“Bu, Azərbaycanın Avropa və Qərblə münasibətlərində yeni mərhələnin göstəricisidir” Gündəm

“Bu, Azərbaycanın Avropa və Qərblə münasibətlərində yeni mərhələnin göstəricisidir”

“Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Dublin sammitində iştirakı Azərbaycanın beynəlxalq mövqeyinin, siyasi nüfuzunun və Avropa istiqamətində formalaşdırdığı strateji tərəfdaşlıq şəbəkəsinin gücünü nümayiş etdirən mühüm hadisədir. Sammit çərçivəsində dövlət başçısının bir gündə 10 görüş keçirməsi və bu görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması xüsusi diqqət çəkir. Bu mənzərə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin, Prezident İlham Əliyevin siyasi lider kimi qəbul edilməsinin və ölkəmizlə dialoqa olan yüksək marağın göstəricisidir”.

Bu fikirləri xalqcebhesi.az-a politoloq Tural İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, dövlət başçısının enerji təhlükəsizliyinə həsr olunmuş xüsusi paneldə çıxışı Azərbaycanın Avropanın enerji arxitekturasındakı əhəmiyyətini bir daha ortaya qoydu: “Azərbaycan artıq Avropanın enerji təminatında etibarlı tərəfdaş olmaqla kifayətlənmir, qitənin enerji təhlükəsizliyinin gələcək konturlarının müəyyənləşdirilməsində də mühüm söz sahibinə çevrilir. Prezident İlham Əliyevin bu platformadakı mövqeyi ölkəmizin enerji siyasətinin strateji mahiyyətini və Azərbaycanın beynəlxalq məsuliyyətini aydın şəkildə nümayiş etdirir. Sammitin ən mühüm siyasi nəticələrindən biri Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Bu, Azərbaycanın aparıcı Avropa və Qərb dövlətləri ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə keçməsinin növbəti təsdiqidir. ABŞ, Almaniya və Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan Azərbaycanın bu coğrafiyanı genişləndirməsi xarici siyasətimizin ardıcıl və uğurlu xarakterini göstərir”.

Onun sözlərinə görə, Avropa İttifaqının rəhbərliyi ilə qurulan strateji məzmunlu dialoq, Antonio Koştanın və Ursula fon der Lyayenin Azərbaycana səfərləri də münasibətlərin yüksək siyasi səviyyəsinin göstəricisidir: “Bütün bunlar Azərbaycanın Avropa üçün əhəmiyyətinin artdığını və Bakı ilə əməkdaşlığın uzunmüddətli strateji perspektiv daşıdığını təsdiqləyir. Əslində, Dublin sammiti Azərbaycanın beynəlxalq münasibətlərdə qazandığı mövqenin növbəti nümayişidir. Prezident İlham Əliyevin təşəbbüsləri, siyasi iradəsi və praqmatik diplomatiyası ölkəmizin tərəfdaşlıq coğrafiyasını genişləndirir. Azərbaycan artıq regional proseslərin iştirakçısı olmaqla kifayətlənmir, daha geniş beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən, maraqları nəzərə alınan və mövqeyi ilə hesablaşılan dövlət kimi çıxış edir. Bu, müstəqil xarici siyasətin, güclü dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun real nəticəsidir”.

Röya İsrafilova