Müsavatda yarpaq tökümü Siyasət

Müsavatda yarpaq tökümü

Səxavət Əlisoy istefa verdi və Arif Hacılını da istefaya çağırdı
"Namizədliyim qeydə alınandan sonra prosesə start verəcəyəm, bəzi maskaları yırtacağıq"
Adil Qeybulla: "Müsavatçılıq Müsavat Partiyasından geniş anlayışdır"

Gözlənildiyi kimi Müsavat Partiyasında başqanlıq fırtınası başladı. Dünəndən etibarən Müsavat başqanlığına namizədlərin təbliğat və təşviqat kampaniyasına start verilib. Xatırladaq ki, sentyabrın 27-də isə partiyanın qurultayının keçirilməsi nəzərdə tutulur.
Srağagün isə partiyada namizədlərin etik qaydalar çərçivəsində mübarizə aparmasını tövsiyə edən sənəd qəbul olunub.
Amma görünür, partiyadaxili konfrantasiyanın dərinləşməsinin qarşısının alınmasına yönəlmiş bu sənədə əməl olunmaycaq. Artıq başqanlığa namizədlərin "qladiator döyüşü" başlayıb. Ötən gün Müsavat başqanının müşaviri Səxavət Əlisoy ilk addımı ataraq partiyadan istefa verib. Səxavət Əlisoy istefa ərizəsini İsa Qəmbərə təqdim edib.
Ərizədə yazılıb: "Müsavat Partiyasının növbəti qurultayında başqanlığa namizədlik niyyətində olduğum üçün müşavir vəzifəsindən istefamı qəbul etməyinizi rica edirəm. Seçkinin demokratik və obyektiv keçməsi üçün namizədlərin təbliğat kampaniyasında başqan müşaviri kimi yox, Müsavat Partiyasının sıravi üzvü kimi iştirakı zəruri sayıram. İnanıram ki, başqanlığa iddialı digər vəzifə sahibləri də bu seçkinin ədalətli sayılması üçün anoloji addım atacaq.
Bunun ardınca başqanlığa digər namizədlərin də partiya rəhbərliyindəki səlahiyyətlərinə son qoyulması istiqamətində çağırışlar səslənməyə başlayıb.
Müsavat başqanlığına namizədlərdən Divan üzvü Tural Abbaslı Səxavət Əlisoyun müşavir vəzifəsindən istefa verməsinə münasibət bildirərək, digər namizədləri də partiyadakı vəzifəsindən istefa verməyə çağırıb: "Mənim Müsavat Divanının üzvü kimi təsir mexanizmlərim yoxdur. Düşünürəm ki, başqanlığa namizədliyini vermək istəyən və əlində icra mexanizmi olan şəxs istefa barədə düşünməlidir".
Tural Abbaslı qeyd edib ki, başqanlıq təlimatlarında, partiya nizamnaməsində namizədin tutduğu postdan istefa tələbi yoxdur: "Mən istefa verənə də, verməyənə də hörmət edirəm. Lakin hesab edirəm ki, bu addım namizədin tutduğu postdan asılı ola bilər. Səxavət bəy başqanın müşaviridir, onun işi yalnız məsləhət verməkdir. Yəni, heç bir təsir mexanizminə malik deyil. O cümlədən, mən Divan üzvü kimi heç bir təsir mexanizminə malik deyiləm. Çünki Divan kollegial qərarla idarə olunur. Divan üzvü olmağım başqanlıq yarışında hansısa namizəddən üstün olacağıma heç bir əsas yaratmır. Düşünürəm ki, bunu namizəd olmaq istəyən və əlində icra mexanizmləri olan şəxs düşünməlidir".
"Əsas icra mexanizmi partiyanın icra aparatının rəhbəri Arif Hacılının əlindədir, siz onu nəzərdə tutursunuz?" sualına Tural Abbaslının cavabı belə olub: "Mən inanmıram ki, hansısa başqanlığa namizəd Müsavatda yarış zamanı əlindəki imkanlardan istifadə edəcək. Bu həmin şəxsə divident gətirməz, əksinə əlavə problemlər yaradar. Ona görə bu mənim üçün prinsipial əhəmiyyət kəsb etmir. Onsuz da postundan həm istefa verən, həm də istefa verməyən namizəd başqanlıq kampaniyasında təlimatları pozacaqsa, cəzalandırılacaq".
Müsavat başqanlığına daha bir namizəd, Qubad İbadoğlu da Publika.az-a açıqlamasında müşavirlikdən istefa verəcəyini açıqlayıb: "Namizədlərin rəsmi qeydiyyatı başlayandan sonra müşavir vəzifəsindən istefa verəcəm".
Qubad İbadoğlu Səxavət Əlisoyun istefa çağırışını müsbət qiymətləndirdiyini açıqlayıb: "Hesab edirəm ki, seçkinin ədalətli, bərabərhüquqlu keçməsi üçün bütün namizədlərin statusu bərabərləşməlidir. Buna görə də Səxavət bəyin bu təklifini müsbət qiymətləndirir və açıqlayıram ki, namizədlərin qeydiyyatı başlayandan sonra mən də müşavir postundan istefa verəcəm".
Qubad İbadoğlu qeyd edib ki, digər təkliflərini seçki kampaniyası başlayandan sonra açıqlayacaq.
Lakin Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri indiyədək bu çağırışlara müsbət cavab verməkdən imtina edərək susqunluq nümayiş etdirir. Opponentləri isə bunu cəsarətsizlik kimi qiymətləndirərək, onun vəzifəsindən istefa verəcəyi təqdirdə partiya başqanlığına seçilə bilməyəcəyindən narahat olduğu qənaətindədirlər.
Yeri gəlmişkən, Səxavət Əlisoy AzNews.az-a müsahibəsində atdığı addımı belə əsaslandırıb: "Siyasətdə bu, bir etik gedişdir. Yəni siyasi imkandan imtina etmək lazımdır. Müsavat Partiyasında ilk dəfə olaraq, mən bu addımı atdım. Təklif edirəm ki, digər siyasi partiyalarda, o cümlədən bizim partiyada da qurultay öncəsi başqanlığa namizədlər vəzifənin verdiyi üstünlüklərdən imtina etsinlər. Mübarizəyə sıravi müsavatçı kimi qatılsınlar. Bu daha ədalətli və obyektiv olar".
Müsavat başqanlığına digər namizədlərin də partiyadakı vəzifələrindən istefa verib-veməyəcəklərinə gəlincə isə Səxavət Əlisoy vurğulayıb ki, bunu onların özündən soruşmaq lazımdır: "Mən düşünülmüş qaydada bu addımı atdım. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının müsahibəsi ilə tanış oldum. O deyir ki, uzun illərdir təşkilatı işlərlə məşğuldur və bu kimi işlərə rəhbərlik edir. Məhz, elə bu məqam ona üstünlük verir. Bu tamamilə absurd fikirdir. Müsavat Partiyasında vəzifədə olan insanlar da mütləq belə addım atmalıdır. Bəzən başqanlığa iddialı şəxslər güclü olduğunu deyir. Belədirsə, istefa ver, yarışa qatıl, gücün ortaya qoy, ədalətli mübarizə apar ki, sabah da dilin uzun olsun...10 ilə yaxın başqan müşaviri oldum. Daha bəsdir, qoy gənclər işləsin. Əgər başqanlığa namizəd olmasaydım da, müşavir vəzifəsindən istefa verməyi qərarlaşdırmışdım. Bir şəxsin 10 il eyni vəzifə daşımasını məqbul saymıram. Təklif edirəm ki, buyurub, gənclərin yolunu açsınlar. Mən hər zaman sözümü demişəm və bundan sonra da deyəcəyəm. Özümün fərqli bir seçki kampaniyam var. Yaxın günlərdə sosial şəbəkələrdə, mətbuatda bununla bağlı fikrimi bildirəcəyəm. Namizədliyim qeydə alınandan sonra prosesə start verəcəyəm. Çoxlarının hələ eşitmədiyi fikirləri açıqlayacağam. Bəzi maskaları yırtacağıq. Onda görəcəksiniz ki, fikirlərimi söyləməyə bəzən başqanın müşaviri olmağım mane olub".
Səxavət Əlisoydan başqa vaxtilə Müsavat partiyasının əsas siyasi fiqurlarından olan Adil Qeybulla da sərt ittihamlarla çıxış edib. Sabiq funksioner sədrliyə öz namizədlərinin olduğunu açıqlamaqla Müsavat Partiyası daxilindəki konkret qrupun mövqeyindən çıxış etdiyinə işarə edib:
"Gözləmək lazımdır. Bizim öz namizədimiz olacaq".
Adil Qeybulla partiya sədrliyinə öz namizədliyini irəli sürməməsini Müsavat rəhbərliyindəki "bəzi adamlarla" əlaqələndirib.
Adil Qeybulla İsa Qəmbərin partiya başqanlığından getməsini faciə saymadığını bildirib: "Hesab edirəm ki, burada heç bir faciə görmək lazım deyil. Heç kim əvəzolunmaz deyil, o cümlədən partiya başqanı. Bir partiyanın parçalanması da, birləşməsi də normal haldır. Demokratik cəmiyyətlərdə bu hadisələrdən faciə düzəltmirlər, bu, yalnız bizdə belədir.
Bundan başqa Müsavat Partiyası müsavatçılığın tam hökmdarı demək deyil. Müsavatçılıq millətin ideologiyasıdır və müsavatçılıq həm də o demək deyil ki, mütləq partiya mənsubiyyətin olmalıdır. Müsavatçılıq Müsavat Partiyasından geniş anlayışdır. Mən adətən bəzi adamların Azərbaycanda müsavatçılığı bir partiyanın adına yazmaq cəhdlərini görürəm və partiya başqanını az qala prezidentdən sonra ikinci siyasi post elan etmək qədər macəraçı təklifləri də oxumuşuq. Azərbaycanda müsavatçılıq ideyasına söykənən xeyli siyasi partiya var, bunu unutmaq olmaz.
Müsavat partiya olaraq öz missiyasını 1918-20-ci illərdə yerinə yetirib. Bu gün Azərbaycan cəmiyyətində elə qüvvələr lazımdır ki, cəmiyyəti demokratiya istiqamətində irəlilədə bilsin. Müsavatın adından spekulliyasiya edib onun resurslarını xərcləməklə məşğul olmaq yaxşı nəticə deyil. Bu gün də partiyanın bu günə düşməyində, zəifləməyində bu cür təbliğatın və fəaliyyətin böyük rolu olub".
Adil Qeybulla mətbuata açıqlamasında dolayısıyla Qubad İbadoğlunun namizədliyini dəstəklədiyini etiraf edib: "Qubad İbadoğlunun çox yaxşı beynəlxalq əlaqələri var. QHT rəhbəri kimi dünyada tanınır. Bu günlərdə Qırğızıstan parlamentində prezident səviyyəsində qəbul olunub. Beynəlxalq əlaqələri güclü olduğuna görə onun partiya başqanı olması həm partiyanın, həm də Azərbaycanın xeyrinədir.
Digər namizəd Tural Abbaslı da gəncdir, enerjilidir. Bunlar üstünlükdür və bunu nəzərə almamaq mümkün deyil".
Bu arada Arif Hacılı ilə bağlı maraqlı fakt da ortaya çıxıb. Məlum olur ki, hələ həbsdə olarkən onun başqanlığa namizədliyi irəli sürülüb.
Belə ki, həmin vaxt partiyanın Xaçmaz rayon təşkilatı onun başqanlığa namizədliyini irəli sürərək dəstəkləyəcəyini bəyan edib. Bu barədə Xaçmaz rayon təşkilatının sədr müavini Ramiz Əliyev bildirib. Onun sözlərinə görə, həmin vaxt həbsdə olmasına baxmayaraq, Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının axırıncı konfransında A.Hacılının başqanlığa namizədliyi irəli sürülmüşdü: "Gülağa Aslanlı həmin vaxt bunu protokola qeyd etməmişdi. Xaçmaz rayon təşkilatı əvvəl olduğu kimi yenə Arif Hacılının namizədliyini müdafiə edəcək".
Maraqlıdır ki, başqanlığa digər iddialılar A.Hacılının nizamanmədən kənara çıxaraq böyük təsirə malik olduğu rayon təşkilatlarında əvvəldən kampaniyaya başladığını bildirirdilər. Xüsusilə Tural Abbaslını dəstəkləyən gənc müsavatçılar bunu iddia edirlər. Qarşı tərəf təkzib etsə də, Ramiz Əliyevin açıqlaması müəyyən ehtimalları ortaya qoydu. Görünür, Arif Hacılı həmin vaxt İsa Qəmbərin gedəcəyini bildiyi üçün kampaniyasını gerçəkləşdirmək istiqamətində işə başlayıb.
Arif Hacılının dəstəkləyənlər onunla bağlı təbliğat materiallarını sosial şəbəkələrdə yaymağa başlayıblar.
Gənc müsavatçıların namizədi Tural Abbaslının tərəfdarları da kampaniyaya başlayıblar. Diqqəti xüsusilə çəkən məqam isə
onun "təmiz namizəd" adlandırılmasıdır.
Digər namizəd Qubad İbadoğlunun təbliğat kampaniyasında seçdiyi üslub da diqqət çəkir. O, fasebook səhifəsində partiyada seçim imkanlarına təsiri olan müsavatçılarla şəkillərini paylaşır.