"Azərbaycanın ASB platformasındakı rolu xüsusi əhəmiyyət kəsb edir" Gündəm

"Azərbaycanın ASB platformasındakı rolu xüsusi əhəmiyyət kəsb edir"

Azərbaycan və Avropa arasında münasibətlərin 2023-cü ildən sonra müəyyən siyasi gərginliklə davam etdiyini bilirik, lakin 2026-cı ildə münasibətlərdə kifayət qədər intensivləşmə müşahidə olunmağa başladı.

2026-cı ilin martında Avropa Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri zamanı tərəflər arasında enerji, müdafiə, rəqəmsal əməkdaşlıq və nəqliyyat sahələrini əhatə edən 15 bəndlik birgə bəyanatın imzalanması, mövcud fikir ayrılıqları ilə bağlı münasibətləri yumdaltdı.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

O, qeyd edib ki, aprel ayında isə Brüsseldə, Avropa və Azərbaycan nümayəndələri yeni ikitərəfli saziş üzrə danışıqlar prosesini bərpa etdilər:

"Heç şübhəsiz ki Azərbaycanın Mərkəzi Asiya, Türkiyə və Körfəz ölkələri ilə əlaqələrinin genişlənməsi onun Avropa ilə münasibətlərinin də geosiyasi xarakterini dəyişdi. Yəni Azərbaycan əlində olan imkanlarını Avropaya inteqrasiya kontekstindən daha çox, daha geniş Avrasiya strategiyasının bir istiqaməti kimi nəzərdən keçirir, desək yanılmarıq. Heç şübhəsiz ki Azərbaycanın bu siyasətinin Avropa ilə münasibətlərə xüsusi təsiri var. Bu baxımdan artıq, Azərbaycan Avropada yalnız enerji təchizatçısı və tranzit ölkəsi kimi qəbul edilmir. O, Cənubi Qafqazda sülh, Avropanın enerji təhlükəsizliyi, Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələri və regional təhlükəsizlik məsələlərində dialoq aparılan tərəfdaşlardan biridir.

Bu baxımdan Azərbaycanın önəmi nəzərə alındı və bu Avropa Siyasi Birliyi (ASB) platformasında çılpaqlığı ilə ortaya çıxdı. ASB platforması böyük və kiçik dövlətlərin liderlərinə birbaşa dialoq imkanı verir".

Ç.Şahbazinin fikrincə,vAzərbaycan -Ermənistan münasibətləri kimi mürəkkəb regional məsələlərin müzakirəsi üçün də bu formatdan istifadə oluna bilər. Çünki platforma, artıq Cənubi Qafqazı Avropanın təhlükəsizlik arxitekturasından kənarda qoymaq istəmir və ASB Avropa İttifaqı sərhədlərindən kənarda da siyasi dialoq üçün imkan yaradır. Bu həmçinin regionda sülh və nəqliyyat əlaqələrinin inkişafı Avropanın daha geniş strateji maraqları ilə bağlıdır. Sammit çərçivəsində Avropa Şurasının Prezidenti Antonio Koşta və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirilib:

"İrlandiyanın Baş naziri Mixail Martınin Azərbaycanla bağlı açıqlamalarına diqqəti çəkmək istəyirəm. O, Azərbaycanla əməkdaşlığın Avropanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əlavə imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, ASB çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar da aparılıb və qeyri-formal diplomatik mühit münaqişələrin həlli baxımından məhsuldar ola bilər. Bu baxımdan Azərbaycanın ASB platformasındakı rolu və Avropanın siyasi məkanının Avropa İttifaqından daha geniş olması və ölkəmizin həmin məkanda iştirakı, xüsusi əhəmiyyət kəsb edir və hesab edirəm ki, Bakıdan Avropaya uzanan bu siyasi körpü Azərbaycanın artan geosiyasi əhəmiyyətini daha da irəli götürəcək".

Cavid