Partiya funksionerlərindən Roma Papasına etiraz Siyasət

Partiya funksionerlərindən Roma Papasına etiraz

Telman Siyabov: "Roma Papasının qondarma soyqırımı tanıması və Qarabağda olanları "nasizm və stalinizm"in üzərinə atması onun hansı səviyyədə "ədalətli" və "sülhsevər" olduğunun göstəricisidir"

Bünyamin Qəmbərli: "Papa Fransiskin riyakarlıq edərək işlətdiyi bu ifadə təkcə qərbin siyasətçilərinin deyil, eyni zamanda dini qüvvələrinin də antitürk, antiislam və antişərq mövqeyini aşkar şəkildə üzə çıxardı"

Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Papa Fransisk çıxış edərək, "erməni soyqırımı"nı XX əsrin ilk soyqırımı adlandırıb. Ayindən sonra Roma Papası erməni liderlərə yazılı mesaj da verib. O, Tanrıdan türk və erməni toplumlarının uzlaşmasını, Dağlıq Qarabağ münaqişəsində tezliklə sülhün əldə edilməsini arzuladığını deyib. Fransiskin uydurma soyqırımın 100 illiyi ərəfəsində məlum ifadələri söyləməsi və Dağlıq Qarabağda baş verənlərə görə günahı "nasizm və stalinizm"in üzərinə atması Azərbaycanda hiddətlə qarşılanıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Telman Siyabov bildirib ki, Roma Papasının həqiqətdən uzaq olan fikirlərinə təəccüblənmək lazım deyil:"Çünki bu, bir xristian həmrəyliyidir. Xristianların da dünya düzənində törətdiklərini saymaqla qurtarmaz. Sözdə sülhün tərafdarı olan xristian dünyası əməldə başqa işə imza atırlar. Gəlin görək dünya müharibələrini kimlər törədib? Təbii ki, xtistian dövlətləri. Və törədilən müharibələrin nəticəsində saysız-hesabsız insanlar ölüb, şikəst olub, itkin düşüb, şəhərlər xarabazarlığa çevrilib, dövlətlərin mədəni sərvətləri dağıdılıb. Bu gün xristian dövlətləri, başda ABŞ olmaqla müsəlman ölkələrində çaxnaşma yaradır, insanları bir-birinə qırdırırlar. Yaxın tariximizdə baş verən bir fakta diqqət edək. Corc Buş hakimiyyəti illərində İraqı darmadağın elədi. Guya İraq nüvə silahı hazırlayır. Halbuki məqsədi bəlliydi-İraqın neftlə zəngin torpaqlarında hegomonluq eləmək. İraqa hərbi müdaxiləsini "demokratiya və insan haqlarını bərqərar etmək" kimi dünyaya sırımağa çalışan Corc Buş hakimiyyətdən getdiyi zaman etiraf elədi ki, İraqın nüvə silahı hazırlamaq fikri olmayıb və onlara səhv məlumat veriblər. Budur xristian dünyasının haqq-ədalət prinsipi. İllərdir İraqda qan su yerinə axıdılır. Hər gün demək olar ki, terror hadisəsi törədilir. Səbəbkar kimdir? Təbii ki, ABŞ və onun havadar xristian dövlətləri".
BAXCP funksionerinin sözlərinə görə, Roma Papası əgər ədalət çarçısıdırsa, Dağlıq Qarabağda baş verənləri öz adıyla çağırsın:"Və bildirsin ki, Ermənistan silahlı qüvvələri işğalçı əməlləriylə Azərbaycanın 20 faiz torpaqlarını zəbt ediblər. Xocalıda soyqırım törədiblər. 1 milyondan artıq insan öz yurdundan qaçqın və məcburən köçkün düşüb. Ancaq bunun əvəzinə Roma Papasının ermənilərin qondarma soyqırımlarını tanıması və Dağlıq Qarabağda olanları "nasizm və stalinizm"in üzərinə atması onun hansı səviyyədə "ədalətli" və "sülhsevər" olduğunun göstəricisidir"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilati məsələlər üzrə katibi Bünyamin Qəmbərli "Roma Papası Fransiskin 1915-ci il olayları ilə bağlı dediyi "soyqırım" ifadəsi Türkiyədə olduğu kimi Azərbaycanda da böyük hiddət doğurdu"-deyə bildirib. Onun fikrincə, 100 il bundan əvvəl baş verənlərin ermənilərin dediyinə uyğun olduğunu sübut etmək mümkün olmadığı halda bu olayları "soyqırım" adlandıran Papanın həmin dövrdə ermənilərin rusların əlaltısına çevrilərək, ingilislərdən, fransızlardan və digər qüvvələrdən yardım alaraq təkcə Türkiyədə deyil, eyni zamanda ,Azərbaycanda da türk və müsəlman əhaliyə qarşı törətdiyi faciələrdən bir kəlmə söz deməməsi, hətta ermənilərin 20 il bundan əvvəl Xocalıda və Qarabağın digər bölgələrində törətdiyi vəhşilikləri görməzdən gəlməsi və susmasının yalnız bir adı var-riyakarlıq:"Təbii ki, Papa Fransiskin riyakarlıq edərək işlətdiyi bu ifadə təkcə qərbin siyasətçilərinin deyil, eyni zamanda dini qüvvələrinin də antitürk, antiislam və antişərq mövqeyini aşkar şəkildə üzə çıxardı. Vatikan kilsəsinin səlib yürüşlərində oynadığı rol, tarixən türklərə qarşı nifrət və kin aşılaması, papaların müxtəlif dövrlərdə kralların və dövlət başçılarının əlaltısı olması bizlərə məlum idi. Amma son dövrlərdə insan oğlunun edə biləcəyi ən böyük tərbiyəsizlik və cinayətlərin - narkotikdən tutmuş seks qalmaqalına, uşaqbazlığa qədər bütün ağıla gəlməyən ən iyrənc işlərin Vatikanda baş verməsi isə bizə buranın heç bir zaman ruhani bir yer olmadığını, Roma Papasının isə ruhanı rəhbər olmadığını sübut elədi. Bizim kənddə belə yerə şeytan yuvası, bu işə rəhbərlik edənlərə isə şeytana papış tikən deyirlər".