Krım Ukraynaya Qarabağı xatırladır Siyasət

Krım Ukraynaya Qarabağı xatırladır

Ukrayna səfiri: "Azərbaycan da 90-cı illərdə bu cür avantüranın qurbanı olub"

"Ukrayna xalqı səfərbər olmağa və öz vətənini müdafiə etməyə hazırdır". APA-nın xəbərinə görə, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.
Krımda separatçıların təşkil etdiyi referendumla bağlı mətbuat konfransı keçirən səfir Azərbaycanın da 90-cı illərdə bu cür avantüranın qurbanı olduğunu xatırladıb: "Eyni imzadır. Sadəcə, icraçılar dəyişib, metodlar eynidir. Rusiya Sovet İttifaqının ən pis ənənəsini götürüb - bu, dünya düzəninin dəyişdirilməsi və ərazi bütövlüyünün pozulmasıdır. Rusiya həyasızcasına bunu heç gizlətməyə də çalışmır. Rusiya əmin idi ki, Ukrayna onunla təkbətək qalacaq və onlar Krımı udacaqlar. Lakin bu gün dünya ictimaiyyəti heç vaxt olmadığı qədər birləşib".
Diplomat Krım parlamentinin legitim olmadığını söyləyərək bu prosesdə iştirak edənlərin hamısının Ukrayna qanunları əsasında cəzalandırılacağını vurğulayıb: "Ukrayna öz silahlı qüvvələrini ən yüksək hazırlıq vəziyyətinə gətirib. Biz hər cür təcavüz gözləyirik".
A. Mişşenko qeyd edib ki, dost rus xalqını Kremlin siyasəti ilə eyniləşdirməmək lazımdır: "Biz Rusiyanın Ukraynaya qarşı açıq təcavüzünün şahidi olduq. Ukraynanın Konstitusiya Məhkəməsi və Ali Radası Krımda keçirilən referendumun nəticələrini tanımır. Rusiya dünyaya güc siyasətini təklif edir. Yəni, əgər sən nüvə silahına maliksənsə, nə istəsən edə bilərsən. Biz Ukraynanın əvvəlki iqtidarınının yürütdüyü siyasət sayəsində ərazilərin qoparılmasının şahidi olduq. Şimali Koreya və Suriya istisna olmaqla, dünyanın heç bir ölkəsi Rusiyanın siyasətini dəstəkləmədi".
Kremlin siyasətini faşist siyasəti adlandıran A.Mişenko qeyd edib ki, Rusiya mətbuatı Ukraynada milli azlıqların hüquqlarının pozulması ilə bağlı əsassız məlumatlar yaymaqla ictimaiyyəti çaşdırır.