“Əsas maneə Dağlıq Qarabağ məsələsidir” Siyasət

“Əsas maneə Dağlıq Qarabağ məsələsidir”

İyunun 16 və 17-də Cenevrə şəhərində BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Çaloka Bəyani Azərbaycana səfərlərinin yekununa dair hesabatlarını BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim ediblər. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bəlli olduğu kimi, BMT-nin Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Çaloka Bəyani 18-24 may 2014-cü il tarixlərində, Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu isə 18-27 avqust 2014-cü il tarixlərində Azərbaycanda işgüzar səfərdə olublar. Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəsmi veb saytında bildirildiyi kimi İşçi Qrupunun hesabatının təqdimatı zamanı Qrupun sədri və məruzəçisi Michael K.Addo səfər dəvətinə və səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib. İşçi Qrupu öz hesabatında son illər ərzində Azərbaycanda iqtisadi inkişaf, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, habelə korrupsiyaya qarşı mübarizə sahələrində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb. Bununla yanaşı, İşçi Qrupu ölkəmizdə biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Azərbaycanın Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd edib. Ermənistan nümayəndə heyətinin etirazına cavab olaraq M.Addo Ermənistan tərəfini BMT Baş Assambleyasının 62/243 (2008) saylı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsini nəzərdən keçirməyə çağırıb. BMT-nin Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Çaloka Bəyani də hesabatın təqdimatı zamanı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşması, onların yaşayış yerləri ilə təmin olunması sahəsindəki tərəqqini xüsusilə qeyd edib və hökumətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Xüsusi Məruzəçi hesabatda məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişənin tezliklə həll edilməli olduğunu qeyd edib və bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının 62/243 (2008) saylı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsinin yerinə yetirilməsinə çağırıb. Məruzəçi eyni zamanda, Azərbaycanlı məcburi köçkünlərin məsələsini xüsusi diqqəti altında saxlayacağını bildirib və bu istiqamətdə Azərbaycan hökuməti ilə mövcud konstruktiv əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulayıb.