Dövlət vətəndaşların problemlərini həll etməyə qadirdir Siyasət

Dövlət vətəndaşların problemlərini həll etməyə qadirdir

Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.
Ekspertlər dövlət başçısının imzaladığı fərmanı dəyərləndiriblər.
Millət vəkili Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi. Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmana münasibət bildirən millət vəkilinin sözlərinə görə, əslində son günlərdə imzalanan fərmanların ardınca Azərbaycan Prezidenti yanında sosial problemlərin həlli ilə bağlı keçirilən müşavirədəki anonsdan sonra belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi: "Azərbaycan cəmiyyəti də belə bir qərarı gözləyirdi. Şübhəsiz ki, bu mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi. Problemli kreditlər 1 milyard dollardan çox bir məbləği əhatə edirdi. Onun həll olunması üçün optimal variant tapmaq lazım idi. İmzalanan fərmanla aydın olur ki, onunla vətəndaşlara dəyən az qala bütün zərərin ödənlməsilə bağlı qərar qəbul edilib. Dövlət problemin həllilə bağlı məsuliyyətin və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb".
Millət vəkili bildirib ki, ölkə başçısının bu fərmanı ilə iki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhvə verəcək: "Birinci dövr 2015-ci ilin fevralın 21-nə qədər olan dövrdə götürülən kreditlərin həlli ilə bağlıdır. İkinci dövr isə 2015-ci ilin fevralın 22-dən dekabrın 21-nə qədər olan dövrdə vətəndaşların götürdüyü kreditlərlə bağlıdır. Maksimal hədd 10 min dollar, 17 min manat səviyyəsində müəyyənləşdirilib ki, bu da əslində vətəndaşların gözləntilərindən də çoxdur. Çünki 3-5 min dolları əhatə edəcək məbləğlə bağlı belə bir fərmanın veriləcəyi gözləntisi var idi. Amma cənab Prezident verdiyi fərmanla 10 min dollara qədər olan problemli kreditlərin həllilə bağlı qərar qəbul etdi".
Hikmət Babaoğlunun sözlərinə görə, birinci mərhələdə götürülən hər 1 dollara görə, 0,25 manat ödənşin müəyyənləşdirilməsi əslində devalvasiya nəticəsində olan artımın tamam silinməsi deməkdir: "Fevralın 22-dən dekabrın 21-nə qədər götürülən hər dollar kreditə görə isə 0,6 manat ödənişin müəyyənləşməsilə də anoloji situasiyanın şahidi oluruq. Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi. Bu təkcə problemli kreditlərin həlli məsələsinə dövlətin verdiyi töhvə deyil. Eyni zamanda ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir sərəncamdır. Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan bu ddımı banklarla vəyəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha hiss etdi ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir forsmajor situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var".
Millət vəkili Elman Məmmədov deyib ki, ölkə başçısının söylədiyi kimi, 2019-cu il Azərbaycanın tarixində sosial islahatlarla qalacaq: "Həqiqətən də bu il başlayandan 2 ay ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə imzalanan bütün sənədlər xalqımızın güzəranının daha da yaxşılaşdırmağa xidmət edir". Deputat bildirib ki, xüsusilə də dövlət başçısı tərəfindən problemli kreditlərin həlli istiqamətində imzalanan Fərman vətəndaşların uzun müddətlik probleminin həllində inqilabı addım oldu: "Ölkə başçısının fərmanı ilə vətəndaşlarımız məhkəmə çəkişmələrindən azad olundu, sosial problemlərinə son qoyuldu. Bu kreditlərin nizama salınması borcların ödənilməsi, indeksləşdirmə və digər addımlar həm kredit borcu olanların maddi durumunun yaxşılaşmasına, həm də bank sistemində müəyyən irəliləmələrin inkişafına səbəb olacaq".
Elman Məmmədov söyləyib ki, problemli kreditlərin həlli xırda bizneslər orta sahibkarlıqlar iri sahibkarlıqlarla məşğul olanların da işinə kömək olacaq: "Problemli kreditlərə bağlı verilən qərar göstərdi ki, Prezident bütün kateqoriyadan olan insanların, vətəndaşların qayğıları ilə daim maraqlanır və heç kəs diqqətdən kənarda deyil".
Deputat Jalə Əliyeva bildirib ki, son günlər Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, atılan addımlar vətəndaşlarımızın sosial problemlərinin həlli, daha da yaxşı yaşaması, firavan həyata qovuşması yönündə atılan əhəmiyyətli addımların davamıdır. O bildirib ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində imzalanan sərəncamlardan artıq bütün Azərbaycan vətəndaşları bəhrələnmək imkanı qazanıb: "Ölkədə elə bir insan qalmayıb ki, imzalanan sərəncamlarda nəzərdə tutulan güzəştlərdən yararlanmasın. Qısa zaman kəsiyində şəhid ailələri, müharibə veteranları ilə bağlı mühüm addımlar atıldı, minimum əmək haqları, əmək pensiyaları, təqaüdlər artırıldı". J.Əliyeva söyləyib ki, Prezident İlham Əliyev tərəfindən problemli kreditlərin həlli ilə bağlı imzalanan Fərman inqilabi addımdır: "İndiyədək problemli kreditlərdən bir çox ölkələr əziyyət çəkib ki, bura bölgə ölkələri də daxildir. Bu addımlar Azərbaycan bir çox sahələrdə olduğu kimi bu məsələnin həllində də lider rolunu oynadı". Problemli kreditlərlə bağlı fərmandan 100 minlərlə insanın yararlanacağını deyən deputat qeyd edib ki, bunun nəticəsində ailələrin illərdir ortaya çıxan problemləri tam həllini tapmış oldu: "Bu problemin həlli ailələrin maliyyə vəziyyətinin yaxşılaşması deməkdir. Ümumilikdə götürdükdə isə sosial paketin tərkib hissəsi olaraq son atılan addımlar, imzalanan sərəncamlar dövlətin vətəndaşının yanında olması deməkdir".
Ekspert Zaur Məmmədov isə vurğulayıb ki, Prezident İlham Əliyev növbəti dəfə əhalinin rifahının yaxşılaşmasına yönəlmiş inqilabi fərman imzaladı. Onun sözlərinə görə, bu fərman sosial paketin vacib elementidir, çünki əhalinin kredit borcu probleminin həlli maliyyə yükünü azaltmağa, eləcə də bank sektoruna inamı artırmağa imkan verəcək: "Problemli kreditlər vətəndaşları narahat edən əsas məsələlərdən biri idi. Dövlət başçısının fərmanı bu problemi kökündən həll edir. Bu fakt bankların fəaliyyətində də özünü göstərəcək, çünki həmin fərman müəyyən mənada əhalinin bank sektoruna inamını bərpa edəcək". Zaur Məmmədov əlavə edib ki, Prezident İlham Əliyevin imzaladığı fərman bu problemin hökumətin sosial sahədə keçirilən islahatların tərkib hissəsi kimi diqqət mərkəzində olduğunu göstərir.

Əli