İlham Əliyevlə Nikol Paşinyan arasında mühüm müzakirə Siyasət

İlham Əliyevlə Nikol Paşinyan arasında mühüm müzakirə

Girovlar "hamının hamıya" prinsipi əsasında dəyişdirilməli, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır

MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi Zirvə toplantısında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti oldu. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparıldı. Nəzərə almaq lazımdır ki, bu iki amil bir-biri ilə sıx şəkildə bağlıdır və biri-digərini tamamlayacaq şəkildə davam etdirilməlidir.
Bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.
Hikmət Hacıyev qeyd edib ki, son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur: "Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Qəti mövqeyimiz ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də dövlət başçıları səviyyəsində status-kvonun dəyişdirilməsinin vacibliyini dəfələrlə vurğulayıblar. Münaqişənin həlli üzrə danışıqlar nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır".
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunduğunu bildirib.
PA rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, "hamının hamıya" prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır: "Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.
Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Azərbaycana qaytarılması məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və digər tərəfmüqabilləri ilə görüşlərdə hər dəfə qaldırır.
Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır".