“Prezident bu sahədə aparılan mübarizədə çox qətiyyətlidir” Siyasət

“Prezident bu sahədə aparılan mübarizədə çox qətiyyətlidir”

İlyas Hüseynov: “Dövlət həm inzibati, həm də institusional üsullarla korrupsiya və rüşvətxorluğun qarşını alır”

“Prezident İlham Əliyev tərəfindən bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilir. Bu gün qeyd olunan bu islahatları demək olar ki, bütün sahələrdə müşahidə etmək olar”.
Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, hal-hazırda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması da əsas hədəflərdən biridir: “Bu istiqamətdə atılan addımlar əhali tərəfindən təqdir olunur. İndiyədək bu istiqamətdə görülən işlər və verilmiş qərarların hamısı yalnız və yalnız insanların sosial rifah halının qorunmasına yönəlib. Çoxsaylı şikayətlər nəticəsində araşdırma aparıldıqdan sonra korrupsiya, rüşvətxorluq və dövlət əmlakının talaması ilə bağlı həyata keçirilən ardıcıl həbsləri əhali tam dəstəklənmişdir. Yüksək vəzifəli şəxslərin həbsi bir daha göstərir ki, Dövlət və Prezident bu sahədə aparılan mübarizədə çox qətiyyətlidir. Digər tərəfdən, hökumətin həyata keçirdiyi sosial dəstək siyasətinə qarşı çıxan bəzi məmurların mənəviyyata sığmayan hərəkətlərini həm dövlətçiliyə, həm də xalqa xəyanət kimi qiymətləndirmək olar.
Korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın özünəməxsus modeli var. Kompleks şəklində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan korrupsiya ilə mübarizə üzrə beynəlxalq regional qurumlarla əməkdaşlıq həyata keçirir, onların tövsiyələrinə uyğun fəaliyyət göstərir.
Prezident öz çıxışlarında korrupsiyaya qarşı mübarizə siyasətinə toxunur və bu istiqamətdə əsas prioritetləri müəyyənləşdirir: “Heç kim qanundan üstün deyil və əgər kimsə fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır”.
Prezidentin verdiyi tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər ciddi cəzalandırılır. Dövlət başçısı bu həbslərdən sonra çıxışlarında dəfələrlə qeyd edib ki, heç kim qanundan üstün deyil və heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Dövlət həm inzibati yollarla, həm də institusional üsullarla korrupsiya və rüşvətxorluğun qarşını alır”.

Əli Zülfüqaroğlu