Azərbaycan səfiri Litvanın ədliyyə naziri ilə görüşüb Siyasət

Azərbaycan səfiri Litvanın ədliyyə naziri ilə görüşüb

Fevralın 20-də səfir Həsən Məmmədzadə Litva Respublikasının ədliyyə naziri Yozas Bernatonis ilə görüşüb. Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda, o cümlədən iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Həsən Məmmədzadə Azərbaycan və Litva arasında bütün sahələrdə əlaqələrin ildən-ilə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın mühüm tərəfdaşlardan biri kimi Litva ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini bildirib. Səfir Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə ədliyyə sahəsində aparılan genişmiqyaslı islahatlar barədə Yozas Bernatonisi məlumatlandırıb.
Görüş zamanı səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, münaqişənin həlli istiqamətində Azərbaycanın konstruktiv mövqeyi, həmçinin Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq nümayiş etdirdiyi işğalçı siyasəti ilə bağlı məlumat verdikdən sonra ədliyyə naziri Yozas Bernatonis ilə regionda cərəyan edən hadisələrə dair fikir mübadiləsi aparıb.