ƏHMƏDin saxta hal ŞAHİDliyi Siyasət

ƏHMƏDin saxta hal ŞAHİDliyi

Son bir neçə il ərzində onu Azərbaycanda demək olar ki, görən olmayıb. Şimaldan Cənuba, Qərbdən Şərqə qütbləri dolaşıb. "Əhməd haradadır" deyib axtarışına çıxanlar da onun dəyişkən siyasi temporitminə uyğunlaşa bilməyiblər. Heç büdcələri də buna imkan verməyib... Uzaqdan-uzağa izləyiblər - fotoşəkillərini, ayrı-ayrı beynəlxalq tədbirlərdəki çıxışlarının "daxili bazara" interpretasiya olunmuş "surətlərini". Amma nədənsə heç kim hansısa bir qrupun, yaxud çevrənin yorulmadan Azərbaycanın ictimai rəyinə zorla sırımağa çalışdığı bu adamın gördüyü işin mahiyyətinə varmayıb, bər-bəzəkli, gurultulu sərlövhələrlə təqdim edilən çıxışlarını dinləməyib, təhlil etməyib və nəticə çıxarmayıb. Heç kim Əhməd Şahidovun beynəlxalq tədbirlərdəki çıxışlarının mətni ilə onun daxili auditoriyaya hesablanmış, çeşidli epitetlərlə makiyaj olunmuş obrazı arasındakı dərin uçurumu sezməyib, yaxud sezmək istəməyib. Elə isə bu işi biz öz öhdəmizə götürək və özgə maraqları üçün ŞAHİDlik edən Əhmədin çıxışlarından boylanan boyasız obrazını oxucularımıza təqdim edək: Sizə təqdim etdiyimiz videoda Əhməd Şahidov "Müharibəyə necə getməməli" kitabının müzakirəsində iştirak və çıxış edir. Və çıxışının əvvəlində bildirir ki, "Müharibəyə necə getməməli" kitabı ilə bağlı çoxsaylı müzakirələrin iştirakçısı olub. Buradan isə belə bir nəticə ortaya çıxır ki, adıçəkilən kitab konkret bir layihə çərçivəsində ərsəyə gəlib, Əhməd Şahidov isə bu layihənin fəal iştirakçılarından və təbliğatçılarından biridir. Özünü "hüquq müdafiəçisi" kimi təqdim edən Şahidov çıxışında müharibənin fəsadlarından danışır. Olsun, buna heç bir iradımız yoxdur, müharibə saysız-hesabsız insan faciələrinə yol açan dəhşətli bəladır. Sitat: "Sülhə gəldikdə isə, biz sülh haqqında danışanda onu döyüşdə qalib gəldikdən sonra qarşı tərəfi hansısa müqaviləni imzalamağa məcbur etmək kimi başa düşürük. Misal üçün, münaqişəli tərəflər. Dünyada çoxlu münaqişələr var. Həmçinin mənim ölkəm – Azərbaycan onlardan biri olaraq 30 ildən çoxdur ki, qonşumuz Ermənistan ilə müharibədən əziyyət çəkir. Bu illər ərzində biz torpaqlarımızın 20 faizini və 30 mindən çox insanımızı itirmişik, 1 milyondan çox qaçqınımız var. Amma sülh haqqında danışanda, düşünəndə mənim ölkəmdəki və Ermənistandakı siyasətçilər – biz sülhü müharibəni qazanmaq, qarşı tərəfi masaya oturtmaq və bizim xeyrimizə olacaq hansısa razılaşmanı imzalamağa məcbur etmək kimi başa düşürük". İlk baxışda Şahidovun çıxışının sitat kimi təqdim etdiyimiz hissəsində heç bir problem yoxdur. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Əhməd bütün çıxışlarında Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etdiyini bildirir, amma nədənsə ən yaxşı halda torpaqlarımızın işğalı ilə bağlı geniş təsəvvürə malik olmayan, yaxud işğalçı Ermənistanı himayə edən ölkənin vətəndaşı kimi danışır. Məsələn, Azərbaycanın 30 ildir ki, qonşu Ermənistanla müharibədən əziyyət çəkdiyini deyir, lakin bu müharibənin kimin tərəfindən başladıldığı barədə danışmır. Torpaqlarımızın 20 faizini, 30 mindən çox insanımızı itirdiyimizi bildirir, amma bu torpaqların Ermənistan tərəfindən işğal edildiyini, 30 min günahsız Azərbaycan vətəndaşının erməni hərbi cinayətkarları tərəfindən qətlə yetirildiyini dilə gətirmir. Erməni təbliğatı illərdir bütün dünyanı inandırmağa çalışır ki, müharibənin səbəbkarı Azərbaycandır və Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçmək məcburiyyətində qalıblar. Əhməd Şahidovun çıxışında yer alan digər məqamlar, xüsusilə də Azərbaycan və Ermənistan siyasətçilərinin sülh haqqında anlayışlarının eyniləşdirilməsi də dolayısıyla erməni yalanlarının həqiqət kimi qəbul edilməsi üçün münbit zəmin yaradır. Əhməd Şahidov "mənim ölkəmdəki və Ermənistandakı siyasətçilər – biz sülhü müharibəni qazanmaq, qarşı tərəfi masaya oturtmaq və bizim xeyrimizə olacaq hansısa razılaşmanı imzalamağa məcbur etmək kimi başa düşürük" əvəzinə Ermənistanın işğalçı olduğunu, danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini, mütəmadi olaraq təxribatlar törətməklə, dinc, günahsız Azərbaycan vətəndaşlarını – körpələri, uşaqları, qadınları qətlə yetirməklə işğala məruz qalan Azərbaycanı ədalətsiz sülhə məcbur etmək istədiyini deməliydi. Ancaq nəinki deməyib, 25 ildir ki, Ermənistanın bütün təxribatlarına baxmayaraq, münaqişənin sülh qolu ilə tənzimlənməsi prosesinə sadiq qalan Azərbaycanla işğalçı Ermənistanın siyasətçilərinin düşüncələrini eyniləşdirib... Əhməd Şahidov ermənilərin azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqları, Xocalıda dəhşətli soyqırım cinayəti törətdikləri barədə danışmağı da unudub, yaxud ona bu barədə danışmağı "məsləhət" görməyiblər. Əhməd Şahidovun çıxışının davamına diqqət yetirək. Sitat: "Təəssüf ki, bu gün dövlətlər müharibəni dəstəkləyir və bir-birilərindən güclü olduqları üçün özləri ilə fəxr edirlər. Hər il yeni silahlar almaq və müdafiə sənayesini inkişaf etdirmək üçün daha çox pul xərcləyirlər. Əfsuz ki, bəzi böyük qüvvələr – Birləşmiş Krallıq da daxil olmaqla – hansı ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və dünyada sülh üçün böyük məsuliyyət daşıyır – amma təəssüf ki, mənim ölkəm də daxil olmaqla dünyanın müxtəlif ölkələrinə silah ixrac edirlər. Azərbaycan isə böyük pullar xərcləyərək Amerikadan, Birləşmiş Krallıqdan, Rusiyadan, İsraildən yeni silahlar alır. Nə üçün? Qarşı tərəfi öldürmək üçün. Qarşı tərəf Ermənistan da həmçinin hər il yeni silahlar alır və məqsəd eynidir – qarşı tərəfi öldürmək". Əslində Əhməd Şahidovun çıxışının bu hissəsindəki birbaşa Ermənistanın mövqelərinin müdafiə olunmasına xidmət edən mülahizələri şərh etməyin özü belə ikrah doğurur. Amma yenə də olsun... Adam deyir ki, Azərbaycan öz hərbi potensialını erməniləri öldürmək üçün gücləndirir. Amma demir, yaxud deyə bilmir ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etmək üçün öz hərbi arsenalını gücləndirmək məcburiyyətindədir. Çünki dinc, günahsız Azərbaycan vətəndaşlarını öldürən və bunu davam etmək niyyətində olduğunu gizlətməyən, sülh danışıqlarını müxtəlif bəhanələrlə 25 ildən çoxdur ki, pozan Ermənistan Azərbaycanı buna məcbur edir. Əhməd Şahidovun unikal tapıntılarından biri də onun sülh haqqında təsəvvürləridir. "Əhməd haradadaır?" filminin məşhur personajı Şirin kişinin təbirincə desək, "görün bizim oğlan, yəni Əhməd nə deyir". Deyir ki, "Biz sülhün inşasına (sülh quruculuğu prosesinə) orta məktəblərdən başlamalıyıq. Çünki ola bilsin ki, babalarımız, atalarımız bir-biri ilə müharibədə olduqları üçün sülhü qəbul etmirlər, çünki qarşı-qarşıya döyüşdükləri günləri xatırlaya bilərlər. 10-20 il əvvəl biz ön cəbhədə necə bir-birimizi öldürdüyümüzü, müharibədə olduğumuzu xatırlaya bilərik, amma uşaqların düşmənimiz kim olduğu haqqında heç bir təsəvvürləri yoxdur, onlar günahsızdırlar, müharibə haqqında düşünmürlər və sülhlə yaşamalıdırlar. Buna görə də, bəlkə də biz bu çətin məsuliyyəti onlara ötürməliyik. Onlara sülhü, birgə yaşamağı öyrədərək. Buna görə də mən bu fikri – sülhü orta məktəbdən inşa etməyi dəstəkləyirəm. Biz bu ideyanı tətbiq etməliyik. Bəlkə də biz sülhü öytətmək üçün qanunlarımızı, təhsil sistemimizi dəyişməliyik. Amma reallıq budur ki, bizim məktəblərdə vətənpərvər, millətçi təhsil daha müntəsəm tədris olunur. Birinci sinifdən biz uşaqlarımıza öyrədirik ki, sənin düşmənin kimdir... Bu millət sənin düşmənindir, bu din sənin deyil, sən mütləq islama və ya xrisianlığa inanmalısan və bu yolla gələcəkdə sülhün əldə edilməsi yoluna maneələr qoyuruq". Əziz oxucu, Əhməd Şahidovun çıxışından iqtibas gətirdiyimiz bu cümlələri oxuduqca, yaxud dinlədikcə beyninizdə hansı fikirlərin formalaşdığını, yaxud dilinizin ucundan hansı sözlərin asıldığını təsəvvür etmək bir o qədər çətin deyil. Biz də sizin kimi düşünürük, amma təəssüf ki, peşə etikası və daxili mədəniyyətimiz düşündüklərimizi yazmağa imkan vermir. Deməli, Əhməd Şahidov nə təklif edir: Biz Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini qeyri-müəyyən müddətə və bəlkə də həmişəlik bir kənara qoymalı, təhsil sistemimizi, qanunlarımızı dəyişməli, uşaqlarımıza balaca Zəhraların necə qətlə yetirildiyini, Xocalı soyqırımı zamanı gözləri çıxarılmış korpələrimizi unutdurmalı, şəhid məzarlarını - vaxtilə bolşeviklər Çəmbərəkənd qəbirsanlığında uyuyan Vətən fədailərinin məzarlarının üzərini dəmir-beton konstruksiya ilə örtərək Kirova heykəl ucaltdıqları kimi yenidən və yenidən torpağın altına və daha dərinə gömməli, ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətini, dəhşətli, amansız terror aktlarını, ağlasığmaz hərbi cinayətləri, yurd yerlərimizin, tarixi abidələrimizin vəhşicəsinə dağıdılmasını tarix kitablarından silməliyik... Əhməd Şahidovu Azərbaycan məktəblərində şagirdlərə vətənpərvərlik hissinin aşılanması da narahat edir. Halbuki Prezident İlham Əliyevin Azərbaycanın təhsil sisteminin qarşısına qoyduğu əsas vəzifə vətənpərvər, intellektual, milli-mənəvi dəyərlərə sadiq, müasir dünyagörüşünə sahib Azərbaycan vətəndaşlarının – şəxsiyyətlərin yetişdirilməsidir. Çünki Azərbaycanın gələcəyini yalnız belə şəxsiyyətlərə etibar etmək olar. Müasir dünyanın düzəni də dövlətimizin başçısının təhsilimiz, gələcəyimiz üçün necə dəqiq və strateji bir yol xəritəsi müəyyənləşdirdiyini sübuta yetirir. Şahidovun dolayısıyla Azərbaycan məktəblərində milli və dini müstəvidə ayrı-seçkiliyin təbliğ edildiyinə ehyam vurması isə, ümumiyyətlə Ermənistanın Azərbaycana qarşı apardığı təbliğatın əsas istiqaməti ilə tamamilə üst-üstə düşür. Yəni Ermənistan iddia edir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin azərbaycanlılarla birgəyaşayışı mümkün deyil və bunun da səbəbi Azərbaycan cəmiyyətində mövcud olan millətçi mühit, ermənilərə münasibətdə milli və dini müstəvidə ayrı-seçkiliyin olmasıdır. Gerçəklik isə, şübhəsiz ki, tamamilə fərqlidir. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətinin təməl sütunlarından birini təşkil edir. Azərbaycandakı tolerant mühit, müxtəlif dinlərin, etnik qrupların birgəyaşayış modeli, çoxmədəniyyətlilik bütün dünyada nümunə olaraq təbliğ olunur.