Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti Layihə

Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti

QHT sektorunda problemlərin yaranma səbəbləri və həlli yolları

Müstəqilliyin bərpasından sonrakı mərhələdə bir sıra demokratik təsisatlar kimi qeyri-hökumət təşkilatlarının da formalaşması prosesi başlayıb. Ölkədə 3000-ə qədər qeydiyyatdan keçmiş QHT və xeyli sayda qeydiyyatsız qrup mövcuddur. Ölkədə mövcud QHT-lərin sayını nəzərə alsaq, orta hesabla hər 3000 vətəndaşa təxminən bir QHT düşdüyünü qeyd etmək olar . Kəmiyyət prizmasından qiymətləndirsək Azərbaycan kimi müstəqillik yoluna yeni qədəm qoymuş ölkələr üçün bu pis göstərici deyil. Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üçün Azərbaycan hökuməti son illərdə bir sıra ciddi addımlar atıb. Yerli və xarici QHT-lərə qrantların ayrılması və informasiya dəstəyinin verilməsi məqsədilə Azərbaycan hökuməti 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasını təsis edib və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi Konsepsiyası təsdiq edilib. Dövlət orqanları nəzdində yaradılmış ictimai nəzarət şuralarını, QHT və hökumət təmsilçilərindən formalaşan şəbəkələri və işçi qruplarını da hökumətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığına nümunə göstərmək olar. Digər tərəfdən, 2013 və 2014-cü illər ərzində Milli Məclis QHT-lərin hökumət qarşısında hesabatlılığını artıran bir sıra qanunvericilik dəyişiklikləri qəbul edib. Qrant vəsaitlərinin xərclənməsi üzərində bankların nəzarəti də artırılıb. Bu dəyişikliklər QHT-lərin fəaliyyətində hesabatlılığın və şəffaflığın artırılmasına xidmət etsə də, yeni öhdəliklərin icrası adminstativ problemlər yaradır ki, bu problemləri də həll etmək üçün bütün tərəflərin iştirakı ilə cəhdlər göstərilir. Vətəndaş cəmiyyəti idarəetmə, menecment və maliyyə vəsaitlərinin cəlb edilməsi sahələrində ixtisaslaşmış kadrlara, institusional potensialının artırılmasına, həmçinin şəffaflığın və hesabatlılığın inkişaf etdirilməsinə ehtiyac duyur. Maliyyələşmənin davamlı olmaması QHT-lərin ictimai həyatda fəal iştirakına ciddi maneələr yaradır və ölkənin ictimai-siyasi gündəliyinə təsir imkanlarını azaldır. Vətəndaşları ictimai məsələlər barəsində məlumatlandırmaq, ortaq problemlərin həlli üçün insanların təşkilatlanma, resursları səfərbər etmə və birgə işləmə potensialını inkişaf etdirmək, hüquqi yardım göstərmək istiqamətində vətəndaş cəmiyyəti daha uğurlu fəaliyyət göstərə bilir. Vətəndaş cəmiyyəti büdcənin formalaşdırılması və büdcə xərcləri üzərində nəzarət imkanları, hökumətin hesabatlılığına nail olunması və hökumətin siyasətinin formalaşmasında iştirakını artırmalıdır. Azərbaycanda vətəndaş cəmiyyəti hələ tam yetkin deyil, o, institusional potensialının artırılması və konsolidasiya kimi ağrılı proseslərdən keçir.
"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi bu məsələni apardığı sorğuya əsasən təhlil edib. Bildirilib ki, struktur və təşkilatlanma Azərbaycan qanunvericiliyi universal olaraq qeyri-hökumət təşkilatları kimi tanınan qurumlara ya ictimai birlik ya da fond anlayışlarını şamil edir. Qanuna əsasən ictimai birlik ümumi məqsədlər əsasında birləşmiş bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış qeyri-kommersiya qurumudur, fond isə bir və ya bir neçə fiziki və ya hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilə və sosial və ya digər ictimai-faydalı məqsədlər daşıya bilər. Beynəlxalq təcrübədə tez-tez rast gəlinən, bir neçə təşkilatın ümumi məqsədlər ətrafında birləşərək yaratdığı forum, platforma və ya koalisiya kimi geniş anlayışlar Azərbaycan qanunvericiliyində mövcud deyil. Lakin qanunvericilikdə "ittifaq" kimi təşkilati-hüquqi forma nəzərdə tutulmuşdur ki, bu da bir neçə hüquqi şəxslərin birləşməsini mümkün edir. QHT birlikləri öz hədəflərinə çatmaq, maliyyə əldə etmək məqsədilə ictimai birlik formasında qeydiyyatdan keçməyə cəhd edirlər, çünki bu həm qanunun tələbidir, həm də donorlar tərəfindən maliyyələşmək üçün bir qayda olaraq QHT-lərin hüquqi qeydiyyatı ilkin şərtdir. QHT-lər aldıqları qrant vəsaitlərini də rəsmi olaraq qeydiyyatdan keçirməlidirlər. Azərbaycanda vətəndaş cəmiyyəti xeyli fəaldır. Ölkədə 3000-ə qədər qeydiyyatdan keçmiş QHT və xeyli sayda qeydiyyatsız qrup mövcuddur. Yerli və xarici QHT-lərə qrantların ayrılması və informasiya dəstəyinin verilməsi məqsədilə Azərbaycan hökuməti 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasını təsis edib.
Qiymətləndirmə
Qanunvericilik vətəndaş cəmiyyəti üçün əlverişli mühiti nə dərəcədə təmin edir? Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə ciddi ehtiyac var. QHT-lərə Dövlət Dəstəyi Şurası və QHT-lər mütəmadi olaraq qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış edirlər. Məsələn, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanda 17 may 2012 tarixində təşkil olunmuş 1-ci Vətəndaş Cəmiyyəti Forumu digər tövsiyələrlə yanaşı, həm də qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketini hökumətə təqdim edib. Birləşmək hüququ Azərbaycanda Konstitusiyanın 58-ci maddəsi 9 və Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi10 ilə təmin olunub. QHT-lərin fəaliyyətinin hüquqi çərçivəsi Azərbaycan Respublikasının Konstitusiyası, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında, Qrant haqqında, Könüllü fəaliyyət haqqında qanunlar, Qrant alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları və sair normativ aktlarla müəyyən edilir. QHT-lərin fəaliyyət göstərməsi üçün qeydiyyatdan keçməsini Azərbaycan qanunvericiliyində açıq tələb edən müddəa əvvəllər mövcud deyildi, lakin 15 fevral 2013-cü il tarixində Milli Məclis Qrant haqqında və QHT-lər haqqında 17 qanunlara bir sıra dəyişikliklər edərək QHT-lərin fəaliyyət göstərməsi üçün qeydiyyatdan keçməsi şərtini açıq şəkildə təsbit etdi. 15 fevral 2013-cü il tarixində İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə 18 görə isə 200 manatdan artıq vəsaitlər üçün donorla qrant müqaviləsi imzalanmalıdır; qrant müqaviləsi olmadan maliyyə vəsaiti və ya başqa maddi formada yardımın qəbul edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2,500 manatdan 5,000 manatadək, hüquqi şəxslər isə 8,000 manatdan 15,000 manatadək miqdarda cərimə ediləcək.
17 Dekabr 2013-cü il tarixində QHT-lərin fəaliyyətiləbağlı növbəti qanun dəyişiklikləri qəbul edilib. Bu dəyişikliklərdən biri – İnzibati Xətalar Məcəlləsinin 223-1.4-cü maddəsinin yeni redaksiyası Ədliyyə Nazirliyində qeydiyyata alınmamış qrant müqavilələri üzrə bank və digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər üçün 2,500 manatdan 5,000 manatadək, hüquqi şəxslər isə 5,000 manatdan 8,000 manatadək miqdarda cərimə nəzərdə tutur. 17 Dekabr 2013-cü il dəyişikliklərindən, sonra 17 Mart 2013-cü il tarixində Mərkəzi Bankın İdarə heyətinin qərarı qəbul olunub. Banklara tapşırılıb ki, qrant verilməsi və ya alınması ilə bağlı nağdsız hesablaşma və pul köçürmələri əməliyyatları yalnız qrant verilməsi və ya alınması haqqında hər bir müqavilənin qeydə alınmasını təsdiq edən sənəd təqdim olunduqda aparılsın. Bu da bankların qeydə alınmamış qrant müqavilələri üzrə əməliyyatların keçirilməsinə görə cərimələnməsindən ehtiyatlanması ilə bağlı olmuşdur. Son dəyişikliklərdən sonra qrantı Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirdikdən sonra qurumdan alınan bildirişi müvafiq banka tədim etmək və bunun əsasında maliyyə əməliyyatının aparılmasına nail olmaq olar. Bu sahədə əsas problem ondan ibarətdir ki, Mərkəzi Bankın qərarında açıq şəkildə sənədin təqdim edilməli olduğu bildirilsə də, qanunda və ya Prezidentin fərmanında belə bir öhdəlik göstərilmir. Ədliyyə Nazirliyi tərəfindən qrantların səmərəli onlayn reyestri aparılır və bu məlumatlar ictimaiyyətə açıqdır. Banklar isə Mərkəzi Bankın qərarını əsas gətirərək məlumatları sənəd formasında tələb edirlər, hətta bəzi hallarda artıq qeydiyyatdan keçmiş qrantlara da rəsmi bildiriş tələb edərək yeni tənzimləmələrin qüvvəsini geriyə tətbiq edirlər. Həmçinin bəzi banklar qeydiyyata alınmış qrant müqaviləsi ilə nəzərdə tutulan vəsaitlər hər dəfə hesaba köçürülən zaman, yəni hər tranş zamanı yenə bildirişlər tələb edirlər. Bəzən bu tənzimləmələr Azərbaycan hökuməti tərəfindən verilən qrantlara da şamil edilir, halbuki qanuna əsasən bu qrantları donor təşkilatlar özləri qeydiyyatdan keçirməlidir . Yeni dəyişikliklər QHT-ləri öz fəaliyyətlərini və xərclərini daha şəffaf və hesabatlı göstərməyə sövq etsə də, digər tərəfdən qanunun təcrübədə tətbiqi onların fəaliyyətlərində ləngimələrə səbəb olur. QHT-lərə Dövlət Dəstəyi Şurası bəzi vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bu problemlərin həllinə nail olmaq üçün işçi qrupu təşkil edib . Müvafiq qanunvericiliyə əsasən qeydiyyat qaydalarına görə qrant müqaviləsinin notariusda təsdiq edilmiş nüsxəsi Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Ümimiyyətlə isə qrantların notariuslar tərəfindən qeydiyyatı prosesində təkmilləşdirməyə ehtiyac var. Ədliyyə Nazirliyi isə bürokratik prosedurların əngəl olmaması üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradıb. Bəzi hallarda notariuslar qrant müqavilələrinin müəyyən edilmiş tələblərə cavab vermədiyini əsas gətirərək onları təsdiq etməkdən ehtiyatlanırlar. Qanunvericilikdə donorla, qrant alan arasında imzalanan qrant müqavilələrinin dəqiq formatı haqqında aydın qaydalar mövcud deyil. Qanunda qeyd olunur ki, müqavilədə (qərarda) qrantın məqsədi, məbləği, predmeti və əgər donor tərəfindən resipiyent qarşısında hansısa şərtlər qoyulmuşdursa, həmin şərtlər göstərilməlidir. Bundan savayı hər donorun ayrı qrant müqaviləsi forması mövcuddur. Digər bir çətinlik Azərbaycandan kənarda yerləşən donorlarla imzalanan qrant müqavilələrinin təsdiqi ilə bağlıdır. Belə ki, texniki cəhətdən bir çox hallarda qrant müqavilələrinin orijinal nüsxələrini əldə etmək çətin olduğundan onu skanlanmış versiya əvəz edir. Dəyişikliklərdən sonra yaranan bürokratik problemlərin aradan qaldırılması üçün Ədliyyə Nazirliyi QHT-lər üçün vahid elektron pəncərə sistemini tətbiq etməyə başlayıb. Korrupsiyaya qarşı islahatları təşviq edəcək potensial və koalisiya imkanlarını müəyyən etmək məqsədilə Şəffaflıq Azərbaycan təşkilatının vətəndaş cəmiyyəti (QHT rəhbərləri və üzvləri) arasında apardığı son sorğudan belə məlum olur ki, vətəndaş cəmiyyəti vergi sistemini orta qiymətləndirir.

Cavid

(Davamı var)