Hulusi Kılıç: Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi Bakıya etimadın göstəricisidir Siyasət

Hulusi Kılıç: Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi Bakıya etimadın göstəricisidir

“Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi etmək təklifinin qəbul edilməsi Avropanın Azərbaycana göstərdiyi etimadın bariz nümunəsidir”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, diplomat Hulusi Kılıç Prezident İlham Əliyevin İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin IX Zirvə toplantısında iştirakını şərh edərkən bildirib.

Diplomat qeyd edib ki, 50 dövlət və hökumət başçısının iştirak etdiyi zirvə toplantısı Azərbaycanın beynəlxalq siyasi proseslərdə artan rolunu bir daha nümayiş etdirir.

“Azərbaycan artıq bu cür beynəlxalq toplantılarda iştirakı xüsusi əhəmiyyət daşıyan ölkələrdən biridir. Azərbaycanın Avropanın və regionun enerji təhlükəsizliyinə, nəqliyyat əlaqələrinə verdiyi töhfələr, eləcə də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində oynadığı rol ölkənin nüfuzunu artırır. Bu, eyni zamanda, Avropanın Azərbaycana olan ehtiyacını da göstərir”, – deyə Hulusi Kılıç vurğulayıb.

Sabiq səfir Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi etmək təşəbbüsünün qəbul edilməsini mühüm diplomatik uğur kimi qiymətləndirib.

“Bu qərar Avropanın Azərbaycana göstərdiyi etimadın bariz nümunəsidir. Azərbaycan indiyədək beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edib. Əminəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısı da uğurla keçiriləcək”, – deyə o bildirib.

Sabiq səfirin sözlərinə görə, Prezident İlham Əliyevin zirvə çərçivəsində çoxsaylı Avropa liderləri ilə görüşməsi Azərbaycanın siyasi və diplomatik əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hulusi Kılıç zirvə toplantısının ən mühüm nəticələrindən biri kimi Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq sənədinin imzalanmasını qiymətləndirib.

“Böyük Britaniyanın Azərbaycanla belə bir sənəd imzalaması ölkəmizin beynəlxalq əhəmiyyətini açıq şəkildə ortaya qoyur. Bu tərəfdaşlıq Azərbaycanın yalnız Böyük Britaniya ilə deyil, həm də Birlik ölkələri ilə əlaqələrinin inkişafına müsbət təsir göstərəcək. Digər tərəfdən, Böyük Britaniya üçün Cənubi Qafqaza və Mərkəzi Asiyaya yeni imkanlar açılır. Azərbaycan bu baxımdan etibarlı strateji tərəfdaşdır”, – diplomat bildirib.

Hulusi Kılıç Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə də xüsusi diqqət çəkib.

Onun sözlərinə görə, zirvə çərçivəsində baş tutan ən mühüm görüşlərdən biri məhz Azərbaycan və Ermənistan liderlərinin təkbətək müzakirələri olub.

“Bu görüşdə ilk növbədə Zəngəzur dəhlizi, sülh prosesi və nəqliyyat məsələləri müzakirə edilib. Belə ikitərəfli təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və sülh prosesinin irəliləməsinə mühüm töhfə verir. Bu görüşlər həm də tərəflər arasında etimadın möhkəmlənməsi baxımından əhəmiyyətlidir”, – deyə sabiq səfir qeyd edib.

Diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasının vacibliyini vurğulayıb.

“Arzumuz odur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalansın. Bu, Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Eyni zamanda, Avropa dövlətlərinin regiona münasibətinə də müsbət təsir göstərəcək”, – Hulusi Kılıç bildirib.

Hulusi Kılıç Türkiyənin Azərbaycanın beynəlxalq uğurlarını böyük məmnunluqla qarşıladığını da vurğulayıb.

“Biz Türkiyə olaraq Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurları böyük təqdir və sevinclə qarşılayırıq. Azərbaycanın uğurları bütövlükdə Türk dünyasının uğurlarıdır. Bu zirvə toplantısının Azərbaycan üçün son dərəcə faydalı olduğunu düşünürəm”, – diplomat fikirlərini yekunlaşdırıb.