“Rusiya İdlibə girsə tərəflər arasında düşmən münasibətləri daha da kəskinləşdirəcək” Siyasət

“Rusiya İdlibə girsə tərəflər arasında düşmən münasibətləri daha da kəskinləşdirəcək”

Hikmət Hacızadə: "Bu halda, Rusiya Türkiyə və Qərblə üz-üzə gələcək"



"Türkiyə və Rusiya prezidentləri arasında keçirilmiş görüşün hansı nəticə verəcəyini demək çətindir. Hazırda tərəflər arasında əsas müzakirə mövzusu İdlib bölgəsi ilə bağlıdır. İdlibdə maraqları toqquşan Rusiya və Türkiyə fikir ayrılıqlarını aradan qaldırmaq istəyirlər. Buna görə də məsələnin həlli istiqamətində bir sıra planların irəli sürüləcəyini düşünürəm. Çalışacaqlar ki, nə şiş, nə də kabab yansın". Bu fikirləri politoloq Hikmət Hacızadə səsləndirib. Onun sözlərinə görə, Türkiyə çalışır ki, İdlibi müstəqil saxlasın: "Çünki İdlibə nəzarəti Bəşər Əsədə qarşı döyüşən silahlı müxalifətin hərbi hissələri həyata keçirir. Buna görə də Ərdoğan bölgənin həmin qüvvələrin nəzarətində saxlamağa çalışır. Mümkündür ki, Ərdoğan tək deyil. Qərbin bütün qüvvələri – diplomatiyası, təbliğat vasitələri və ehtimal ki, hərbi gücləri də İdlibin müxaliflərin nəzarətində qalmasına çalışırlar. Bundan sonra əsas danışıqlar da bu istiqamətdə gedəcək. Yəni, Rusiyanın İdlibə girməsinin, qan tökülməsinin qarşısını almağa, yaxud oradakı müxalif qüvvələrin qalmasına, ya da itki vermədən çıxarmasına səy göstərəcəklər".
O hesab edir ki, Rusiyanın bölgəyə girməsi ehtimalı yüksəkdir: "Rusiya İdlibə girməyə çox yaxındır. Rusiyanın dəstəklədiyi Bəşər Əsəd qüvvələrinin bir hissəsi artıq bu bölgədədir. Onlar da müharibədən qorxmurlar, amma Qərb müharibədən çəkinir. Qərb nə öz hərbçilərinin, nə də dinc əhalinin öldürülməsini istəmir. Buna görə də hələlik uzaqdan bəyanatlar verirlər. Qərb nə qan tökmək, nə də qan vermək istəmir. Amma Rusiya istəyir. Rusiyanın Suriyada müharibə aparmaq üçün böyük imkanları var. Bəşər Əsəd qüvvələri istənilən vaxt əməliyyatlara başlaya bilər. Bu halda Rusiya onlara havadan dəstək verəcək. İdlibi tamamilə dağıdıb toza çevirə bilərlər. Rusiya İdlibə girsə tərəflər arasında düşmən münasibətləri daha da kəskinləşdirəcək. Bu halda, Rusiya Türkiyə və Qərblə üz-üzə gələcək. Çünki nə Qərb, nə də Türkiyə Suriyanı itirmək istəmir. Buna görə də Suriyada maraqlarını təmin etmək üçün bütün vasitələrlə Bəşər Əsədi hakimiyyətdən getməyə, yaxud onu aradan götürməyə cəhd edirlər.
Rusiyanın bu addımına cavab olaraq, İsrailin də prosesə qarışması ehtimalı yüksəkdir. İsrail Əsədlə yanaşı, Rusiyanın da mövqelərinə qarşı raket zərbələri endirə bilər. Bəlkə də İsrail bir-iki qırıcısını vurduqdan sonra Rusiya dayanacaq. Bu, mümkündür. Rusiyanın bir-iki bahalı qırıcısını vurub sıradan çıxarsalar, bəlkə də ağlı başına gələcək. Bunu İsrail də, ABŞ-ın Aralıq dənizindəki hərbi qüvvələri də edə bilər".
Rusiyanın Suriyada qırıcısının vurulmasına gəlincə, ekspert deyib ki, İsrail və Rusiya arasında buna qədər də Suriya məsələsində gərginlik var idi: "Amma bu məsələnin tərəflər arasındakı gərginliyi artıracağını istisna etmirəm. Düzdür, ruslar Qüdsü bombalamayacaqlar, amma gərginlik artacaq. Digər yandan, İsrail təkbaşına deyil. Yəni, ABŞ və digər müttəfiqləri imkan verməzlər ki, Rusiya İsrailə bomba atsın.
Kiçik bir qarşıdurma ola bilər. Yaxud, Rusiya bunun əvəzini İsrailin bir qırıcısını vurmaqla çıxa bilər. Gərginliyi aradan qaldırmaq üçün İsrailin üzr istəməsi də mümkündür.
Lakin bununla bağlı gələn xəbərlər ziddiyyətlidir. Gah deyirlər ki, Bəşər Əsəd qüvvələri səhvən vurub, gah da deyirlər ki, İsrail vurub. Məsələni tam bilmək üçün təhqiqat aparılmalıdır. Hesab edirəm ki, bu qırıcının kim tərəfindən vurulmasını bilmək asandır. Qırıcını vuran raketin qalıqları araşdırılacaq, digər yandan, bu ərazi peykdən izlənilir, radarlar işləyir. Yəni, bir neçə günə hər şey aydın olacaq".
Politoloq Ermənistanda gedən prosesləri də şərh edib. O bildirib ki, bu, vətəndaş qarşıdurması yarada bilər: "Bu, mümkündür. Lakin bu, vətəndaş müharibəsi səviyyəsində olmaya da bilər. Əslində "Qarabağ klanı", yaxud Köçəryan və Sərkisyan güclü deyil, amma onların arxasında Rusiya dayanır. Rusiya onları sonadək dəstəkləyəcək. Digər yandan, Rusiyanın Ermənistanda adamları çoxdur. Hərbi, iqtisadi, siyasi, media, QHT sektoru və digər sahələrdə Rusiyanın kifayət qədər güclü şəbəkəsi var. Buna görə də Ermənistan üçün vətəndaş qarşıdurması təhlükəsi realdır.
Əgər Paşinyan Rusiya ilə strateji razılığa gəlməsə, yəni Avropa İttifaqı ilə yaxınlaşma prosesini dayandırmasa, Ermənistan bu təhlükədən qaça bilməyəcək. Buna görə də Paşinyan Rusiyanı qucaqlamalıdır. Əgər bu razılıq olmasa, o zaman Köçəryanın klanını gücləndirəcəklər, bunun da ciddi fəsadları ola bilər. Ola bilsin ki, vətəndaş qarşıdurması ilə yanaşı, çevrilşə də cəhd edilsin. Bu da Ermənistanda aranı qarışdıracaq.
Paşinyanın son anda Moskvaya boyun əyməsi mümkündür. Ermənistan Rusiyanın təzyiqlərinə tab gətirə bilməz. Əgər Qərb dəstəkləməsə, Paşinyan axırda Moskvaya təslim olmaq məcburiyyətində qalacaq. Qərb isə hələlik heç nə etmir, uzaqdan bəyanatlar verir, hansısa formada nümayəndələr göndərir. Ona görə də Paşinyanın vəziyyəti o qədər də yaxşı deyil.
Buna görə də Paşinyan Moskvaya gedəndə Putinə yalvardı ki, biz dostuq, qardaşıq, bu həmişə belə olacaq, biz sizdən silah alacağıq və sair. Paşinyan Moskvada bunların hamısını dedi. Digər yandan isə Paşinyan Avropaya inteqrasiyaya yönəlik addımlar atır. Amma Putinə ona deyəcək ki, ya o tərəfə get, ya bu tərəfə gəl. Lakin Ermənistanın təkbaşına Rusiya ilə mübarizə aparmağa gücü yoxdur. Buna görə də mümkündür ki, Paşinyan Qərbə yaxınlaşmaq planlarını dayandırsın. Ya da bu addımlarını kiçildəcək. Qərb də Ermənistanı özünə birləşdirmək istəyir, amma Ermənistan üçün vuruşmaq istəmir. Yəni, necə ki vaxtilə Saakaşvili tək qaldı, Paşinyan da belə tək qalacaq. Saakaşvili də o vaxt radikal formada Qərbə inteqrasiya xətti seçmişdi, amma bu, son nəticədə Gürcüstan ərazilərinin işğalına gətirib çıxardı.
Ermənistandan çox uzaqdadır. Buna görə də vuruşmaq istəmirlər, "kefkomdurlar", onlarda hər şey yaxşıdır. "Mersedes" sürürlər, istədikləri kimi yaşayırlar, nəyinə lazımdır? Qərbin adamı Ermənistana, yaxud başqasına görə ölmək istəmir. Həm də bura böyük güc sərf etmək lazımdır. Gürcüstan heç olmasa, Qara dənizin yanındadır, oradan gəmi göndərmək olar. Bəs Ermənistana hansı yolla kömək etsinlər?".