Səfir Tural Rzayev: Misir ictimaiyyətinin Ermənistanın hərbi təxribatı barədə məlumatlandırılması fəaliyyətimizin prioritet istiqamətidir Siyasət

Səfir Tural Rzayev: Misir ictimaiyyətinin Ermənistanın hərbi təxribatı barədə məlumatlandırılması fəaliyyətimizin prioritet istiqamətidir

Cari ilin birinci yarısı qlobal miqyasda, o cümlədən Azərbaycanda və dost ölkə olan Misirdə mürəkkəb bir dövr oldu. COVID-19 pandemiyası, habelə Ermənistanın son hərbi təxribatları fonunda Qahirədəki diplomatik missiyamız ölkəmizin maraqlarının qorunması, Misirdə yaşayan həmvətənlərimizə diqqət və qayğı göstərilməsi istiqamətində hansı işləri görüb? Ölkəmizin Misirdəki səfiri Tural Rzayev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bu sualları cavablandırıb. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.

-Cənab səfir, Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddə hərbi təxribatı ilə bağlı Misir rəsmilərini, millət vəkilləri və ictimaiyyəti məlumatlandırmaq istiqamətində səfirliyimiz tərəfindən hansı işlər görülüb?

-Azərbaycan Respublikasının dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı səfirliyimiz tərəfindən elə həmin gün Müdafiə Nazirliyimizin məlumatlarına istinadla bəyanat hazırlandı və Misirin kütləvi informasiya vasitələrində yayıldı. Daha sonra, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasında çıxışı, Prezidentin köməkçisi – xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatları, Müdafiə Nazirliyinin operativ məlumatları Misir mətbuatında işıqlandırıldı. Rəsmi görüşlərə gəldikdə, mən Misirdə akkreditə olunmuş həmkarlarımı da ətraflı məlumatlandırdım, bir sıra görüşlər keçirdik və onları davam etdiririk. Ermənistanın hərbi təxribatı barədə məlumatların Misir ictimaiyyətinə çatdırılması hazırda fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Mənim Misir Xarici İşlər nazirinin müavini, Avropa məsələləri idarəsinin rəisi ilə görüşüm oldu, ona Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verdim. O da, öz növbəsində, Misirin hər zaman Azərbaycanın yanında olduğunu, BMT TŞ-nın məlum qətnamələri çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, münaqişənin hərb yolu və ya təxribatla deyil, sülh danışıqları yolu ilə həll edilməsinə tərəfdar olduğunu diqqətə çatdırdı. O, bunu həm rəsmi Qahirənin mövqeyi, həm də Misirin İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü kimi bu təşkilatların bəyanatlarına tərəfdaş ölkə kimi münasibəti qismində bəyan etdi. Bununla yanaşı, Misirin ictimai-siyasi xadimləri ilə iş aparılır, onlara Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verilir. Biz Misir parlamentinin üzvləri ilə keçirilən görüşlərdə də onları bu məsələlərlə tanış edirik, Azərbaycan və Misir parlamentlərində dostluq qruplarının sədrləri arasında telefon danışıqlarını təşkil etdik.

Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Üsəmə əl-Abd ilə də görüş keçirilib. O qeyd edib ki, Azərbaycan və Misir xalqları qardaşdır və təbii ki, qardaşlar bir-birini dəstəkləməlidir. Başqa cür ola da bilməz. O əlavə edib ki, Azərbaycanın dostu bizim dostumuz, düşməni isə düşmənimizdir. Deputat vurğulayıb ki, Misir Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkə olaraq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, sözügedən münaqişənin hərb yolu və ya təxribatla deyil, sülh danışıqları yolu ilə həll edilməsinin tərəfdarıdır.

-2020-ci ilin birinci yarısı qlobal miqyasda, həmçinin Misirdə mürəkkəb dövr oldu. COVID-19 pandemiyası dövründə diplomatik nümayəndəliyimiz Misirdə yaşayan azərbaycanlıların problemlərinin həllini, onların diqqət və qayğı ilə əhatə olunmasını diqqət mərkəzində saxlayıb. Bu barədə nə deyə bilərsiniz?

-Əlbəttə, COVID-19 pandemiyası gözlənilən deyil, fors-major bir hadisədir. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etməsindən sonra bütün dövlətlər hava sahəsini, sərhədləri bağladı. Burada yaşayan və təhsil alan, işləyən Azərbaycan vətəndaşlarının Misiri tərk etmələri mümkün olmadı. Əlbəttə ki, bu şəraitdə həmvətənlərimizə hər cür kömək göstərilir. Səfirlikdə sutkanın 24 saatı fəaliyyət göstərən “qaynar xətt” yaradılıb. Pandemiya ilə əlaqədar Azərbaycan və Misirin Xarici İşlər nazirliklərinin tövsiyələri əsas götürülərək səfirliyimiz karantin rejimində fəaliyyət göstərir. Vətəndaşlarımız üçün “Watsapp” qrupu yaradılıb və onların hamısı ilə mütəmadi əlaqə saxlanılır. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları hər gün onlara çatdırılır. Vətəndaşlarımızın səfirliyə müraciətləri, xüsusən pasportların müddətinin bitməsi, Misirdə müvəqqəti yaşayış hüququnun vaxtının başa çatması, konsulluq məsələləri, turist kimi gəlib burada qalanların problemləri ilə məşğul olmuşuq. Tələbələrin yataqxana, ev problemləri, maddi çətinlikləri ilə bağlı da imkanlarımız daxilində bütün yardımlar edilib. Vətənə qayıtmaq istəyənlərin də siyahısı tutularaq həm Nazirlər Kabineti yanında Operativ Qərargaha, həm də Xarici İşlər Nazirliyinə göndərilib. Bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir. Karantin rejimi davam edir, pandemiya səngiməyib, Misirdə də yoluxma halları çoxdur, hələ də rəqəmlərdə ciddi azalma müşahidə olunmur. Bildiyiniz kimi, axşamdan başlayaraq karantin rejimi tətbiq edilməkdədir, hələ də həyat öz normal axarına qayıtmayıb. Digər tərəfdən, Misirlə Azərbaycan arasında birbaşa aviareys yoxdur və tranzit ölkələrdə karantin rejimi ləğv olunmayana qədər vətəndaşlarımıza əlimizdən gələn bütün yardımları edəcəyik.

-Prezident İlham Əliyev son çıxışında diplomatik nümayəndəliklərimizin xarici ölkələrdə yaşayan həmvətənlərimizlə sıx təmas qurması, diaspor təşkilatlarımızla koordinasiyanı gücləndirməsi barədə bir daha ciddi tapşırıqlar verib. Misirdəki səfirlik bu sahədə hansı tədbirləri həyata keçirir?

-Əlbəttə, Azərbaycan Respublikasının Prezidentinin səfirliklərə birbaşa tapşırıq və təlimatları var. Onların başında da xaricdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimizlə sıx əməkdaşlıq fəaliyyətidir. Biz indiyədək Misirdə yaşayan vətəndaşlarımızla, burada fəaliyyət göstərən diaspor təşkilatımızla birlikdə müxtəlif tədbirlər keçirmişik, ölkəmiz üçün əlamətdar olan günlər – Respublika Günü, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, habelə 20 Yanvar, Xocalı soyqırımının ildönümlərini birgə qeyd edirik, səfirlik tərəfindən dəstək verilən və ya çap olunan kitabların, sənədli filmin təqdimatları təşkil olunub, Ulu Öndərimizin anadan olmasının ildönümlərində vətəndaşlarımızla Ümummilli Liderimizin Misir-Azərbaycan Dostluq Parkında ucaldılmış abidəsinə gəlirik, Ulu Öndərin vəfatı günündə burada onun xatirəsini anırıq. Bununla yanaşı, biz hər gün həmvətənlərimizlə sıx təmasdayıq, onların problemlərini həll edirik, sevincli və kədərli günlərdə birlikdəyik. Lakin pandemiya dövründə vəziyyət dəyişdi, vətəndaşlarımızla daha sıx əlaqə yaradıldı. Əvvəllər onlar turist qismində Misirə qısamüddətli səfər edəndə çox vaxt səfirliyə məlumat verilmirdi, səfirliyin də vətəndaşlarımızın gəlişindən məlumatı olmurdu. Amma pandemiya vaxtı burada olan bütün vətəndaşlarımız bizə müraciət etdi, səfirlikdə qeydiyyatdan keçdilər. Məqsəd problemlə üzləşən vətəndaşlarımıza kömək göstərilməsi, həmçinin onların vəziyyətlə bağlı məlumatlandırılmasıdır. İyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı ilə əlaqədar həmvətənlərimiz bizə müraciət edirdilər, burada təhsil alan gənclərimiz könüllü olaraq ordumuzun sıralarına yazılmaq istəyirdi. Biz bu məsələdə də onlarla daimi təmasda oluruq, sosial şəbəkələrdə dezinformasiya xarakterli məlumatların olduğunu vurğulayırıq, Azərbaycanın qüdrətli orduya, əzmli və təcrübəli Ali Baş Komandana malik olmasını, onun rəhbərliyi ilə Silahlı Qüvvələrin Vətənimizi müdafiə etməyə qadir olduğunu vurğulayırıq. Biz ərəb dilini yaxşı bilən tələbələrimizə sosial şəbəkələrin ərəbdilli seqmentində Azərbaycanın ədalətli mövqeyini və haqq səsini daha fəal təbliğ etməyi tövsiyə edirik.