“Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun siyasi təsdiqidir” Gündəm

“Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun siyasi təsdiqidir”

“Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıq coğrafiyasının genişlənməsinin siyasi təsdiqidir”

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Aydın Hüseynov Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Dublində keçirilmiş 9-cu Zirvə Toplantısında iştirakını və yüksək səviyyəli görüşlərin siyasi-strateji əhəmiyyətini şərh edərkən bildirib.

“Prezident İlham Əliyevin Dublin sammitində iştirakı Azərbaycanın Avropa siyasi məkanında möhkəmlənən mövqeyini və beynəlxalq münasibətlər sistemində artan strateji əhəmiyyətini nümayiş etdirdi. Dövlətimizin başçısının bir gün ərzində 10 yüksək səviyyəli görüş keçirməsi, həmin görüşlərin qarşı tərəflərin təşəbbüsü ilə baş tutması barədə məlumatlar Avropa paytaxtlarının Bakı ilə siyasi dialoqa marağının göstəricisidir. Bu diplomatik fəallığın əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, milli maraqlara əsaslanan və praqmatik xarici siyasət dayanır. Azərbaycan bu gün yalnız Cənubi Qafqazın deyil, Avropanın enerji təhlükəsizliyi və Avrasiyanın nəqliyyat bağlantıları baxımından mühüm tərəfdaşıdır” - deyə deputat vurğulayıb.

A.Hüseynov söyləyib ki, Dublin sammitinin əsas siyasi mesajı ondan ibarətdir ki, Azərbaycanla əməkdaşlıq artıq ayrı-ayrı sahələr üzrə deyil, geniş strateji maraqlar çərçivəsində inkişaf edir: “Prezident İlham Əliyevin enerji, innovasiya və regional bağlantılara həsr olunmuş xüsusi dəyirmi masada çıxışı ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu bir daha göstərdi. Dövlət başçısının açıqladığı kimi, 2022-ci ildən Azərbaycanın Avropa İttifaqına qaz tədarükü 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu, Azərbaycanın enerji təchizatının şaxələndirilməsinə verdiyi konkret töhfədir. Sammitin mühüm nəticələrindən biri Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsidir. Bu sənəd münasibətləri yeni siyasi-hüquqi çərçivəyə yüksəltməklə müdafiə, təhlükəsizlik, investisiya, yaşıl enerji, Orta Dəhliz, süni intellekt və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur”.

Deputatın sözlərinə görə, Böyük Britaniyanın Azərbaycanın ən böyük Avropa investoru olması tərəfdaşlığın möhkəm iqtisadi əsaslarını nümayiş etdirir: “Yeni bəyannamə həmin iqtisadi əlaqələrin daha geniş strateji əməkdaşlıqla tamamlanması baxımından əhəmiyyətlidir. Azərbaycanın ABŞ, Almaniya və Avropa İttifaqının bir sıra üzv dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələri, Aİ institutları ilə yüksək səviyyəli siyasi dialoq ölkəmizin beynəlxalq əməkdaşlıq coğrafiyasının genişləndiyini göstərir. Antonio Koşta ilə görüş və Azərbaycan–Aİ sazişi üzrə danışıqların yenidən gündəmə gəlməsi də bu prosesin mühüm istiqamətidir. Azərbaycanın prinsipial üstünlüyü ondan ibarətdir ki, ölkəmiz strateji tərəfdaşlıqlarını hər hansı geosiyasi blokdan asılılıq üzərində deyil, suveren qərarvermə, qarşılıqlı hörmət və milli maraqlar əsasında qurur”.

“Avropa üçün enerji təhlükəsizliyi, Orta Dəhliz və regional sabitlik bir-biri ilə əlaqəli strateji məsələlərdir. Azərbaycan bu istiqamətlərin hər birində konkret iqtisadi və siyasi imkanlara malikdir. Dublin sammiti göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq diplomatiyada mövqeyini möhkəmləndirir, aparıcı Qərb dövlətləri ilə tərəfdaşlıq imkanlarını genişləndirir və Avropanın strateji gündəliyində mühüm yer tutur. Azərbaycanın artan beynəlxalq nüfuzu təsadüfi diplomatik fəallığın deyil, güclü dövlətçilik siyasətinin, müstəqil siyasi iradənin və uzunmüddətli strateji inkişaf kursunun nəticəsidir” - deyə o əlavə edib.

Röya İsrafilova