziləri "Qarabağ getdi" deyərək, olduqca bədbin fikirlər irəli sürürülər: "Bu, son dərəcə yanılışdır: "Birincisi, bilməliyik ki, Putinin Dağlıq Qarabağla bağlı son açıqlamasında yeni heç nə yoxdur. Bu, bir növ "tərəflər öz aralarında razılığa gəlsinlər biz də dəstəkləyək" formuluna dayanan mövqe sərgilənməsi yox, mövqe gizlədilməsidir. Gizlədilən mövqenin nə olduğunu isə biz bilirik-vəziyyətin indiki kimi qalması. Ancaq Rusiya və digərləri Dağlıq Qarabağın haylara verilməsinə tərəfdar çıxsa belə, biz buna razı olmasaq, o, alınan deyil. Deyənlər tapılır və tapılacaq ki, bəs İrəvan, digər torpaqlarımız, onlar təzyiq nəticəsində haylara verildi axı. Elədir, verildi, ancaq ona görə verildi ki, bizim də aramızdan buna razı olanlar, həmin torpaqlarda Ermənistan yaradılandan sonra hayların və havadarlarının dinc oturacaqlarını düşünənlər vardı. Və onlar heç də sıradan adamlar deyildi. İndi bu ölkənin rəhbəri, ən müxtəlif kürsülərdən təkcə hayların deyil də onlardan qat-qat güclü havadarlarının və himayədarlarının gözlərinin içinə dik baxaraq bəyan edir ki, Azərbaycan qoymayacaq öz torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Bunun nə demək olduğunu anlamaq o qədər çətindir bəyəm? Bunu Dağlıq Qarabağ məsələsində kimin nə düşündüyünü, hansı oyunu oyandığını, nə istədiyini hamıdan daha dəqiq bilən bir adam BMT kürsüsündən dilə gətirir. Ardınca da bildirir ki, əgər Ermənistan indi yeritdiyi siyasətdən əl çəkməsə, 2016-cı ilin aprelində baş verən döyüşlər daha geniş şəkildə təkrarlanacaq...". Sahib Alıyev deyib ki, əslində Soçi görüşündə danışqıların əsas mövzusu bu olmasa belə, qardaş Türkiyənin dövlət başçısının orada Dağlıq Qarabağ məsələsini qaldırması bizim üçün önəmlidir və alqışlayırıq: "Ancaq Dağlıq Qarabağ probleminin sülh yoluyla çözümü Türkiyə və Rusiya deyil, Azərbaycan və Rusiya prezidentlərinin danışıqlarına bağlı məsələdir. Ermənistanın subyekt sayılmadığını, forpost rolu oynadığını, Qarabağı təkbaşına işğal etmədiyi kimi, onu dəstəksiz işğal altında saxlamağa gücünün də omadığını nəzərə alsaq, Rusiya bu məsələdə öz mühüm töhfəsini verə və bununla da regionda Azərbaycanın timsalında əsl dost qazanmaqla regionda mövqelərini möhkəmlədə bilər. Sadəcə, bir məsələni anlamaq olmur ki, problemin həllinin uzadılmasının ən yaxşı halda Rusiyanın burada mövqelərinin qorunub saxlanmasına xidmət etdiyini, ancaq hər il bu mövqe qalasından daşların töküldüyünü Moskvada bəyəm görmürlər? Bəyəm görmürlər ki, belə bir durum uzaq da yox, orta perspektivdə Rusiyanın özünün də əleyhinə işləyəcək və Dağlıq Qarabağ məsələsində onun fikirləri heç də indiki qədər önəmli olmayacaq? Ancaq, Rusiya və yaxud da hər hansı başqa bir dövlətin Qarabağla bağlı nə düşündüklərindən asılı olmayaraq, biz istənilən halda öz bildiyimizi etməliyik, edəcəyik də. Çünki o torpaqlar bizimdir və bütün beynəlxalq aktlarda da bu, öz əksini tapıb...Aprel döşülərində Lələ Təpəyə, Talış yüksəkliklərinə qayıtdığımız kimi. Mübariz İbrahimovun nəşi necə qaytarıldı, haylar buna necə məcbur edildilər, Ramil Səfərov Macarıstandan nə cür gətirildi biz də o cür qayıdacağıq, Qarabağımıza! Yeri gəlmişkən, Milli Məclisin son iclasında çıxışımda da qeyd etdim, yeni "Rəşadət" ordeninin təsis edilməsinə mən Qarabağımıza qayıdış günümüzün müjdə rəmizi kimi baxıram. Varlığım qədər əminəm ki, gün gələcək biz sinəsində bu ordenin bərq vurduğu yüzlərlə oğul və qızımızı Xankəndində hərbi paradda addımlayan görəcəyik".