Müsavatda qərargah davası Siyasət

Müsavatda qərargah davası

Qubad İbadoğlu tərəfdarları Arif Hacılının legitimliyini tanımırlar

Səxavət Əlisoy: "Müsavatın qərargahı Arif Hacılının dəstəsi tərəfindən "zəbt" olunub"

Əlövsət Talışxanlı: "Müsavat Partiyası üzvlərinin 50 faizdən çoxu Arif Hacılının legitimliyini tanımır"

Dünən Arif Hacılı Müsavat Partiyasının yeni başqanı kimi ilk mətbuat konfransını keçirib. O, konfransda partiyanın nizamnaməsində hər hansı bir fraksiya yaradılması nəzərdə tutulmadığını bəyan edərək opponentlərinə mesajlar göndərib.
"Bunu etmək istəyənlər partiyanın ümumi işinə mane ola bilərlər. Düşünmürəm ki, bu addımı atmaq istəyənlərin mövqeyi, partiyanın digər üzvləri tərəfindən rəğbətlə qarşılayaqlar. Bu addımı atmaq istəyənlərə bildirirəm ki, belə bir niyyətləri vardsa, bundan əl çəksinlər" deyə Arif Hacılı bildirib.
O daha sonra deyib: "Çox maraqlıdır ki, məni inzibatçılıqda ittiham edənlər indi başqa fikir söyləyirlər. Narazı olan şəxslərin də fikirlərini dinləməyə hazırıq. Mənim mühafizəçilərim yoxdur. İstər jurnalistlər, istər də sıravi üzvlər istənilən vaxt otağıma daxil olaraq, mənə öz iradlarını söyləyə bilərlər".
Onun sözlərinə görə partiyanın qurultayı ədalətli və şəffaf şəkildə keçirilib: "Partiyanın qurultayı ilə əlaqədar bir çox müzakirələr gedir. Biz bunları müsbət dəyərləndiririk, ancaq bu istiqamətdə bəzən neqativ və düzgün olmayan fikirlər də səsləndirilir".
O, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun qurultayda baş verən pozuntularla əlaqədar Mərkəzi-Nəzarət Təftiş Komissiyasına (MNTK) təqdim etdiyi arayışa və ona verilən rəyə də münasibətini bildirib: "Komissiya arayışı diqqətlə araşdıraraq öz rəyini verib. Onlar əvvəlcədən də bildirirdilər ki, partiyanın qurultayında hər hansı saxtakarlıqlar olmayıb, sadəcə, müəyyən ədalətlilik prinsipi pozulub. Mən arayışın mətni ilə tanış olmuşam. Hesab edirəm ki, komissiyanın təqdim etdiyi rəy ədalətlidir. Təbii ki, qurultayın nəticəsindən narazı qaldıqlarını bəyan edənlər yeni qurultayın keçirilməsini də arzu edirlər. Ancaq mən hesab edirəm ki, bu gün qurultay yenidən keçirilsə, mən daha çox səs toplayaram. Çünki bunlar mənim qazandığım səslərdən çox rəqiblərimin itirdiyi səslərdir. Məni növbədənkənar qurultay qətiyyən narahat etmir. Maraqlı odur ki, məni inzibatçılıqda ittiham edənlər indi də Nizamnaməyə əməl etməməyə çağırırlar".
A.Hacılı qurultayın nəticəsindən narazı qalanları qarşılıqlı ittihamlara son qoymağa çağırıb: "Qurultaydan artıq kifayət qədər vaxt keçib və hesab edirəm ki, artıq başqa məsələlər yekunlaşmalıdır. Partiyanın rəhbər strukturları formalaşdırılıb. Partiyanın rəhbərliyi demək olar ki, dəyişib. Ancaq bu dəyişmənin ağrı-acısız ötəcəyini düşünmürdük. Ona görə də qurultay barədə söz-söhbətləri unutmaq lazımdır. Hər bir partiya üzvündən də Müsavatın gələcək fəaliyyəti barədə düşünməyi xahiş edirəm".
Müsavat başqanı qeyd edib ki, heç kəsin partiyanı tərk etməsinin tərəfdarı deyil: "Mən bildirmişəm ki, mövqeyindən asılı olmayaraq, hər kəslə çalışmağa hazıram".
Amma narazılar yeni başqanın bu çağırışlarını qəbul etmirlər. Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib ki, Bu gün Müsavatın qərargahı Arif Hacılının dəstəsi tərəfindən "zəbt" olunub: "Vurğun Əyyub Müsavat Partiyasının qurultayının legitimiliyini tanımadığı üçün partiyanın qərargahına getmir. Ümumiyyətlə Vurğun Əyyub, Qubad İbadoğlu və Tural Abbaslının müxalifətdaxili çıxışları çayxanalarda deyil, Müsavat Partiyasının qərargahında davam etməli idi".
Müsavatın Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) keçmiş üzvü Əlövsət Talışxanlı deyib ki, Müsavat Partiyası üzvlərinin 50 faizdən çoxu Arif Hacılının legitimliyini tanımır. Onun sözlərinə görə, partiyada narazılar böyük əksəriyyətdir: "Amma yeni rəhbərlik narazıları "azlıqlar" deyə təqdim edir. Mən 25 il həyatımı bu partiyaya sərf etmişəm. Məqsədimiz demokratik partiyanın qurulmasıdır. Rəhbərlik narazıların sayını açıqlamaqdan çəkinir. Partiyanın 50 faizdən çoxu yeni başqanın legitimliyini tanımır. Əsas funksionerlərin əksəriyyəti onu qəbul etmir. Qabaqcıl, partiyaya həyatlarını vermiş insanlar kənarda qalıb. Başqa-başqa insanlar rəhbərliyə gətirilir. Onların dediyi azlıq 5, yaxud 10 olar. 50 faizdən yuxarı üzv seçkini qəbul etmirsə, deməli problem böyükdür. Divanın keçmiş üzvlərinin 80 faizi yeni rəhbərliyi qəbul etmir. Müəyyən nüansları vaxtı gələndə açıqlayacağıq. Hələlik buna ehtiyac duymuruq. Partiyada azmışların doğru yola gəlməsini istəyirik".
Talışxanlı partiyada nizamnamədən kənar davranışların olduğunu deyib: "Bu gün nizamnamə arxivə qoyulub. Nizamnamədən xəbər verən hərəkətlər yoxdur. Biz nizamnaməyə əməl edilməsini istəyirik. Hələlik sıravi üzv olaraq fəaliyyətimizi davam etdirməkdəyik. Fraksiya yaradılması ilə bağlı fikirlər var. Lakin müəyyən qədər zamana ehtiyac duyulur. Zamanla bu problemlərin həllini tapacağını düşünürük. Açıqlanan fikirlərdə məqbul olmayan müəyyən qüsurlar var. Biz bunlara da qarşıyıq. Lakin bu proseslərin əksər üzvlər və cəmiyyət tərəfindən də qəbul edilmədiyi ortadadır".

Əli