
“”Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında Azərbaycan Prezidentinin iştirakı çox əhəmiyyətli və ölkəmizin Avropa İttifaqına üzv olan ölkələrlə, o cümlədən “Avropa Siyasi Birliyi”nin platformasında təmsil olunan dövlətlərlə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından olduqca vacibdir”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Azər Allahverənov deyib.
A.Allahverənov qeyd edib ki, biz burada keçirilən ikitərəfli görüşlərdə bir sıra dövlətlərin başçıları və hökumət rəhbərləri tərəfindən dilə gətirdikləri fikirlərə diqqət etdikdə görürük ki, bu gün Azərbaycanın “Avropa Siyasi Birliyi”nə daxil olan dövlətlərlə strateji tərəfdaşlıq əlaqələri nəinki inkişaf etdirilməkdədir, hətta bu əlaqələr bir çox dövlətlər üçün, xüsusilə də Avropa İttifaqına üzv olan 10 dövlət üçün həyati əhəmiyyətə malikdir: “Çünki həmin dövlətlərin enerji ehtiyacının birbaşa olaraq Azərbaycandan ixrac edilən təbii qaz hesabına təmin olunması bir tərəfdən enerji mənbələrinin şaxələndirilməsi baxımından onlar üçün önəmlidir, digər tərəfdən də burada daha dayanıqlı və etibarlı tərəfdaş qismində çıxış edən Azərbaycandan idxal olunması baxımından da vacibdir. Çünki beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini qazanmış Azərbaycan, hansı ki, sözü imzası qədər də dəyərlidir, bu gün Avropa istiqamətində çox mühüm enerji layihələrini reallaşdıran, nəqliyyat-logistika layihələrinin icrasının effektivliyini artıran çox vacib inteqrasiya layihələrini həyata keçirir”.
“Bu gün istər enerji təchizatı məsələlərində, istərsə də qütbləri əlaqələndirən yükdaşıma zəncirində Azərbaycan önəmli tərəf qismində çıxış etməklə yanaşı, həm də bu layihələrin uğurunu şərtləndirən yanaşma sərgiləmiş olur. Bu gün artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə Avropa liderləri bunu çəkinmədən dilə gətirirlər və nəticə etibarilə xarici siyasət kursunda Azərbaycan amilini xüsusilə diqqət mərkəzində saxladıqlarını bildirirlər. Bu da şübhəsiz ki, Azərbaycanın fəal siyasi diplomatiyası sayəsində formalaşan bir reallıqdır” - deyə deputat əlavə edib.
O eləcə də deyib ki, Azərbaycan bu prosesdə yeni-yeni təşəbbüslərlə çıxış etməklə yanaşı, həm də həmin dövlətlərin milli maraqlarına cavab verən yeni təşəbbüslərin irəli sürülməsinə müvəffəq olur: “Məhz elə bunun nəticəsidir ki, bu səfər zamanı Azərbaycan həm də Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə Strateji Tərəfdaşlıq haqqında çox vacib olan birgə bəyannamənin imzalanmasına müvəffəq oldu. Bu da nəticə etibarilə Azərbaycanla Böyük Britaniya arasında yeni bir əməkdaşlıq spektrini müəyyənləşdirmiş olur”.
Röya İsrafilova