“İtaliya prezidentinin ölkəmizə səfəri onu göstərir ki...” Siyasət

“İtaliya prezidentinin ölkəmizə səfəri onu göstərir ki...”

Tofiq Abbasov: "Münasibətlər möhkəm platformaya malikdir və yüksələn xətlə inkişaf edir"

"Azərbaycan müstəqil dövlət kimi yaşamağa başlayandan ilk dəfədir ki, İtaliya prezidenti Azərbaycana səfər edir. Səfər xoşməramlı səfərdir". Bunu millət vəkili Elman Məmmədov deyib. Deputatın sözlərinə görə, bu səfər İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə səbəb olacaq: "Yəni bu səfər bütün istiqamətlərdə - iqtisadi, elm, təhsil və s. sahələrin inkişafına zəmin yaradacaq. Mən Azərbaycan və İtaliya prezidentlərinin görüşünü çox diqqətlə izlədim. İtaliya ilə əlaqələrimiz və bu əlaqələrin inkişaf etdirici xətt üzrə müsbət istiqamətdə inkişafı müzakirə mövzusu oldu. Eyni zamanda, Azərbaycan Prezidenti İtaliya prezidenti ilə görüşəndə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çox ciddi şəkildə toxundu. Birləşmiş Millətlər Təşkilatının (BMT) icra olunmamış qətnamələri, Ermənistanın işğalçılıq siyasəti, tarixi torpaqlarımızın işğal altında olması və İtaliyadan bu istiqamətdə ədalətli mövqe sərgiləməsi məsələləri ortaya qoyuldu. İtaliya ATƏT-in üzv dövləti kimi, eyni zamanda Avropa Şurasında, Avropa İttifaqında, Avropa Birliyində özünəməxsus yeri, sanbalı, sözü olan bir dövlət kimi İtaliya prezidenti tərəfindən də səsləndirilən fikirlər müsbət qarşılandı. Burada heç bir fikir ayrılığı olmadı. İtaliya prezidenti də Azərbaycanın ərazi bütövlüyünün İtaliya dövləti tərəfindən dəstəkləndiyini bəyan etdi. Hesab edirəm ki, səfər çox uğurlu idi və bundan sonra da İtaliya-Azərbaycan münasibətləri daha da yüksək səviyyədə inkişaf edəcək. Dostluğumuz işimizə xeyir verəcək".
Millət vəkili Jalə Əliyeva deyib ki, ümumiyyətlə, Azərbaycanın bütün qonşu ölkələrlə, eləcə də bilavasitə qonşu olmayan dünya ölkələri ilə dostluq və mehriban münasibətləri mövcuddur: "Bu, dövlət siyasətimizin əsas amillərindən, hədəflərindən biridir". Onun sözlərinə görə, bu gün Azərbayca əlbəttə ki, bütün dünya ölkələri ilə tərəfdaşlıq, əməkdaşlıq edir: "Bu ölkələrin içərisində İtaliya ilə də münasibətlərimiz digər ölkələrlə olduğu kimi bu günə qədər səmimi və mehriban bir şəraitdə təməli qoyulub və davam etdirilir. İtaliya prezidentinin Azərbaycana səfəri özlüyündə də onu deməyə əsas verir ki, bu münasibətlər bu günə qədər normal bir şəkildə inkişaf edib. Hər iki ölkə bu münasibətlərin daha da inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün səylər göstərir. Bu gün hər iki ölkənin münasibətləri parlmentlərarası münasibətlərdə də tənzimlənir. Azərbaycan Milli Məclisində Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupu mövcuddur. Eyni zamanda İtaliya parlamentində də bu Dostluq Qrupu mövcuddur. Biz illərdən bəri parlamentlər olaraq çox sıx əməkdaşlıq edirik. Biz tez-tez nümayəndə heyətlərini qəbul edirik. Azərbaycanda və İtaliyada bir çox sahələr üzrə biz münasibətlərin inkişaf etdirmək yollarını müzakirə edirik. Şəxsən mən həmin qrupun üzvüyəm. Biz hər zaman İtaliya tərəfindən ölkəmizə qarşı isti münasibət görmüşük. Bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İtaliya səfirliyi xüsusi bir tədbir keçirdi. Düşünürük ki, bütün bunlar onu deməyə əsas verir ki, İtaliya da Azərbaycan üçün münasibətlərin qurub inkişaf etdirilməsi mümkün olan ölkələrdən biridir".
Politoloq Tofiq Abbasov bildirib ki, İtaliya prezidentinin ölkəmizə səfəri onu göstərir ki, münasibətlər möhkəm platformaya malikdir və yüksələn xətlə inkişaf edir. Politoloq deyib ki, İtaliya Avropa İttifaqının Azərbaycanla geniş iqtisadi-ticari əlaqələri olan dövlətlərindəndir: "Əlaqələr getdikcə bir qədər də genişləndirilir. Son illərdə Azərbaycan prezidenti də İtaliyaya səfər edib və yüksək səviyyəli hökumət məmurları ilə görüşüb. Bilirsiniz ki, İtaliya Azərbaycan münasibətlərində enerji məsələsi önəmli yer tutur, İtaliya böyük həcmdə enerji istehlak edən ölkələrdəndir. Ona görə də TANAP və TAP layihələri böyük razılıqla qarşılanmışdı".
Politoloq onu da əlavə edib ki, hər iki dövlətin bir-birinə ehtiyacı var: "Görüşlər, təmaslar belə deməyə əsas verir ki, rəsmi Bakı və rəsmi Roma münasibətlərin gələcəyini müsbət spektrda görürlər. Ona görə də dövlətlərin müvafiq qurumları, ekspert qrupları durmadan fəaliyyət göstərirlər ki, inkişaf meylləri sabit olsun və dinamikası aşağı düşməsin".
Politoloq Ramiz Alıyev deyib ki, Azərbaycan dövləti bütün ölkələrin ərazi bütövlüyünü tanıyır, hörmətlə yanaşır, həmçinin heç bir ölkənin daxili işinə qarışmır. Onun sözlərinə görə, Azərbaycanın bütün ölkələrlə çox yaxşı münasibətləri var və onlardan biri də İtaliya dövlətidir: "İtaliya həm ölkəmizin ərazi bütövlüyünü tanıyır, həm də beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini hər zaman dəstəkləyir. Bu münasibətlərin təməli Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə qoyulub və bu gündə də həmin münasibətlər cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bilirsiniz ki, Heydər Əliyev Fondu İtaliyada hümanitar tədbirlər həyata keçirərək bu münasibətlərimizi daha da möhkəmləndirmişdir. Heydər Əliyev Fondunun İtaliyada dini məbədlərin və tarixi abidələrin təmir olunmasını öz üzərinə götürməsi əlaqələrimizin yeni mərhələlərə gətirib çıxarmasına səbəb oldu. Buna görə də Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan-İtaliya münasibətlərinin daha da möhkəmlənməsində xüsusi xidmətləri vardır. Beləliklə biz deyə bilərik ki, İtaliya Azərbaycanın istər iqtisadi əməkdaşlıqda, istərsə də mədəni münasibətlərdə, siyasi arenada dostu olan bir ölkədir".