Prezident ilkə imza atdı Siyasət

Prezident ilkə imza atdı

Pandemiya ilə mübarizədə rəsmi Bakı yüksək səviyyədə hazırlıq görüb

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşünün keçirilməsi pandemiya ilə mübarizə aparan Avropa dövlətlərinə bir mesaj oldu. İlham Əliyev bu mesajla pandemiyaya qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirilməsinin vacibliyini göstərdi. Hansı ki, bu birlik və həmrəylik Avropada olmadığından koronavirusa yoluxma və ölü sayı gündən-günə çoxalır.
Qeyd edək ki, virus yayılandan indiyədək dünyada 102 734 nəfər dünyasını dəyişib.
Dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliyada qeydiyyata alınıb. Bu ölkədə koronavirusdan 18 849 nəfər dünyasını dəyişib. İspaniyada 16 081, ABŞ-da 18 747, Fransada isə 13 197 nəfər virusun qurbanı olub.
Xatırladaq ki, zirvə görüşü Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan Prezidentləri, Macarıstanın Baş naziri, Əməkdaşlıq Şurasının Baş katibi və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirakı ilə baş tutdu. Zirvə görüşü koronovirus pandemiyası ilə mübarizə mövzusuna həsr olundu. Konfrans iştirakçılarının hər biri ölkələrində görülən tədbirlər barədə məruzə ilə çıxış etdilər və yekunda bəyanat qəbul etdilər.
Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə vaxtında və ciddi tədbirlər görməsi dünya tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı, Azərbaycan modelindən istifadə edən Avropa dövlətləri də var. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Türkiyə və Azərbaycanın COVİD-19 epidemiyası məsələsində sərgilədiyi həmrəylik bütün dünyaya nümunə olmalıdır.
"Ümid edirəm ki, digər ölkələr də bu həmrəylik prinsipinə sadiq qalacaq və bu görünməz, amma təhlükəli düşmənə qarşı birlikdə döyüşəcəklər", - Qebreyesus qeyd edib.
ÜST-ün baş direktoru Anadolu Agentliyinə müsahibəsində bildirib ki, Türk Şurasında təmsil olunan ölkə liderləri həm öz aralarında, həm də regional səviyyədə əməkdaşlıq barədə razılığa gəlib. Bundan əlavə, Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST-ə 5 milyon yardım etdiyini və buna görə təşəkkürünü çatdırıb.
Deputat Nəsib Məhəməliyev Türk Şurasının videokonfransını tarixi görüş adlandırıb: “Müasir dünyanın bu günki reallıqları ondan ibarətdir ki, koronavirus, qısa zaman kəsiyində dünyanın bütün ölkələrini bürüdü. Ölkələr arası sərhədlər bağlandı, diplomatik, iqtisadi, mədəni, turistik əlaqələr kəsildi. Hətta Avropa Birliyi ölkələri uzun illər əvvəl götürülmüş sərhədləri bərpa etdilər. Virusun daha çox yayıldığı İtaliya, İspaniya kimi ölkələrə nəinki yardım etməkdən imtina etdilər, bəzi hallarda digər ölkələrdən göndərilən humanitar yardımları mənimsəməkdən çəkinmədilər. Təbii olaraq həssas bir dövrdə, belə neqativ halların,dünya ölkələrinin nümunə götürdüyü birliyin daxilində baş verməsi, proseslərin heç də monolit olmadığını göstərir. Əsil dost çətin gündə tapılar. Təəssüf hissi ilə etiraf etmək lazımdır ki, Türkdilli Dövlətlərin əməkdaşlıq təşkilatı uzun illər əvvəl formalaşsa da, müxtəlif səbəblərdən birliyin harmonik, stabil inkişafını təmin etmək mümkün olmurdu. Azərbaycan-Türkiyə-Qazaxıstan üçlüyünün iqtisadi, siyasi,mədəni və digər sahələrdə strateji əməkdaşlıqlarını çıxmaq şərti ilə digər ölkələrlə münasibətdə vaxt aşırı müəyyən boşluqlar nəzərə çarpırdı. Təbii ki, iki tərəfli və çox tərəfli münasibətlərdəki bu sistemsizlik ümumi işə ziyan gətirirdi”.
Deputat qeyd edib ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu, uzaq gələcəyə hesablanmış apardığı siyasət türk dünyasının inkişafına, inteqrasiyasiyasına, genişlənməsinə hesablanmış siyasətdir. Hazırda bir çox dünya ölkələri öz aralarında uzun illər mövcud olmuş iqtisadi əlaqələri pozaraq, ticarətdə proteksionist siyasət yürüdür, bir-birilərinə qarşı maliyyə sanksiyaları, müxtəlif əsassız tariflər, gömrük rüsumları tətbiq etməklə, ənənəvi bazarlardan çıxarırlar: “Nəticədə güclü daha çox güclənir,zəif isə daha da zəifləyir. Belə bir vəziyyətdə Türkdilli dövlətlərin vahid strategiyadan çıxış etmələri, pandemiya ilə mübarizədə bir birilərinə maddi və mənəvi dəstək vermələri olduqca zəruridir. Bu birliyin dünya çapında hər təfəfli inkişaf etmiş, güclü bir varlığa çevrilməsi üçün kifayət qədər təbii sərvətlər, insan resursları, kadr potensialı,nəqliyyat- loqistika infrastrukturu mövcuddur. Macarıstanın timsalında Avropadan tutmuş, Türkiyə,Azərbaycan vasitəsilə Qazaxıstan və orta Asiya dövlətlərini özündə cəmləşdirən böyük bir coğrafiyada məskunlaşmış türkdilli millətlər, müasir dünya sivilizasiyasına əhəmiyyətli töhfələr verə bilər. Mövcud milli, irqi, dini ayrı seçkiliklərin,ədalətsizliklərin qarşısı alınar. Bu gün keçirilən zirvə görüşündə, dövlət başçılarının, ümumdünya səhiyyə təşkilatının Baş direktorunun çıxışlarında səsləndirilən fikirlər və gözəl təşəbbüsə görə cənab Prezident İlham Əliyevə edilən təşəkkürlər, bu birliyin daha da güclənməsində Azərbaycanın rolunun nə qədər vacibolduğunun əyani sübutudur. Bu bir ilkdir, tarixdir”.
Hazırda Azərbaycan Respublikasında həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək, tibb müəssisələrinə təhvil verilib.
Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulmuş, onlar həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.
COVID-19-la bağlı əhali arasında həyata keçirilən müayinə sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir.
Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risk qrupları-yaşlılar, immunosupresiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikasnın artması müşahidə ediləcək.
Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.
Koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 6 yeni modul tipli xəstəxana tikilir.
Tibbi maska istehsal edən fabrikikn işə salınması, ölkə başçısının sərəncamı ilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə dövlət büdcəsindən 14.8 milyon manat pulun ayrılması virusla mübarizədə əhalinin sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi layihələrdəndir. ediləcək.
Qeyd edək ki, hazırda ölkə ərazisində 22 xüsusi rejimli xəstəxanada virusa yoluxanların müalicəsi həyata keçirilir. Modul tipli xəstəxanlar da infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün qurulur.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov isə qeyd edib ki, prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən, əhaliyə maddi yardım məqsədi ilə “Sosial paket”in hazırlanması, məhz ölkə başçısının vətəndaşına olan diqqət və qayğısının təzahürü, daim vətəndaşının yanında olması amalının göstəricisidir. Belə bir məqamda Azərbaycan qəhrəman dövlət kimi virusa qarşı qətiyyətli mübarizə aparır. Bu gün koronavirusla mübarizə tədbirləri dövlətimizin gündəlik nəzarəti altındadır, ölkəmizdə kifayət qədər ərzaq təminatı, tələb olunan tibbi ləvazimat və tibbi personal vardır. Buna görə də təşvişə düşmək deyil, sadəcə dövlətimiz tərəfindən qoyulmuş qaydalara ciddi əməl etmək lazımdır. Dərk etmək lazımdır ki, görülən işlərin hamısı insanların sağlamlığının qorunmasına yönəlmiş addımlardır: “Cənab Prezidentin birbaşa rəhbərliyi ilə atılan addımlar bir daha göstərir ki, hər bir vətəndaşın sağlamlığı dövlət başçısını düşündürür. Belə çətin günlərdə isə bu sahədə fədakarlıq göstərən səhiyyə işçilərinin və Azərbaycan polisininin əməyini layiqincə qiymətləndirmək hər bir kəsin borcudur. Bir müddət öncə ölkə başçısının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalaması, onların əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirdi”.
Hikmət Şikarov onu da vurğulayıb ki, virusla mübarizədə Azərbaycan həkimi ilə yanaşı Azərbaycan polisi də vətəndaşın təhlükəsizliyinin keşiyində dayanıb, layiqincə öz vəzifə borcunu yerinə yetirir. Azərbaycan polisi bu gün ictimai asayişin qorunmasında, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir: “Nəzərə alsaq ki, belə viruslar və xəstəliklər nə qədər təhlükəlidir, buna görə də həmin virusla mübarizədə olan həkim və polislərimizin əməyini çox yüksək qiymətləndirir, onların şərəfli və çox çətin vəzifələrini möhkəm cansağlığı ilə yerinə yetirmələrini arzu edirəm”.