YAP proporsional sistemə qarşıdır Siyasət

YAP proporsional sistemə qarşıdır

Eldar İbrahimov: "Majoritar sistem bizi tam təmin edir"

Gələn il keçiriləcək parlament seçkilərində proporsional seçki sisteminin tətbiq olunacağı ilə bağlı ölkə mediası məlumatlar yayır. Bəs, gerçəklik nədir, proporsional seçki sisteminin bərpası mümkündürmü?
Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov modern.az saytına açıqlamasında bu məsələyə münasibət bildirib.
"Proporsional və majoritar sistemlə bağlı fikirlərimi demişəm. Əvvəllər hər ikisi var idi. Sonralar referendum keçiriləndə fikrimiz ondan ibarət oldu ki, Azərbaycan şəraitində, Azərbaycan mentalitetində ən yaxşısı majoritar sistemdir. Hər bir rayonun, hər bir bölgənin özünün deputatı olur və seçicilər ona səs verir. Deputatla seçici birliyi yaranır. Hələlik elə hesab edirəm ki, Azərbaycanda yenidən proporsional sistemə keçməyə ehtiyac yoxdur. Majoritar sistem bizi tam təmin edir və bizim Seçki Məcəlləsi çox yaxşıdır. Neçə illərdir ki, bu Seçki Məcəlləsi ilə seçkilərimizi keçiririk. Ona görə də proporsional sistemə ehtiyac duymuram. Dəfələrlə proporsional sistemlə, deputatların sayı ilə əlaqədar çıxışlar etmişəm.
Proporsional qaydayla seçkiyə gedən hər bir insanın namizədliyi partiya tərəfindən irəli sürülür. Partiya nəzərə alır ki, kimlər deputat olmağa layiqdirlər. Yəni partiyanın təqdimatı olmadan partiya üzvlərinin seçilməsi çətin olur. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası parlamentdə çoxluq təşkil edən siyasi təşkilatdır. Bitərəflər də, digər partiyadan olanlar da var. Ümumiyyətlə, majoritar sistemlə də partiyalar öz sözünü deyir. Onsuz da hər hansı partiya üzvü həmin təşkilatın təqdimatı ilə seçkiyə qatılır".
2002-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə-majoritar və proporsional olmaqla keçirilirdi. 2002-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sistemə keçilib.
Azərbaycanda növbəti parlament seçkiləri 2015-ci il noyabr ayının birinci bazar günü keçiriləcək.