“Dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb” Siyasət

“Dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb”

Rüfət Quliyev: “Bu, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsini özündə ehtiva edir”

"Azərbaycanda koronavirusla bağlı vəziyyət digər ölkələrə nisbətən qat-qat yaxşıdır. Burada əsas faktorlardan biri dövlətin virusa qarşı mübarizə istiqamətində atdığı addımlardır". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
O bildirib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən verilən tapşırıqlar, qəbul olunan qərarlar gündəlik monitorinq nəticəsində qəbul edilir: "Belə ki, atılan addımlar gündəlik montorinqlər nəticəsində ölkəmizdə koronavirusa yoluxanların sayı əsasında müəyyən edilir. Biz inanırıq ki, cəmiyyətimiz mövcud təhlükəni dərk edərək verilən tapşırıqlara ciddi riayət edəcəklər".
Pandemiyanın ikinci fəsadının psixologiya, üçüncü fəsadının isə ölkə iqtisadiyyatı ilə bağlı olduğunu deyən komitə üzvü söyləyib ki, bütün dünyada iqtisadi artım templərinin səngiməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək: "Bildiyiniz kimi hazırda Azərbaycan hökuməti məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ölkə iqtisadiyyatının az zərər görməsi üçün daha çox yük dövlətin üzərinə düşsə də, bu istiqamətdə mümkün olan bütün addımlar atılır və atılacaq".
R.Quliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinə 1 milyard manatın ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun, eləcə də Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun əsas məqsədi bu təsirlərin və belə təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, iqtisadiyyata və sahibkarlığa dəstək paketinin formalaşdırılmasıdır: "Ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarov da müsahibəsində dövlət dəstək proqramları və onların maliyyə həcmini açıqlayaraq, bu istiqamətdə atılacaq addımlar haqqında geniş məlumat verdi. Belə ki, Dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır ki, bu da Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir".
Deputat vurğulayıb ki, atılan addımlar bununla kifayətənmir: "Belə ki, dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb. 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edən bu proqramlar ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsini özündə ehtiva edir. Təbii ki, müəyyən qədər itkilər olacaq. İqtisadiyyat elə bir sahədir ki, hazırda bura dövət dəstəyi olmasa, onun normal həddinə, inkişafına qayıtmağı çox vaxt apara bilər. Bu baxımdan da zərər çəkən fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Sahibkarlara müxtəlif vergi güzəştləri ediləcək və imtiyazlar veriləcək, ipoteka kreditləri dəstəklənəcək, daha dəqiq desək 290 mindən çox mikro və fərdi sahibkar dövlət dəstəyindən faydalanacaq. Bir sözlə ifadə etsək deyə bilərik ki, Azərbaycan dövlətinin əsas hədəfi iqtisadiyyatımızın yaranmış vəziyyətdən minimal itkilərlə çıxmasıdır. Sahibkarlar, eləcə də cəmiyyət yaxın günlərdə dövlətin dəstəyini hiss etməyə başlayacaq".