“Kadr dəyişiklikləri ilə yanaşı...” Siyasət

“Kadr dəyişiklikləri ilə yanaşı...”

Millət vəkili: “Struktur dəyişiklikləri haqqında da söhbət açmaq lazımdır”

“Bilirsiniz, nəsillər dəyişir, insanlar dəyişir. Bunlar təbii prosesdir. Biz özümüz də bu fonda cənab prezidentin verdiyi son bir necə çox mühüm, vacib, əhəmiyyətli fərman və sərəncamları görürük, izləyirik, müsbət qiymətləndiririk. Ancaq burada kadr dəyişiklikləri ilə yanaşı, struktur dəyişiklikləri haqqında da söhbət açmaq lazımdır. Çünki islahatlar yalnız insanların, kadrların dəyişdirilməsinə, əvəzlənməsinə yox, o cümlədən, idarəetmənin təşkil olunması ilə bağlı dəyişikliklərin baş verməsinə dəlalət edir”. Bu fikirləri Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov cavablandırıb: “Biz görürük ki, doğurdan da, yeni strukturlar yaranır, yeni metodlar tətbiq edilir, yeni, müasir yanaşmalar baş verir. Bunlar hamısı göz qabağındadır. Belə olan təqdirdə də, təbii ki, bu müasirlik yeni insanları, yeni kadrları da vəzifələrə çəkir, onların məsuliyyətini artırır. Ona görə bu, məntiqli bir prosesdir. Yəni, Azərbaycanda islahatlar müasirləşmə istiqamətində çox məntiqli şəkildə aparılır və bu islahatlar həm struktur, həm də kadr dəyişikliyini tələb edir...”.
Millət vəkili əlavə edib ki, Azərbaycanda daimi sabitlik var və hər hansı, belə demək mümkünsə, destruktiv qüvvələrin hansısa məsələlərə nail olmaq şansı yoxdur. Sadəcə, hər bir cəmiyyətdə olduğu kimi, müxtəlif marginal, destruktiv qüvvələr ictimaiyyətin fikrini başqa səmtə yozmaq, ictimaiyyətə hansısa təsir göstərmək, onu düzgün istiqamətə yönəltməmək cəhdləri göstərirlər. Bu, o qədər də qeyri-adi deyil. Hər bir demokratik cəmiyyətdə müxtəlif fikirlər, mövqelər var. Ancaq ən əsas məsələ odur ki, həmin o destruktiv qüvvələr, bu haqda son brifinqimdə də danışmışam, nəhayət, qanun çərçivəsində hərəkət, qanunun aliliyinə riayət etsinlər. Qanunun aliliyinə riayət etməyənlər qanun çərçivəsindən çıxırlarsa, deməli, qanunun da bütün gücü bu istiqamətdə tətbiq olunmalıdır”.