“Gürcüstan hakimiyyətinin siyasəti ciddi suallar doğurur“ Siyasət

“Gürcüstan hakimiyyətinin siyasəti ciddi suallar doğurur“

"Gürcüstan Rusiyadan qaz almaq istəyir. Gürcüstan hakimiyyətinin iddiası belədir ki, guya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycana satdığı qaz getdikcə bahalaşır. Rəsmi Tbilisi istəyir ki, qazın alınmasını şaxələndirsin. Yəni Gürcüstan qazın alınmasında tamamilə Azərbaycandan asılı olmaq istəmir. SOCAR açıqlama verərək Gürcüstana satdığı qaz tariflərinin ən aşağı səviyyədə olduğunu bildirdi. Yəni SOCAR Gürcüstanda "Azərbaycan qazı bahadır" deyənlərin yalanını ortaya qoydu".
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, son zamanlar Gürcüstan hakimiyyətinin siyasəti Azərbaycanda ciddi suallar doğurur: "Gürcüstan hökumətinin Rusiyadan qaz almaq istəyini keçmiş prezident Mixail Saakaşvili də tənqid edib. Saakaşvili bildirib ki, Gürcüstanın əsl müttəfiqi Azərbaycandır və ən çətin anlarda Gürcüstanın köməyinə məhz Azərbaycan çatıb: "Buna baxmayaraq, Gürcüstanın indiki hakimiyyəti Gürcüstanın torpaqlarını işğal edən Rusiya ilə əməkdaşlığını genişləndirmək istəyir".
Həqiqətən Gürcüstan Rusiyadan geniş həcmdə qaz almağa başlayarsa, həmçinin Abxaziya üzərindən dəmiryolunu açarsa, Tbilisi həm işğalçı, həm torpaqlarının işğalı, həm də separatçılarla barışdığını əyani göstərmiş olacaq. Rusiyaya da elə bu lazımdır".