Rəsmi Tehran niyə Qarabağ əleyhinə qərar verdi? Siyasət

Rəsmi Tehran niyə Qarabağ əleyhinə qərar verdi?

13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir" adlı beynəlxalq konfrans ləğv edilib. Buna səbəb Ermənistan Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın cəhdləri olub. Belə ki, konfransın baş tutacağını öyrənən Ermənistan tərəfi İranın dövlət rəhbərliyi ilə dərhal təmasa keçib və narahatlığını ifadə edib. Bundan sonra İran rəhbərliyi konfransın ləğv ediləcəyini açıqlayıb. Konfransda Rusiya, Gürcüstan və Livandan olan bəzi islam təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdu. Məlum olduğu kimi İranla Azərbaycan arasında yüksək iqtisadi-siyasi əməkdaşlıq mövcuddur. Əlbəttə ki, rəsmi Tehranın xalqımızın həssas yanaşdığı Qarabağ mövzusunda belə bir qərar verməsi təəssüf doğurmaya bilməz. Həmçinin, İran rəsmiləri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Qeyd edək ki, "Qarabağ İslam bölgəsidir" adlı konfransın məqsədi dünyadakı bütün azərbaycanlıları Qarabağın azad edilməsi üçün bir araya toplamaq, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həll prosesində İslam ölkələrinin iştirakını və dəstəyini almaq idi.
İranın bu qərarını İslam prinsiplərinə zidd adlandıran millət vəkili Fazil Mustafa deyib ki, rəsmi Tehran dəfələrlə Ermənistanla həmrəylik nümayiş etdirib: "İran Azərbaycanla qonşu və müsəlman ölkə kimi daha yaxın əməkdaşlıq etmək istəyirsə, bu siyasətdən mütləq uzaqlaşmalıdır. Bu fikirlər Azərbaycanın siyasi sferasında dəfərlərlə səsləndirilib. Çünki İranın Azərbaycanla bağlı apardığı siyasət İslam prinsiplərinə tamamilə ziddir. Müsəlman qardaşlarının torpaqlarını işğal edən qüvvələrlə həmrəy olmaq yaxşı hal deyil. Xüsusilə, İran Qarabağ məsələsində "Biz Azərbaycanın ərazi bütövlüyünü səmimiyyətlə dəstəkləyirik", -deyə bəyanatlar verib. Əgər elədirsə, icazə verin, konfrans da keçirilsin, fikirlər də səsləndirilsin. Burada İran dövləti üçün təhlükəli nə ola bilər ki? Konfransın ləğv edilməsi nə demokratiyaya, nə də ki, müsəlmanlığa uyğul olmayan davranışdır".Fazil Mustafa bildirib ki, İran bu siyasətdən əl çəkməlidir: "İran, gerçək səmimi İslam prinsiplərinə uyğun dövlət olduğunu iddia edirsə, müsəlman qardaşlarına qarşı həssaslığını ortaya qoymalıdır". Millət vəkili, İranın bu qərarının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, İran "Qarabağ İslam bölgəsidir" adlı beynəlxalq konfransı ləğv etməklə Ermənistana daha çox dəyər verdiyini göstərir: "İran düşünür ki, Ermənistan onun üçün daha vacib və dəyərli dövlətdir. Çünki Ermənistan vasitəsi ilə müəyyən dərəcədə xristian ölkələri ilə daha yaxından əlaqə qurduğunu düşünür. İran istəyir ki, erməni lobbisi ilə də yaxından əməkdaşlıq etsin. Çünki erməni lobbisi ABŞ, Fransa və digər Avropa ölkələrində İranın xeyirinə fəaliyyət göstərə bilər".
Vəkil Rövşən Qasımov bildirib ki, son illər İran-Ermənistan münasibətləri yüksələn xətlə inkişaf edir. Təbii ki, İranın Ermənistana qucaq açması üzv olduğu İslam Konfransı Təşkilatının prinsiplərinə və müsəlmançılıq ideoloji xəttinə ziddir. Bunu İran rəsmiləri şürlu şəkildə dərk etsələr də siyasi maraqlar və anti-Azərbaycan siyasəti Ermənistanın maraqlarına qarşı çıxmağa imkan vermir: "Kim nə deyir-desin, İran rəsmilərinin Azərbaycanla dostluq-tərəfdaşlıq əlaqələri barədə bəyanatlarını səmimi saymaq olmur. Çünki Azərbaycanla dost olduğunu iddia edən bir qonşu ölkə, başqa bir qonşunun - Ermənistanın həmin bu "dost ölkə"nin ərazisinin 20 faizini işğalda saxlamasını görməməzliyə vurmazdı. Üstəlik, işğalçıya qucaq açmaz, onu gücləndirməz, ayaqda saxlamazdı". Onun sözlərinə görə, Tehran illərdir təcavüzkar dövlətlə iş birliyini gücləndirir, onunla bütün sahələr üzrə əlaqələri möhkəmləndirir, ilbəil doğmalaşır: "Hamı bilir ki, Tehran İrəvanla iqtisadi-ticari, siyasi-diplomatik sahələrdə əməkdaşlığı ildən-ilə gücləndirir, Türkiyə isə əksinə, "Azərbaycan torpaqları azad edilməyincə və yaxud azad edilməyə başlamayınca" Ermənistanla sərhədlər açılmayacaq" deyir. Eyni şərti illərdir Pakistan dövləti bəyan edir. Halbuki əlahəzrət məntiq bunun tam əksini diktə edir. Həm də o səbəbə ki, Türkiyədən, Pakistandan fərqli olaraq İranda çox böyük, 35 milyonluq bir azərbaycanlı-türk toplumu yaşayır. Bəs təcavüzkar ermənilərə, Şuşa məscidində donuz və heyvan saxlayan işğalçıya müsəlman-şiə İranın, dindaş ölkənin bunca sıcaq münasibəti, təcavüzkarı faktiki bəsləməsi, ona ən kritik vaxtda öz ərazisindən nəfəslik açıb da bu nəfəsliyi sanki Azərbaycanın acığına, problemin ədalətli həllini səbirsizliklə gözləyən 1 milyon müsəlman qaçqının acığına ildən-ilə böyütməsi nə ilə bağlıdır? O hansı dəyərdir, ümmət maraqlarından üstün hansı maraqdır ki, İslam dünyasının favorit ölkə statusuna iddia edən "qardaş və dindaş" İranı, müsəlman İranı, məsələn, müsəlman Pakistan və müsəlman Türkiyədən fərqli olaraq Ermənistanla qardaşlaşdırıb? Cavab belədir: bu dostluq təbii ki, nə ümmət maraqlarından qaynaqlanır, nə də ümumbəşəri dəyərlərdən. Bu, sadəcə, türkün acığına və türk birliyi əleyhinə tarixi fars-erməni dostluğunun davamıdır. Qərbin İrana qarşı sanksiyalarını sərtləşdirdiyi bir vaxtda , bu ölkənin yeganə xristian qonşusu olan Ermənistan İslam Respublikasına tamamilə biganə münasibət göstərir. Siyasi təzyiqlər, eləcə də imkanlarının məhdudluğu səbəbindən dənizə çıxışı olmayan Ermənistan, yalnız bir məqsədlə-mövcud olmaq xətrinə İrana dostluq pərdəsi nümayiş etdirir".
Vəkil bildirib ki, ötən il erməni-fars münasibətləri həddindən artıq məhsuldar olub, belə ki, tərəflər mühüm iqtisadi layihələr həyata keçirmək , eləcə də, sərhəddə SES inşa etmək və s. barədə razılığa gəliblər və bu reallaşır: "Bu maraqların əsas xarakteri qarşıqlıq əsasında qurulmasıdır. Yəni İran və Ermənistanı daha çox üçüncü ölkələrlə münasibətləri birləşdirir. Hər şeydən öncə, bu iki ölkənin Azərbaycanla bağlı maraqları üst-üstə düşməkdədir. Bu maraqlar həm Ermənistan, həm də İran tərəfindən "həyati dərəcədə" əhəmiyyətli maraq kimi qiymətləndirilir. Həm Ermənistan, həm də İran müstəqil və ərazi bütövlüyünə sahib Azərbaycan dövlətinin varlığı ilə razılaşmırlar ki, bu hal xoşməramlı qonşuluq münasibətləri ilə uyğun gəlmədiyi kimi, müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərinə də tamamən ziddir. Ermənistan, ərazilərini işğal etdiyi Azərbaycanla savaş halındadır və bu çərçivədə zəif bir Azərbaycan rəsmi Yerevanın əsas öncəliyidir. İran üçün də bölgədə güclü Azərbaycan ən azı "ciddi narahatlıq mənbəyidir". Lakin bütün bunlara baxmayaraq Ermənist dərk etməlidir ki, problemlərinin çoxu yalnız Azərbaycana və ümumilikdə türk dünyasına aqressiyasından əl çəkəcəyi təqdirdə həllini tapa bilər.Yalnız işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək Ermənistana regional layihələrdə iştirak etmək imkanı yaradacaq və ölkədə həyat səviyyəsi yüksələcək".