Azərbaycan Özbəkistanla saziş imzaladı Siyasət

Azərbaycan Özbəkistanla saziş imzaladı

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti mayın 19-da Özbəkistanın fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə bu ölkədə qısamüddətli rəsmi səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən məlumata görə, səfər zamanı K. Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Özbəkistanın fövqəladə hallar naziri T. Xudayberqenovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli görüş keçirilib.
Görüşdə Azərbaycan FHN-lə Özbəkistan FHN arasında fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Görüşün sonunda "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
19 may 2015-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məlumat daxil olan kimi nazir Özbəkistanda nəzərdə tutulan bütün digər görüşlərini dərhal təxirə salaraq təcili Bakıya qayıdıb.