“Prezidentin önəmli mesajlarından biri....” Siyasət

“Prezidentin önəmli mesajlarından biri....”

Aydın Quliyev: "Suveren hüquqlarımızdan istifadənin heç vaxt güzəşt edilməyəcəyi ilə bağlıdır"

Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev ömnəmli mesajlar verdi. Dövlət başçısı bildirdi ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır: "Son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb. Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib istifadəyə verilib. Bütün köçkün ailələri normal şəraitlə təmin olunacaqlar. Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır - tezliklə öz doğma torpağına qayıtsın. İşğal altında olan bütün torpaqlar azad ediləndən sonra orada şəhərlər, kəndlər yenidən qurulacaq...". Dövlət başçısı əlavə edib ki, Ermənistanın işğalçılıq siyasəti onları ağır vəziyyətdə qoyub: "Ermənistanda iqtisadi vəziyyət çox ağırdır. Ermənistanda baş vermiş hadisələrin əsas səbəbi səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Ancaq Azərbaycan ilə münasibətləri normallaşdırandan, torpaqlarımızın azad edilməsindən sonra Ermənistanda iqtisadi inkişaf ola bilər. 2016-cı ilin aprelində Azərbaycan ordusun qazandığı hərbi qələbələr Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynamışdır. Ümid edirik ki, 2019-cu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla bərpası bizim suveren hüququmuzdur...".
Ekspertlər dövlət başçısının verdiyi mesajları dəyərləndiriblər.
"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəxsi həyatının əlamətdar günü olan 24 dekabrı həssas sosial təbəqə sayılan məcburi köçkünlərin arasında və əhəmiyyətli sosial obyektlərin təqdimatında keçirmək ənənəsinə bu dəfə də sadiq qaldı. Onun sözlərinə görə, çoxlu sayda məcburi köçkün ailəsinin hər cür yaşayış şəraitinə malik yeni mənzillərlə təmin olunması dövlətimizin iqtisadi inkişaf gücünü nümayiş etdirməklə bərabər həm də onu göstərir ki, Prezident dövlətimizin Konstitusiyada əks olunmuş sosial dövlətçilik prinsipinin dönmədən həyata keçirilməsində möhkəm iradə sahibidir: "Elə bunun nəticəsidir ki, məcburi köçkünlərin, əlillərin, veteranların və digər aztəminatlı sosial qrupların həyat və mənzil şəraitləri durmadan yaxşılaşdırılır və bu proses birmənalı şəkildə cənab Prezidentin rəhbərliyi və iradəsi altında aparılır. Azərbaycanda sosial siyasətin mühüm əlamətlərindən biri bu prosesə özəl sektorun çox fəal şəkildə cəlb olunmasından ibarətdir. Bu, cənab Prezidentin ölkədə özəl sektorun sosial məsuliyyətinin artırılması istiqamətində ardıcıl həyata keçirdiyi metodik izahat işinin və tövsiyələrin nəticəsidir".
A.Quliyev qeyd edib ki, məcburi köçkünlərin mənzil şəraitinin davamlı olaraq yaxşılaşdırılması ilk növbədə humanist məzmunlu ənənəvi addım kimi diqqəti cəlb edir: "Belə ki, erməni təcavüzünün birbaşa qurbanları olan bu insanlar normal yaşayışlarını, ev-eşiklərini və rahatlıqlarını itirdikləri üçün dövlət qayğısına layiqdirlər və bunu zamanında layiqli şəkildə alırlar. Azərbaycanın dövlətçilik imkanları və şəxsən Prezidentin iradə sahibi olması onu deməyə əsas verir ki, proses sonadək davam edəcək, məcburi köçkünlərin hamısı bir nəfər kimi müasir mənzillərlə təmin ediləcək. Artıq 300 minə yaxın köçkünün mənzillə təmin olunması prosesinin cəmiyyətimizə və bütün dünyaya ən ümdə mesajlarından biri budur. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğı, demək olar, hər guşəsində qaçqın probleminin yaşandığı dünyaya bir nümunədir".
Ekspert vurğulayıb ki, Prezident Əliyev Azərbaycanda aztəminatlı insanları heç vaxt tək qoymayacaq: "Məcburi köçkünlər qarşısında cənab Prezidentin dünyaya verdiyi önəmli mesajlardan biri ərazi bütövlüyümüzün bərpası üçün suveren hüquqlarımızdan istifadənin heç vaxt güzəşt edilməyəcəyi ilə bağlıdır. Bu mənada Ermənistanın yeni rəhbərliyinə edilən növbəti xatırlatmaların xüsusi əhəmiyyəti var. Bir daha bəyan edildi ki, Ermənistanın iqtisadi fəlakətlərinin səbəbi Azərbaycana etdiyi təcavüzdür, regional təcriddən çıxmadan Ermənistanın iqtisadi inkişafı mümkünsüzdür, regional təcriddən çıxmağın yeganə yolu isə Azərbaycanın ərazi bütovlüyünə hörmət etməkdir".
A.Quliyev əlavə edib ki, Azərbaycan Prezidenti əslində Ermənistanın yeni rəhbərliyinə bu böyük həqiqətləri başa düşmək üçün növbəti dəfə şans verdi: "Onları başa salmaq istədi ki, Azərbaycana qarşı təcavüz siyasətinə son verilməsə hansı yolla hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanın yeni rəhbərliyi Sarkisyan xuntasının iflas taleyini yaşamaqdan sığorta edilə bilməyəcək. Nəinki Azərbaycanda, hətta Ermənistanın özündə bu gün dərk edənlər kifayət qədərdir ki, Sarkisyan xuntasının biabırçı iflası məhz Azərbaycanın apardığı uğurlu təcrid siyasətinin nəticəsi olaraq ortaya çıxdı. Bu mənada cənab Prezidentin Ermənistan hakimiyyətinə ən yeni mesajlarını Azərbaycanın hazırkı siyasətdən dönməyəcəyinin qəti ifadəsi kimi qəbul etmək lazımdır. Eyni zamanda, Ermənistan hakimiyyətinin mövqelərini sarsıtmaq üçün bu mesajların çox təsirli ideoloji roluna lazımi dəyəri vermək lazımdır. Bir sözlə, dövlətin sosial layihələri böyük nəticələr verdikcə Azərbaycan dövlətinin daxili gücü daha da artır və müqayisə ilə Ermənistandan çox üstün perspektivli dövlətçiliyə malik olduğunu nümayiş etdirir".
Millət vəklili Musa Quliyev deyib ki, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrə qayğı Azərbaycan Prezidenti İlham Əliyevin daxili siyasətində prioritet istiqamətdir.Onun fikrincə, sosial müdafiəsi təmin olunan kateqoriya içərisində qaçqın və məcburi köçkün bacı-qardaşlarımıza cənab Prezidentin xüsusi diqqəti hiss olunur: "Ölkə başçısı onlara həmişə diqqətlə yanaşır. Təsadüfi deyil ki, Prezident öz doğum günlərini, hətta 50 illik yubileyini məcburi köçkünlərlə bir yerdə keçirdi, onları sevindirdi, evlərində oturub bir stəkan çay içdi. Bunlar hamısı ölkə başçısının qayğıya ehtiyacı olan vətəndaşa diqqətinin bariz ifadəsidir".
Onun sözlərinə görə, dünən də Azərbaycan prezidenti öz doğum günündə Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edərək, o insanlarla bir yerdə oldu: "O insanlara mənzillər verilməsi ikiqat bayram idi. Cənab Prezidentin onların qarşısında etdiyi çıxış insanlarımıza böyük ümid və təskinlik verir ki, nəyin bahasına olursa olsun, Ali Baş Komandanın rəhbərliyi altında öz torpaqlarımıza qayıdacağıq. Nəinki Dağlıq Qarabağ və ətrafındakı torpaqlarda məskunlaşacağıq, gec-tez indi Ermənistan deyilən qədim Azərbaycana dönəcəyik. Ölkə başçısının dedikləri sadəcə, ümid verən sözlər deyil, həm də bunun arxasında böyük iradə və məsuliyyət durur, görülən işlər dayanır".
Musa Quliyev xatırladıb ki, növbəti müddətə prezident seçiləndən sonra İlham Əliyevin verdiyi ilk fərman məhz bu kateqoriyadan olan insanlarla bağlı olub: "Şəhid olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat dəyərində birdəfəlik ödəniş barədə qərar dəqiq qayğının ifadəsi idi". Deputat indiyədək təxminən 290 minə yaxın məcburi köçkünün hər cür şəraiti olan mənzillərlə təmin olduğunu vurğulayıb: "Yüzdən çox şəhərciklər salınıb, həmin şəhərciklər sadəcə, evlərdən ibarət deyil, orada hər cür infrastruktur yaradılıb, xəstəxana, mədəniyyət evi, məktəb, uşaq bağçası fəaliyyət göstərir. Bu qayğı gələn illərdə də davam edəcək, yeni mənzillər tikiləcək, yaşayış məntəqələri salınacaq, inşallah, torpaqlarımız azad edildikdən sonra həmin torpaqların bərpası prosesi gedəcək".
Siyasi-şərhçi Arzu Nağıyev deyib ki, Ermənistan iqtisadi, siyasi, və hərbi cəhətdən tənəzzülə uğramış vəziyyətdədir: "Artıq bu ölkənin rəhbərliyi bunu anlamaq məcburiyyətindədir". Onun sözlərinə görə, Ermənistanın KTMT-yə üzv olan ölkə olmasına baxmayaraq, bu üzvlərin də hər birinin rəhbərləri Azərbaycanla normal münasibət bəsləməklə bağlı tövsiyələrini verirlər: "Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Abşeron rayonunda məcburi köçkünlər üçün salınana yeni yaşayış kompleksinin açılışı zamanı etdiyi nitqdə də bu məqama toxunaraq söylədi ki, Ermənistanda baş verənlərin əsas səbəbi səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır və bu ölkədə iqtisadi vəziyyət yalnız Azərbaycanla münasibətləri normallaşdırandan sonra inkişaf edə bilər".
Siyasi şərhçi vurğulayıb ki, Ermənistan vətəndaşları, eləcə də, erməni siyasətçiləri məhz problemləri qabardaraq Paşinyanı normal siyasətə dəvət edirlər: "Bundan başqa ABŞ prezidentinin müşaviri Con Bolton da çıxışlarında söyləyib ki, Ermənistan tarixə varmadan heç bir irəliləyiş əldə edə bilməz. Əgər o tarixdə saxtakarlıq, problemlər varsa o zaman bu ölkədə problemlərin də daha da geniş vüsət almasına imkanlar açılır".
O qeyd edib ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində kuliminasiya nöqtəsi olmalıdır: " Ötən gün Azərbaycan Prezidenti də öz nitqində bu məsələyə toxunaraq bir daha bəyan etdi ki, Ermənistan problemin həllinə dair addım atmalıdır. Əks halda, bu ölkə indikindən də ağır vəziyyətə düşə bilər".

Əli