“Siyasi dialoq konkret iqtisadi layihələrə çevrilməlidir” İqtisadiyyat

“Siyasi dialoq konkret iqtisadi layihələrə çevrilməlidir”

“Dublin Sammiti çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Avropa üçün təkcə enerji təchizatçısı deyil, həm də Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika mərkəzidir”.

Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırkı geosiyasi şəraitdə Avropa ölkələri enerji mənbələrini və təchizat marşrutlarını şaxələndirməyə çalışırlar. Bu baxımdan Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənir.

İqtisadçı qeyd edib ki, enerji təhlükəsizliyi Azərbaycan-Avropa əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalacaq. Azərbaycanın Avropaya təbii qaz ixracını genişləndirməklə yanaşı, bərpa olunan enerji sahəsində də böyük potensiala malik olduğunu vurğulayıb:

“Xüsusilə Xəzər dənizinin külək enerjisi imkanlarından istifadə edilməsi, günəş və külək elektrik stansiyalarının tikintisi, gələcəkdə yaşıl enerjinin Avropaya ötürülməsi yeni investisiya imkanları yarada bilər. Bu istiqamətdə Avropa şirkətlərinin Azərbaycana sərmayə qoyması həm ölkəmizin enerji sektorunun şaxələndirilməsinə, həm də qeyri-neft iqtisadiyyatının inkişafına töhfə verər”.

A.Nəsirli Orta Dəhlizin də Azərbaycan-Avropa iqtisadi əməkdaşlığının strateji istiqamətlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, bu marşrut Avropa ilə Asiya arasında yükdaşımaların daha sürətli və alternativ istiqamətdə həyata keçirilməsi üçün mühüm imkanlar yaradır:

“Azərbaycanın dəmir yolları, liman infrastrukturu, logistika mərkəzləri və gömrük sisteminin təkmilləşdirilməsi ölkəmizin tranzit gəlirlərini artıra bilər. Eyni zamanda, beynəlxalq şirkətlərin nəqliyyat və logistika infrastrukturuna investisiya yatırmaq marağını gücləndirər”.

İqtisadçı hesab edir ki, qarşıdakı dövrdə Azərbaycan-Avropa İttifaqı münasibətlərində əsas məsələ siyasi dialoqu konkret iqtisadi layihələrə çevirmək olmalıdır. O vurğulayıb ki, enerji, nəqliyyat, logistika, sənaye və yaşıl texnologiyalar sahəsində birgə layihələrin sayının artması əməkdaşlığı daha dayanıqlı edəcək.

“Bu, Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, ölkəyə xarici investisiyaların cəlb edilməsinə və iqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılmasına da xidmət edə bilər”, - deyə A.Nəsirli bildirib.

Günel Elxan