Növbəti görüşün növbəti nəticəsizliyi Siyasət

Növbəti görüşün növbəti nəticəsizliyi

Paris də münaqişənin danışıqlar yolu ilə həllini bildirir

Cavid

Oktyabrın 27-də Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçirib.
Yelisey Sarayının rəsmi saytının verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi də daha sonra görüşə qatılıblar.
Bu Sammit Fransa prezidentin bu ilin may ayında Cənubi Qafqaz ölkələrinə etdiyi səfərdən sonra gerçəkləşib. Bu səfər ərzində Fransua Olland Fransanın Minsk qrupunun həmsədr ölkəsi qismində atəşkəsin qüvvəyə minməsindən 20 il sonra münaqişənin sülh yolu ilə həllinin tapılması üçün vasitəçilik missiyasını davam etdirəcəyi öhdəliyini yenidən təsdiqlədiyini bildirib.
Bu yay Dağlıq Qarabağda çoxsaylı itkilərə, o cümlədən mülki vətəndaşların itkisinə səbəb olan silahlı insidentlərin artması kontekstində, Paris Sammiti Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa dialoqun bərpasına imkan yaratdı. Fransa prezidenti tərəflər arasında bölgədə gərginliyin səmərəli şəkildə azaldılmasının vacibliyini qeyd edib.
Ermənistan və Azərbaycan prezidentləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında münaqişədə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi aparmaq qərarına gəliblər.
Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə hörmət və Minsk qrupu həmsədrləri tərəfindən müəyyən olunmuş təməl prinsipləri əsasında, danışıqlar yolu ilə və davamlı həlli istiqamətindəki səylərini intensifləşdirməyə çağırıb. O, hazırkı status-kvonun qəbuledilməz olduğunu qeyd edib.
Fransua Olland hər iki ölkənin prezidentlərini aralarındakı fikir ayrılıqlarını üstələmək və öz vətəndaşlarını sülhə hazırlamaq üçün zəruri olan siyasi iradə nümayiş etdirməyə çağırıb. O,irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib.
Bu, "avqust müharibəsindən" sonra prezidentlərin üçüncü görüşüdür. Buna qədərki iki görüş münaqişənin həllindən çox gərginliyin azaldılmasına yönəlmişdi. Ekspertlər budəfəki görüşün də eyni ssenari üzrə cərəyan edəcəyini bildiriblər. Eyni zamanda, Paris görüşündə irəliləyişə nail olunacağını düşünənlər də vardı. Avqust ayından sonra keçirilən görüşlərdə Minsk Qrupunun həmsədrlərinin iştirak etməməsi, yaxud epizodik iştirakı da diqqət çəkir. Bu, həmsədr ölkələrin münaqişənin həllində əsas oyunçuya çevrilmək istəyindən irəli gəlməsi ilə izah olunur. Tərəflər, daha dəqiq desək Qərb (ABŞ və Fransa) və Rusiya ayrı-ayrılıqda Dağlıq Qarabağ münaqişəsindəki açarı ələ almaq və bununla münaqişə tərəflərini öz təsirində saxlamaq üçün gediş edirlər. Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri Parisdə sonuncu dəfə 2006-cı ildə görüşüblər. O zaman Paris yaxınlığındakı Rambuyedə keçirilən görüş 4 saat davam edib. Lakin o zaman tərəflər heç bir razılığa gələ bilməyiblər. Prezidentlərin Paris görüşünə elə bu ilin yay aylarında baş tutan Soçi görüşü ərəfəsində olduğu qədər ümidlər olsa da, yenə də ciddi dəyişikliyə gətirib çıxaracaq nələrinsə baş vermədiyi aşkar şəkildə hiss olundu. Rəsmi Bakının Soçi görüşü və buna qədərki danışıqlar prosesində olduğu kimi Paris görüşməsinə də yetərincə hövsələli yanaşdığı da nəzərlərdən yayınmadı. Yəni Azərbaycan hələ ki səbr edir… İndi isə sıra Obamadadır. Avqustda cəbhədəki gərginlikdən sonra dərhal işə müdaxilə edən ATƏT-in Minsk Qrupundakı həmsədr ölkələrin dövlət başçıları bir-birilərinin ardından İlham Əliyevlə Serj Sərkisyanı bir araya gətirməklə, sanki öz missiyalarını yerinə yetirdiklərini nəzərlərə çatdırırlar.
Amma bu görüşlərin əvvəllər də olduğunu və bu görüşlərin problemin həllində heç bir səmərə vermədiyini də yaxşı bilirik. Bir bildiyimiz də odur ki, əslində bu yolla hazırki status-kvonun - yəni əslində Qarabağın erməni işğalında saxlanılması vəziyyətinin konservləşdirilməsinə xidmət etməsi faktıdır.
Azərbaycan isə bununla barışa bilməz. Rəsmi Bakı yetərincə səbrli davrandığını indi də nümayiş etdirir. Bütün diplomatik vasitələr tükənəndə isə silahın işə düşməsi labüddür. Əslində bu zaman çoxdan yetişib. Lakin Azərbaycan özünün sülh danışıqlarında prinsipial maraqlı tərəf olduğunu da diqqətlərə çatdırmaq fürsətini əldən vermir.
İrəvanın mövqeyinə gəlincə isə, ermənilər hər zaman olduğu kimi oyunbazlıqları ilə diqqətə gəlirlər. Artıq Qarabağ probleminin həllində müstəsna mövqeyə keçid edən Kremlin təşəbbüsləri İrəvanda böyük narahatçılıq oyadıb. Məlum olduğu kimi, Rusiyanın Ermənistana Qarabağ ətrafı 7 rayondan geri çəkilməsi barədə tövsiyyəsi olub. Və İrəvanın hazırki hakimiyyəti bu şərti qəbul etməkdən başqa bir çarəyə malik deyil. Əks halda Rusiya kimi himayədarını qəzəbləndirə biləcək İrəvan Kremlin təkliflərinə qarşı öz daxilində saxta "xalq müqaviməti" təşkil etməklə situasiyanın qalibinə çevrilməyi düşünür.
Avropa isə Rusiyanın belə bir təşəbbüskarlığını təhlükə kimi qəbul edir. Elə buna görə də artıq Almaniya kimi bir Avropa nəhəngi rəsmi Bakının könlünü oxşayacaq açıqlamalarda bulunmaqdadır. Həm bu mövqe dəyişikliyi və həm də elə Ollandın növbəti danışıqlar ünvanı kimi Parisi nişan verməsi əslində prosesdə Rusiyanın iştirakının zəiflədilməsinə hesablanan bir jest kimi də dəyərləndirilir.
Azərbaycanın isə belə bir oyunlara heç də marağı yoxdur. Azərbaycanı bu gün təşəbbüsün kimin əlində olması yox, işğal altında olan torpaqların azadlığı maraqlandırır. Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya-analitik mərkəzinin baş direktorunun müavini, rusiyalı politoloq Andrey Petrov Yelisey sarayının divarları arxasında ictimaiyyətə məlum olmayan ciddi müzakirələrin getdiyini düşünür. Onun sözlərinə görə, iştirakçıların sükutu bəzi nəticələr çıxarmağa kömək edir: "Avqustda prezidentlər Soçidə, sentyabrda isə Uelsdə görüşdülər. Paris görüşü hələ iyul ayında planlaşdırılırdı, lakin görüşdə yeni gündəlik olmadığı üçün təxirə salındı. Bunun fonunda son zamanlar Rusiya və Qərbin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən siyasi addımlara təşəbbüs etdikləri də müşahidə olunur. Rusiyanın yüksək səviyyəli məmurları Azərbaycana baş çəkdilər, Qərb cəbhəsində isə Almaniya hökuməti xüsusi bəyanat yaydı. Bundan başqa, "Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdə zorakılığın artması" üzrə məruzəçinin təyinatını yada salmalıyıq". Rusiyalı politoloq əsl dialoq üçün şəraitin yarandığını bildirib: "Artıq hər üç həmsədr ölkə prezidentlərlə ayrılıqda görüşdü. Bu görüşlər bir qədər "kim daha fəaldır" yarışını da xatırlatdı. Ümumi mənzərədə isə Dağlıq Qarabağ münaqişəsi yenidən dünyanın diqqətinə düşdü. Əsl dialoq üçün şəraitin yarandığını və problemin həlli üçün yalnız tərəflərin siyasi iradəsinin lazım olduğunu düşünürəm". Prezidentlərin görüşündən öncə bir sıra xarici mətbuat bu danışıqların heç bir nəticə verməyəcəyi proqnozunu veriblər. Çexiyanın "Neviditelny pes" nəşri yazıb ki, Paris görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş olmayacaq. Nəşr münaqişənin 20 ildən artıq uzanmasının əsas səbəbkarı kimi Rusiyanı göstərir: "Bu gün post-sovet məkanında qəribə mənzərə yaranıb. Azərbaycanın bir hissəsində Ermənistan tərəfindən qondarma "Dağlıq Qarabağ" rejimi yaradılıb. Gürcüstanın bir hissəsində Cənubi Osetiya və Abxaziya, Moldova torpaqlarında Dnestryanı bölgə yaranıb. Eyni ssenarilər Ukraynada da tətbiq edilir və sonu görünməyən fəsadlara yol açır. Hər kəsə yaxşı bəllidir ki, bu ssenarilər Kremldə hazırlanır və Qərb zaman-zaman bu münaqişələrin həlli üçün səy göstərsə də, nə qədər Kremldə oturan bürokratlar var, bu münaqişələr də davam edəcək". Nəşr qeyd edir ki, əgər Kremlin imperiya maraqları olmasaydı, dünya daha təhlükəli qüvvələrə qarşı mübarizəyə köklənərdi: "Bu gün "İslam dövləti" təhlükəsi var və bu təhlükə Rusiyadan da yan keçmir. Eyni zamanda, Moskvanın göz dikdiyi postsovet məkanı da radikal dini təhlükədən sığortalanmayıb. Deməli, Rusiyanın da dünya ilə birgə mübarizə aparacağı daha böyük təhlükə var. Amma Moskva separatizmi dəstəkləməklə özünü pis vəziyyətdə qoyur". Keçirilən Paris görüşünə diqqət çəkən Çexiya nəşri yazır ki, yenə hər şey Kremlə qədər uzanır: "Münaqişə tərəflərindən olan Ermənistanın Moskvaya bağlı olduğunu unutmamalıyıq. Güman ki, Sərkisyan Parisdə də yenə də Kremlin sözünü deyəcək". "Neviditelny pes" əlavə edir ki, Qərb Sərkisyanın Kremlə bağlılığını diqqətdən qaçırmamalıdır: "Münaqişənin həll olunmasını, Cənubi Qafqazda daha sabit vəziyyətin yaranmasını istəyiriksə, Rusiya faktorunu neytrallaşdırmaq lazımdır. Xüsusilə də, Moskvanın İrəvana diktəsi aradan qaldırılmalıdır. Əks təqdirdə, münaqişənin həllində konstruktiv mövqe həmişə sual altında olacaq".