“İttihamlara əhəmiyyət vermək lazım deyil” Siyasət

“İttihamlara əhəmiyyət vermək lazım deyil”

Fəttah Heydərov: "Azərbaycan sürətli inkişaf yolundadır və heç bir qüvvə onu bu yolundan döndərə bilməz"

"Bəzi beynəlxalq təşkilatların toruna düşərək aldanmış siyasətçilərin Azərbaycanla bağlı səsləndirdikləri ittihamlara əhəmiyyət vermək lazım deyil".
APA-nın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov komitənin bu iclasında bildirib.
F. Heydərov qeyd edib ki, Azərbaycan sürətli inkişaf yolundadır və bu inkişaf həmin dairələrin, Azərbaycanın inkişafını gözləri götürməyən bədxah qüvvələrin maraqları dairəsində deyil: "Onlar bizim ölkənin inkişafını istəmirlər, bu inkişafı gözləri götürmür. Ona görə belə əsassız, qərəzli ittihamlarla, bəyanatlarla çıxış edirlər. Ancaq bunlara çox da ciddi əhəmiyyət vermək lazım deyil. Dediyim kimi, Azərbaycan sürətli inkişaf yolundadır və heç bir qüvvə onu bu yolundan döndərə bilməz. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 20 il öncə tarixi neft kontraktları imzalandı, "Əsrin müqaviləsi" həyata vəsiqə aldı. Bu günlərdə də həmin müqavilənin 20 illiyini qeyd etdik. Bu müqavilə elə bilirəm ki, Azərbaycanın qoruyucu qalasıdır. Heç kim, heç bir qüvvə bu qalanı aşa bilməz. Çünki bu qalanın özülü, bünövrəsi çox möhkəm və sağlamdır".