“Azərbaycan proseslərin gündəliyini diqtə edən tərəf kimi çıxış edir” Siyasət

“Azərbaycan proseslərin gündəliyini diqtə edən tərəf kimi çıxış edir”

“2026-cı il noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı Cənubi Qafqazda postmünaqişə dövrünün reallıqlarının Avropa təhlükəsizlik arxitekturası və qlobal logistika zəncirləri ilə uzlaşdırılması baxımından mühüm siyasi platforma olub. Sammit çərçivəsində Azərbaycan və Ermənistan arasında birbaşa təmasların baş tutması sülh prosesində ikitərəfli dialoqun əhəmiyyətini bir daha ön plana çıxarıb”.

Bu barədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan-Ermənistan sülh gündəliyi artıq kənar vasitəçilərin irəli sürdüyü ssenarilər əsasında deyil, ikitərəfli razılaşmalar və 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Birgə Bəyannaməsinin yaratdığı yeni siyasi-hüquqi reallıqlar çərçivəsində inkişaf edir:

“Avropa Siyasi Birliyi kimi 40-dan çox dövlət və hökumət başçısını birləşdirən platformada Bakı ilə İrəvan arasında birbaşa dialoqun baş tutması ikitərəfli formatın legitimliyini Avropa miqyasında möhkəmləndirir. Eyni zamanda, sammitdə enerji təhlükəsizliyi və kommunikasiyaların şaxələndirilməsi məsələlərinin müzakirəsi Cənubi Qafqazda davamlı sabitliyin Avropa üçün strateji əhəmiyyətini bir daha təsdiqləyir”.

B.Məhərrəmov qeyd edib ki, sammit çərçivəsində Azərbaycanın milli maraqları baxımından bir sıra məsələlər xüsusi əhəmiyyət daşıyır. Onlardan biri yekun sülh müqaviləsinin imzalanması üçün fundamental hüquqi şərt olan Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır.

Deputat vurğulayıb ki, beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin ön plana çəkilməsi Azərbaycanın haqlı mövqeyini gücləndirir.

Onun sözlərinə görə, digər mühüm məsələ Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılmasıdır: “Bu istiqamətdə aparılan müzakirələr Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz tranzit bağlantısının təmin olunması strategiyasının beynəlxalq gündəlikdə mühüm yer tutduğunu göstərir”.

B.Məhərrəmov transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılması və ekoloji əməkdaşlıq məsələlərinin də əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu istiqamətdə əməkdaşlıq Azərbaycanın uzun müddətdir Ermənistanın dağ-mədən sənayesinin Oxçuçay və Araz çaylarını çirkləndirməsi ilə bağlı qaldırdığı ekoloji məsələlərin praktiki həlli üçün imkan yarada bilər.

Deputat ötən ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana 105 min ton yükün tranzit daşınmasının müsbət hal kimi qeyd olunmasını da diqqətə çatdırıb. Onun fikrincə, bu fakt Azərbaycanın regional iqtisadi inteqrasiyada tranzit qovşağı rolunu və sülhə yönəlmiş təşəbbüslərini nümayiş etdirir.

B.Məhərrəmov bütün bu proseslərin mərkəzində Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən lider mövqeyinin dayandığını bildirib. Onun sözlərinə görə, dövlət başçısı postmünaqişə dövründə Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları diplomatik müstəvidə hüquqi və siyasi nəticələrə çevirir.

Deputat qeyd edib ki, Dublində keçirilən dəyirmi masa və ikitərəfli görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Yunanıstan və İtaliya istiqamətində qaz ötürücü gücünün 11,2 milyard kubmetrə çatdırılması, eləcə də ölkəmizin Şərq-Qərb nəqliyyat dəhlizindəki strateji mövqeyi Avropa liderlərinin diqqətində olub.

“Prezident İlham Əliyevin balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir. Məhz bu siyasi iradə sayəsində Azərbaycan heç bir kənar təzyiqə boyun əymədən, prinsipial mövqeyindən geri çəkilmədən həm ikitərəfli danışıqlarda, həm də Avropa Siyasi Birliyi kimi beynəlxalq platformalarda proseslərin gündəliyini müəyyənləşdirən tərəf kimi çıxış edir. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təmin olunmasında əsas rol oynayır”, - deyə deputat bildirib.

Günel Elxan