“Mitinq vasitəsilə Paşinyan devriləcək” Siyasət

“Mitinq vasitəsilə Paşinyan devriləcək”

"Ermənistanda növbədənkənar parlament seçkiləri bir sıra parametrləri ilə kifayət qədər diqqəti çəkir. İlk növbədə əhalinin yarıdan çoxu seçkidə iştirak etmədi. Xalq Paşinyanı dəstəkləmədi". Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, seçici fəallığının az olmasını Nikol Paşinyan və tərəfdarları daha çox hava şəraiti ilə izah etdilər: "Seçicinin sayının az olmasına hava şəraitindən daha çox 2 amil təsir etdi. Birincisi, seçki rüşvətinin olmaması ehtimalı. Əhali seçkidə rüşvətdən imtina etməyə hazır idi. Amma əvəzində başqa yerdən gəlir əldə etməli idi. Paşinyanın 7 aylıq hakimiyyəti dövründə əhalinin gəliri də artmadı, gündəlik tələbat və ərzaq məhsullarının qiyməti azalmadı, əksinə artdı. İkinsi amil isə Ermənistan polisinin rəisi V.Osipyanın general olmaq yanğısı. Məhz general edəcəyi adı ilə N.Paşinyan V.Osipyanı aldadıb və o da bütün qanunsuzluqlara da gedir. Seçki günü əhalinin böyük əksəriyyəti polisin şantajından qorxdu. Polis istənilən vətəndaşı saxlayıb ondan hansısa bir siyasi blokun, siyasətçinin əleyhinə izah tələb etmək hüququna malikdir. Guya filan blok bu vətəndaşa səsinə görə pul təklif edib və vətəndaş da bunu təsdiq etməlidir. Təsdiq etməyəcəyi təqdirdə polisin bütün "mexanizmləri" onun üzərində sınaqdan keçiriləcəkdir".
Politoloq qeyd edib ki, seçkiyə müdaxilə və ya rejissuranın əlamətləri üzdədir: "Ermənistanı tanıyanlar bilirlər ki, "İşıqlı Ermənistan" partiyası heç vaxt 3-cü ola bilməz. Məhz N.Paşinyana görə "İşıqlı Ermənistan"nın da daxil olduğu "Çıxış" bloku 3 yerə bölünüb. Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası, Aram Sərkisyanın rəhbərlik etdiyi "Biz" bloku və "İşıqlı Ermənistan" partiyası. 7 ay ərzində 2 addıma, 3 hissəyə bölünən partiyanın üçüncü olması yalnız və yalnız müdaxilə nəticəsində mümkündür. Bundan başqa, seçki kifayət qədər demokratik pozuntularla baş tutdu. Paşinyan seçkidən sonra da inqilabın davam edəcəyini bəyan etdi. Paşinyan "xalq bizə səs verməsə, lal-dinməzcə gedəcəyik" vədini unutdu və hakimiyyəti davam etdirəcək. Hakimiyyətinin ömrü linc olanadək davam edəcəkdir. Prodüseri və rejissoru olduğu teatrlaşmış səhnə N.Paşinyanın tükəndiyini sübut etdi. Qarşıda 2 perspektiv var. Əhali seçkilərdə pul qazanmağa meylini gücləndirməlidir. Bu halda Robert Köçəryanın təyin etdiyi mitinqlər artıq güclənmiş formada keçiriləcək. Mitinq vasitəsilə N.Paşinyan devriləcək. Digər tərəfdən mitinq eyforiyası davam edərsə o zaman bu eyforiya artıq "Sasna srer"in əlində olacaq. Hər iki halda Nikol Paşinyanı yaxşı tale gözləmir. N.Paşinyanın linçdən özünü qorumaq şansı bu gün 50/50-dir".