Yerevan işğal siyasətini davam etdirsə, Azərbaycan bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq - Politoloq Siyasət

Yerevan işğal siyasətini davam etdirsə, Azərbaycan bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq - Politoloq

Hal-hazırda Ermənistan elə bir vəziyyətə düçar olub ki, bir dövlət olaraq özünü itirərək səhv addımlar atmaqdadır. Təbiidir ki, bu da beynəlxalq aləm tərəfindən də müşahidə olunur. Sərhəddə baş verən təxribat Ermənistan tərəfindən bir sınama cəhdi idi ki, buna kimin nə reaksiya verəcəyinə əmin olsunlar.

Bunu politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, münaqişə ilə bağlı beynəlxalq aləmin də mövqeyi Azərbaycanın dəstəklənməsi oldu:

"Hətta Ermənistanın müttəfiq hesab etdiyi bütün ölkələr ya Azərbaycanı dəstəklədilər, ya da bu məsələ ilə bağlı neytral mövqe tutdular. Bununla da bir daha sübut olundu ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Bu gün Azərbaycan uğurla reallaşdırılan bütün layihələrdən Ermənistanı məqsədli şəkildə təcrid edib. Buna səbəb isə heç şübhəsiz ki, Ermənistanın işğal siyasətidir. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq Azərbaycanın dədə-baba torpaqlarından çıxmalıdır. Yox əgər Ermənistan yenə işğal siyasətini davam etdirsə, Azərbaycan bütün imkanlarını səfərbər edib bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq.

Ermənistanın səriştəsiz baş naziri Azərbaycana qarşı yeddi şərt irəli sürüb ki, bu şərtlərin də heç biri Azərbaycan tərəfindən qəbuledilən deyil. Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır” ya da ki “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları prosesini yerlə bir edir və danışıqların formatını dəyişdirmək istəyir. Əvvəla, birmənalı olaraq Azərbaycan heç kimin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar apara bilməz. Danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın işğal edilmiş torpaqları azad olunsun. Azərbaycan Ermənistanın 7 şərtinin qarşısına erməni silahlı qüvvələrinin işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar kimi sadəcə bir şərt qoyur.

Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. Hal-hazırda isə Soros rejiminin girovudur. Erməni xalqı normal ölkədə yaşamaq istəyirsə, erməni silahlı qüvvələri mütləq Azərbaycanın dədə-baba torpaqlarından çıxmalıdır".