“Prezident Azərbaycan mediasına inanır” Siyasət

“Prezident Azərbaycan mediasına inanır”

Aydın Quliyev: "Prezidentin əməkdaşlıq prinsiplərinin Azərbaycanın dövlət mənafeləri üzərində qurulduğunu görürük"

Prezident İlham əliyev REAL Televiziyasına verdiyi müsahibəsində bir çox məsələlərə toxunub. Dövlət başçısı islahatların davamlı olacağını diqqətə çatdırıb və 2019-cu ildə yeni mərhələnin başlayacağını önə çəkib. Bundan başqa Dağlıq Qarabağ məsələsi, media və bir sıra məsələlərdən danışan dövlət başçısı önəmli mesajlar verib.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycan mediası ilə əməkdaşlığa önəm verdiyini və bu əməkdaşlığın Onun üçün çox dəyərli olduğunu bir daha göstərdi: "Jurnalistlər üçün qürurverici olmalıdır ki, ölkənin prezidenti idarəçilikdə medianı sözün həqiqi mənasında özünün səmərəli əməkdaşı kimi görür, ona güvənir və daha ədalətli idarəçilik naminə medianın xəbərlərinə etimad göstərir". O bildirib ki, Prezidentin müsahibəsi zamanı medianın ölkənin həyatında önəmli rol oynadığına, bu rolun gələcəkdə daha da güclənəcəyinə inandığını bildirməsi çox dəyərlidir: "Daha dəqiq yanaşsaq prezidentin ölkə mediası və xarici media ilə əməkdaşlıqları bir-birini tamamlayan məsələdir. Belə ki, hər iki halda Prezidentin əməkdaşlıq prinsiplərinin Azərbaycanın dövlət mənafeləri üzərində qurulduğunu görürük. Prezident Azərbaycan mediasına inanır, xarici medianın imkanlarına isə dövlətimiz barədə qərəzli yanaşmaları neytrallaşdırmağın tutarlı üsulu kimi baxır".
A.Quliyev söyləyib ki, dövlət başçısının fikirlərində, eyni zamanda, Azərbaycan mediasının daha obyektiv olmasına çağırış məqamları da var: "Belə ki, əgər dövlət başçısı öz işində medianın xəbərlərinə istinad etdiyini açıq deyirsə, deməli media daha obyektiv və ədalətli olmalıdır ki, Prezident daha dəqiq qənaətlərə gələ bilsin. Azərbaycan mediası ilə Prezidentin səmərəli əməkdaşlığının möhkəm özülü buradadır".
Baş redaktor qeyd edib ki, Prezident mediadan mötəbər xəbərlər aldığı kimi bu müsahibəsində özü də media mənsublarına çox dəyərli təhlil və düşüncə materialları verdi: "Jurnalistləri düşündürən bütün məsələlər cavablandırıldı. Eyni zamanda, jurnalist təhlilləri ilə xalqımıza izah və şərhlərlə çatdırılmalı olan məqamlar açıqlandı".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsi bir çox mühüm cəhətləri ilə yadda qaldı: "Hər şeydən öncə müasir dövrdə beynəlxalq münasibətlərin real vəziyyəti və bu vəziyyətdə beynəlxalq münasibətlərin iştirakçısı olan milli dövlətlərin davranışlarını təhlil edərək bu prosesdə Azərbaycanın yeri və rolu məsələlərinə toxundu. Məhz bu konteksdə media institutu və onun fəaliyyətini önə çəkən Prezident Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində transmilli media resurslarının fəaliyyətini obyektiv qiymətləndirərək onları qlobal informasiya məkanında rəy formalşdıran institusional vahidlər kimi təqdim etdi. Xarici media ilə ünsiyyətin intensiv olmasını da bu məsələ ilə əlaqələndirərək transmilli medianın imkanlarından istifadə etməklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğuladı".
Baş redaktorun sözlərinə görə, ümumiyyətlə milli mətbuatımızı və onun fəaliyyətini bir daha yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, "mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır". Bu fikirlər istər milli mətbuatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi baxımından istərsə də onun gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Bununla yanaşı biz bilirik ki, mətbuat hər bir cəmiyyətdə fikir plüralizimini, söz azadlığını təmin edən ictimai institutlardan biri kimi çıxış edir və əslində bu fikirlər ölkəmizdə söz və mətbuat azadlığının təmin olunmasının, mətbuatın xüsusilə də çap mətbuatının və internet resurslarında mövcud olan müxtəlif yeni mətbu nümunələrin problemlərinin həlli məsələlərinin, jurnalistlərin məişət və sosial problemlərinin bundan sonra da Prezidentin diqqət mərkəzində olacağına işarə idi.
Ümumiyyətlə, Prezident İlham Əliyev öz müsahibəsində hazırki beynəlxalq münasibətlər və onun gücə əsaslanan yeni reallıqlarından tutmuş, ölkəmizin uzun illərdir məhz güc mərkəzinə çevrilməsi üçün həyata keçirdiyi milli strategiyaya qədər eyni zamanda beynəlxalq iqtisadi layihələri uğurla həyata keçirməyimizdən xalq-iqtidar birliyinə qədər, sosial siyasət, aqrar sektorun inkişafı və s. kimi mühüm məsələlərə toxunaraq bundan sonra da islahatların davam etdiriləcəyini diqqətə təqdim etməklə bütün bunları milli maraqlarımızın təmin olunması istiqamətində atılan addımlar kimi xarakterizə etdi".
Millət vəkili Musa Quliyev deyib ki, ən müasir idarətmə sistemi üsulları Azərbaycanda tətbiq olunmaqdadır:"Biz buna misal olaraq ASAN Xidmət modelini, son zamanlar fəaliyyət göstərən DOST, ABAD xidmətlərini, ASAN Kommunal xidmətini və digər innovativ yanaşmaları əhaliyə xidmətin yüksək standartları kimi qəbul edirik. Dünya birliyi də bu cür qəbul edir. Bunların hamısı cənab prezidentin şəxsi təşəbbüsü və öz ideyalarının real məhsuludur".
Millət vəkilinin sözlərinə görə, gənclərə önəm verilməsi, dövlət idarəetməsində onların irəliyə çəkilməsi də tam təbii prosesdir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyanın davamıdır: "Eyni zamanda, onun tərkib hissəsidir. Ümummilli liderimiz gənclərə önəm verirdi. Gənclər Azərbaycanın gələcək qurucularıdır, idarə edənləridir – söyləyirdi. Məhz gənclər gününün təsis olunması, gənclər haqqında qanunun qəbul olunması, Azərbaycan gəncliyi proqramlarının qəbul olunması da ümummilli liderin dövründə baş verib. Həmin siyasət bu gün də cənab prezident tərəfindən uğurla həyata keçirilir. Gənc kadrların vəzifəyə gətirilməsi birinci növbədə idarəetmənin müasirləşdirilməsi, innovativ texnologiyanın tətbiq olunması və Azərbaycanın modernləşdirilməsi xəttinə xidmət edir. Üstəlik, özünün uğurlu nəticələrini verir".
Musa Quliyevin sözlərinə görə, dövlət idarəetməsində çeviklik çox vacib şərtdir: "Onu da deyim ki, hazırda korrupsiya ilə çox çiddi şəkildə mübarizə aparırıq. Korrupsiya ilə aparılan mübarizə çərçivəsində gənc kadrların, xüsusilə dünyanın müxtəlif xarici, aparıcı universitetlərində təhsil almış kadrların vəzifələrə gətirilməsi də çox vacibdir. Artıq sovet sistemindən çıxmış, sovet sistemində təhsil almış, yetişmiş insanlar həm yaşlaşıblar, həm də artıq onlar öz xidmətlərini başa vurmaq ərəfəsindədirlər".
Millət vəkilinin fikrincə, Prezidentin yürütdüyü siyasət çox doğrudur: "Ona görə də biz müasir dövrün gənclərini vəzifələrə təyin etməklə onların üzərinə böyük məsuliyyət qoyuruq. Həmin gənclər də prezidentin etimadını doğrultmaq üçün gecə-gündür çalışmalıdır. Düşünürəm ki, bundan sonra da həmin siyasət davam edəcək. İdarəetmədəki struktur islahatlarında bundan sonra da gəncləşdirmə siyasəti aparılacaq. Müasir texnologiyalar bizim həyatımıza, o cümlədən idarətməyə nüfuz edəcək. Elektron hökumət daha da genişlənəcək. Ölkənin idarə olunmasında, vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsində elektron xidmətlərin müasir kommunikasiya texnologiyalarının tətbiqi daha da geniş şəkildə həyata keçiriləcək".