“Ermənilərin tarixdə heç vaxt dövləti olmayıb” Siyasət

“Ermənilərin tarixdə heç vaxt dövləti olmayıb”

Fikrət Sadıqov:"Onlar qaraçılar kimi bütün dünyaya səpələnmiş bir etnosdur"


"Bildiyiniz kimi, ermənilərin tarixdə heç vaxt dövləti olmayıb. Onlar qaraçılar kimi bütün dünyaya səpələnmiş bir etnosdur. Bununla belə onlar məskunlaşdıqları ölkələrin cəmiyyətlərinə yaxşı inteqrasiya etmək qabiliyyətinə malikdirlər. Görünür, bu onların milli xüsusiyyətidir. Onlar inteqrasiya üçün lazım olan mümkün vasitələrin hamısından istifadə edərək bütün strukturlara daxil olmağı bacarırlar". Bu fikirləri politoloq Fikrət Sadıqov səsləndirib. Onun fikrincə, Fransa cəmiyyəti, onun dövlət və özəl sektoru da bu mənada istisna deyil: "Ermənilər hazırda Fransanın bir sıra siyasi, iqtisadi, mədəni sahələrində çox yüksək səviyyədə təmsil olunublar. Nəinki təmsil olunublar, bir sıra qərarların qəbul olunmasına təsir və təzyiq göstərə bilirlər. Çünki onların arasında zəngin erməni dairələri də az deyil. Bu amil də öz-özlüyündə bir sıra qətnamələrin, qərarların qəbul olunması üçün çox yaxşı imkanlar yaradır".
Politoloq əlavə edib ki, Makron Fransadakı ənənəvi partiyaların heç birinin nümayəndəsi deyil: "O, ənənəvi partiyaların nümayəndəsi olmadığı üçün seçki kampaniyası zamanı bir sıra zəngin dairələrə arxalanırdı. Onların arasında erməni maliyyə dairələri də var. Makronun prezident seçilməsində erməni maliyyə dairələri aparıcı rol oynayıb. Bu bir reallıqdır. Təsadüfi deyil ki, Makronu hətta "zənginlərin prezidenti" adlandırırlar. Çünki o faktiki olaraq bank dairələrinin, zəngin maliyyə qruplaşmalarının, o cümlədən varlı erməni diasporunun vasitəsilə dövlət başçısı seçilib. Bu, öz-özlüyündə çox mühüm bir göstəricidir. Görünür, Makron onlara olan borcunu yerinə yetirmək məcburiyyətindədir.
Amma eyni zamanda onun ermənilərə müəyyən sevgi-məhəbbəti də nümayiş olunur. Makronun 2018-ci il oktyabrın 11-12-də Beynəlxalq Frankofoniya Təşkilatının İrəvanda keçirilən sammitində iştirakı, orada rəqs etməsi, ermənilərin ünvanına çoxlu xoş sözlər deməsi və sair nüanslar sübut edir ki, bu insan erməni dairələri ilə çox sıx bağlıdır. Makronun siyasi təcrübəsizliyi ona yaranmış indiki vəziyyətdə heç olmasa müəyyən balans saxlamağa imkan vermir. O ermənilərə elə bağlıdır ki... Sadəcə olaraq dərk etmir ki, onun qondarma soyqırımı məsələsinə birtərəfli qaydada yanaşması dünya siyasətində aparıcı dövlət olan Türkiyə ilə münasibətləri düşmənçilik həddinə gətirməyə xidmət edir. Görünür, təcrübəsiz siyasətçi kimi o bu reallığı tam mənada anlamır.
Digər tərəfdən Makronun ölkə daxilində həqiqətən də çoxlu problemləri var. "Sarı jiletlilər" hərəkatı – kütləvi xarakter daşıyan bu etirazlar təkcə Parisi deyil, bütün Fransanı bürüyüb. Bu hadisələrə görə çoxlu həbs olunanlar var, xəsarət alanlar da az deyil. İqtisadi tələbələr artıq siyasi tələblərə çevrilir. Doğrudan da Makron bu problemlərin həlli ilə məşğul olmaq əvəzinə tarixçilərin məşğul olmalı olduğu işlə məşğul olur. Bu isə çox böyük təəccüb doğurur. Görünür, burda da məqsəd diqqəti əsas məsələdən yayındırmaqdır".
Onun sözlərinə görə, Fransa həqiqətən də de Qollun dövründən müstəqil siyasət yürütməyə və xarici siyasətini ABŞ-la bağlamamağa çalışır: "Amma Makron de Qoll deyil. Şarl de Qoll böyük siyasətçi, dövlət xadimi idi. Onun çox güclü xarici siyasəti var idi. Daxildə də müəyyən nüansları nəzərə alan bir dövlət başçısı idi. Makron onun yanında kimdir ki, ABŞ-la nəsə oyun oynasın?! ABŞ öz siyasətini onsuz da həyata keçirəcək və Makronun heç bir addımı Vaşinqtonun xarici siyasətinə heç bir formada təsir etməyəcək. Mən Makronun son addımını bununla əlaqələndirməzdim. Türkiyə bu məsələyə çox sərt reaksiya verib və öz sözünü deyib. Təbii ki, bu addımın atılmasından sonra Ankara-Paris münasibətləri daha da gərginləşəcək. Bu, birmənalıdır. Çünki onsuz da bu münasibətlər sadə münasibətlər deyildi. İndi isə münasibətlər daha da gərginləşəcək. Mən düşünürəm ki, Makronun arxasında dayanan qüvvələr Türkiyənin Avropa İttifaqına daxil olmasını əleyhinə böyük, yağlı bir nöqtə qoymaq fikrindədirlər. Yəni, bu da müvafiq istiqamətdə atılan bir addımdır. Onlar bununla Türkiyənin Avropa İttifaqına daxil olmaq istəyi qarşısında daha bir sədd çəkir, problem yaradırlar. Onlar istəyirlər ki, Türkiyə bu istiqamətdə heç çalışmasın, heç bunu istək kimi də dilinə gətirməsin. Onlar hesab edirlər ki, Türkiyəni bu vəziyyətdə saxlamaqla onun bütün yollarını bağlayacaqlar. Bu da əlbəttə, anti-türk siyasətinin göstəricisidir. Təəssüflə qeyd etməliyik ki, bu təkcə Makronun yox, Fransadakı bir sıra digər dairələrin də mövqeyidir. Bir sıra digər Avropa ölkələrinin də bununla bağlı mövqeyi Parisin mövqeyi ilə üst-üstə düşür".