MDB müşahidə missiyası Azərbaycanda seçki prosesini izləyir Siyasət

MDB müşahidə missiyası Azərbaycanda seçki prosesini izləyir

MDB müşahidə missiyasının üzvləri Qəbələ, İsmayıllı, Oğuz, Şamaxı, Şəkidəki seçki məntəqələri və dairə seçki komissiyalarının işi ilə tanış olublar.
Bu barədə Secki-2020.az saytına MDB müşahidə missiyasının qərargahından məlumat daxil olub.
Seçki komissiyalarının üzvləri müşahidəçilərə seçici siyahılarının yenilənməsi, komissiya üzvlərinin təlimi, habelə səsvermə günü məntəqənin ünvanı, səsvermənin vaxtı və siyahıdakı seçicinin nömrəsi barədə bildirişlərin göndərilməsi barədə məlumat veriblər. Missiya nümayəndələri seçki komissiyalarının iclaslarının protokolları və seçkilərlə əlaqəli digər sənədlərlə tanış olmaq imkanı əldə ediblər.
Müşahidəçilər qeyd edirlər ki, dairə və məntəqə seçki komissiyalarının rəhbərliyi və üzvləri ünsiyyətə açıqdırlar, seçki kampaniyasının ötən dövrü barədə lazımi şəkildə məlumatlandırılıblar. Komissiyaların binaları ofis avadanlığı, ehtiyat enerji mənbələri, lazımi metodiki ədəbiyyat və seçkilərlə bağlı əyani vəsaitlərlə təmin edilib. Demokratiya, parlamentarizm və MDB-yə üzv olan dövlətlərin vətəndaşlarının seçki hüquqlarına riayət edilməsinin monitorinqi üzrə beynəlxalq institut və missiyanın ekspertləri Azərbaycanın seçki qanunvericiliyinin təhlilini də artıq yekunlaşdırıblar. Missiya yekun sənəddə qanunvericiliklə bağlı son rəyini səsvermədən bir gün sonra açıqlayacaq.
Bildirilir ki, MDB müşahidə missiyasının formalaşdırılması başa çatıb. Ümumilikdə 252 müşahidəçinin təmsil olunduğu missiyanın tərkibinə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistandan olan, həmçinin MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya Parlamentlər İttifaqının və MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildirlər.