“Əl Cəzirə” Azərbaycanla bağlı filmlərin yayımını davam etdirir Siyasət

“Əl Cəzirə” Azərbaycanla bağlı filmlərin yayımını davam etdirir

Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Musafir” proqramında yayımı davam edir.
BayMedia.az-ın məlumatına görə, bunu BAMF-ın prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, filmlər, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim ənənələri, yaşam tərzini, turizm potensialını çoxmilyonluq ərəb dünyasına çatdırmaq məqsədi daşıyır:
“Hər biri 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın əksər regionlarını əhatə edir. 20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan “Əl Cəzirə”nin “Musafir” proqramının peşəkar çəkiliş heyəti BAMF-ın əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər 26 noyabr tarixindən başlayaraq hər şənbə günündən ardıcıl olaraq “Əl Cəzirə”nin “Musafir” proqramı vasitəsi ilə hər gün göstərilməklə bütün beş həftə boyu nümayiş etdirilir.
Artıq filmlərin 4 bölümünün yayımlandığını və sosial şəbəkələrdə paylaşılaraq ciddi marağa səbəb olduğunu deyən U.Mirzəyev diqqətə çatdırıb ki, filmin Naxçıvanla bağlı növbəti bölümü Bakı vaxtı ilə 21 dekabr, saat 20:30-da nümayiş etdiriləcək (https://www.youtube.com/watch?v=YwxAMjL_JFs&feature=youtu.be).
BAMF-ın prezidenti ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib:
“Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malaziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparın Əl Cəzirə “Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm bəlkə də yanılmaram.
“Əl Cəzirə”nin “Musafir” proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüsser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir.
BAMF, “Əl Cəzirə” Media Şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. Bu layihənin meydana gəlməsində “Əl Cəzirə” Media Şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Suag, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim”.
BAMF rəhbəri Azərbaycan gözəlliklərini ərəb dünyasına öz dili vasitəsilə çatdıran aparıcı Hazim Abuvaftanın ifadələrini belə şərh edib:
“Abdülvaftanın filmdə Azərbaycanı təqdim edərkən “Aman Allah! Bu ölkənin gözəlliyi “Min bir gecə” nağıllarını xatırladır, Şəhrizadın da, Şəhriyarın da əslən bu yerlərdən olması məni təəccübləndirmir” - ifadələrindən istifadə edərək tamaşaçıları belə bir mötəşəm üslubla salamlaması bir-birindən gözəl bu 4 filmə daha da rəng qatır”.