“Azərbaycan-ABŞ əlaqələrinin bundan sonra da inkişafı üçün geniş imkanlar var” Siyasət

“Azərbaycan-ABŞ əlaqələrinin bundan sonra da inkişafı üçün geniş imkanlar var”

Elman Nəsirov: "Hər iki tərəf bu imkanlardan maksimum faydalanmaqda maraqlıdır"

"Azərbaycanın xarici siyasətində ABŞ-la münasibətlər xüsusi yer tutur, bu münasibətlər strateji xarakter kəsb edir". Bunu vəkili Elman Nəsirov deyib. Fundamental məsələlərdə hər iki ölkənin mövqelərinin üst-üstə düşdüyünü vurğulayan E. Nəsirov xüsusilə enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə rəsmi Bakı və Vaşinqton arasında münasibətlərin sürətli inkişaf dinamikasına malik olduğunu qeyd edib: "Zaman-zaman ABŞ-dakı bəzi ermənipərəst dairələr, erməni lobbisi bu münasibətlərə zərər vurmağa çalışsa da, istəklərinə çata bilməyiblər, iki ölkə arasında münasibətlər daim yüksələn xətlə inkişaf edib". Prezident İlham Əliyevin 2006-cı ildə Vaşinqtona ilk rəsmi səfərini xatırladan E. Nəsirov bu səfərin hər iki dövlətin bir-birinin maraq dairəsində olduğunu bir daha dünyaya nümayiş etdirdiyini vurğulayıb: "Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır və bu siyasət balanslı olması ilə seçilir. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub, bu gün də prezidentİlham Əliyev çox sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq o siyasəti davam etdirir, ona çeviklik, dinamiklik gətirib, eyni zamanda hücum taktikası əlavə edib. Ən başlıcası isə Azərbaycana beynəlxalq aləmdə çox böyük hörmət, diqqət var. Bunun da əsas səbəbi İlham Əliyevin müstəqil xarici siyasət həyata keçirməsidir. Azərbaycanın ABŞ-la əlaqələrinin inkişafı heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib.
Rusiya da çox gözəl bilir ki, bu, iki dövlətin qarşılıqlı maraqlarına yönələn bir siyasətdir. Eyni zamanda Azərbaycan və Rusiya əlaqələrinin inkişafı da ABŞ əleyhinə deyil. Bunu da Vaşinqtonda çox yaxşı bilirlər. Hesab edirəm ki, Bakıda ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO və Rusiya generallarının görüşlərinin baş tutması məhz Azərbaycana olan ehtiramdan irəli gəlir".
E. Nəsirov son vaxtlar ikitərəfli münasibətlərin daha sürətlə inkişafına da toxunub: "ABŞ dövlət başçısı Donald Trampın son bir ay ərzində bir neçə dəfə prezident İlham Əliyevə təbrik məktubları göndərməsi də dediklərimizi təsdiqləyir. Tramp İlham Əliyevin yenidən prezident seçilməsi, AXC-nin 100 illik yubileyi, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik məktubları göndərib. Bu məktublarda ilk növbədə Vaşinqtonun Azərbaycana olan münasibəti, Azərbaycanda seçkilərlə bağlı mövqeyi, təhlükəsizlik və beynəlxalq terrorizmlə mübarizədə ölkəmizin ABŞ-la birlikdə olması xüsusi vurğulanıb. Eyni zamanda, Trampın son təbrik məktubunda qeyd edilir ki, Azərbaycan daha da firavan inkişaf edən, qlobal iqtisadiyyata bağlı və dünyanın enerji bazarına sabitlik gətirən dövlətdir.
ABŞ dövlət başçısının məktublarında Cənub Qaz Dəhlizi ilə bağlı məsələlər diqqətdə saxlanılır, Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfələrə xüsusi qiymət verilir. Deyə bilərəm ki, son 15 il ərzində prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət konkret nəticələr verməkdədir və dünya səviyyəsində bu qiymətləndirilir.
Trampın bu sözləri çox böyük əhəmiyyət, məna kəsb edir və Trampın Azərbaycan xalqına, ölkə başçısına olan yüksək münasibəti kimi dəyərləndirilə bilər. Bunlar çox vacib məqamlardır və bir daha göstərir ki, məhz müstəqil siyasət sayəsində Azərbaycanın ABŞ-da belə yüksək mövqeyi formalaşıb".
E. Nəsirov deyib ki, bundan sonra da əlaqələrin inkişafı üçün geniş imkanlar var və hər iki tərəf bu imkanlardan maksimum faydalanmaqda maraqlıdır: "Bu da regionda təhlükəsizlik, sülh və əməkdaşlığa xidmət göstərir. Prezident İlham Əliyev də Cənub Qaz Dəhlizinin açılışında ABŞ rəhbərliyinə Avropanın meqa layihəsinin reallaşmasında dəstəyinə görə təşəkkür edərək, bu layihənin yalnız və yalnız beynəlxalq əməkdaşlıq sayəsində mümkün olduğunu deyib. Layihənin reallaşmasında ABŞ-ın böyük siyasi, mənəvi, maliyyə dəstəyi olub. Trampın göndərdiyi təbrik məktubları da bu dəstəyin ifadəsi kimi qiymətləndirilə bilər".