İnkişaf etmiş dövlətlərdə vətəndaş cəmiyyətləri Layihə

İnkişaf etmiş dövlətlərdə vətəndaş cəmiyyətləri

Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizim prinsiplrinə, qanunlara və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur. Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştrakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətcisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür. İnkşaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi;sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir. Vətəndaş Cəmiyyəti – dövlət hakimiyyəti tərəfindən fəaliyyətlərinə birbaşa müdaxiləyə qanunla yol verilməyən azad fərdlərin və onların birliklərinin ümumi maraq, məqsəd və dəyərlər naminə könüllü kollektiv fəaliyyət sferasıdır. Vətəndaş Cəmiyyəti (VC) dövlət, bazar və ailə ilə yanaşı sosial strukturun dörd əsas komponentindən biridir. Uğurlu vətəndaş cəmiyyətinin əsas keyfiyyətləri bunlardır: dövlətdən və kommersiya sektorundan ayrı olmaq; ümumi ehtiyac, maraq və dəyərləri olan insanlar tərəfindən formalaşdırılmaq; kənar təsirlərdən və nəzarətdən azad, müstəqil inkişaf imkanlarına malik olmaq. Vətəndaş cəmiyyəti özütəşkil olunan və öz-özünə inkişaf edən bir sistemdir. Bununla yanaşı, yüksək inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli şəkildə fəaliyyət göstərir və inkişaf edir. Belə bir şərait isə dövlət tərəfindən və ya onun əksinə olaraq xeyli dərəcədə cəmiyyətin özü tərəfindən yaradılır. Dövlət lazımi qanunların qəbulu, demokratik strukturların formalaşdırılması, hamılıqla qəbul olunmuş norma və prosedurlara ciddi riayət etməsi və hüquqlara təminat yaradılması yolu ilə VC-nin inkişafına və müstəqil fəaliyyətinə şərait yaradır. Vətəndaş cəmiyyətini, eyni zamanda, dövlətdaxili münasibətlərin inkişafına təsir göstərən insan qruplarının təşkilatlanmış fəaliyyəti, sosial şəbəkələşmə kimi də müəyyən etmək olar. İctimai rifah naminə şüurlu və aktiv fəaliyyət kimi vətəndaş təşəbbüsləri, vətəndaş cəmiyyətinin əsas dinamik xüsusiyyətini təşkil edir.
Vətəndaşların birləşmək və dövlətin və cəmiyyətin idarə olunmasında iştirak hüquqları, insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olmaqla, ölkə qanunları ilə müəyyən edilir. Bu və digər hüquqlardan istifadə etməklə, vətəndaşların müxtəlif formalarda cəmiyyətin həyatına qatılmaq, ona təsir etmək və təşəbbüslər göstərmək imkanları vardır. Vətəndaş cəmiyyəti dövlət və özəl sektordan kənarda vətəndaşların ən müxtəlif səviyyəli müstəqil birliklərinin kompleksini təşkil edir. İnkişaf etmiş ölkələrin təcrübəsi gəstərir ki, belə birliklər sırasına ənənəvi olaraq dini birliklər, siyasi partiyalar, vətəndaş hərəkatları, ticarət və peşə assosiasiyaları, qeyri-hökumət təşkilatları, icma əsaslı təşkilatlar və bütün digər vətəndaş birlikləri aid edilir. Cəmiyyətin dövlət və biznes sektoruna daxil olmayan bütün belə birliklərinin məcmusu beynəlxalq təcrübədə Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) adlandırılır. Bu birliklərin ən səciyyəvi xüsusiyyəti budur ki, onlar dövlətdən və yerli özünüidarəetmədən fərqli olaraq kütləvi hakimiyyətə və ya rəsmi səlahiyyətlərə malik deyillər, bir qayda olaraq öz daxili qaydaları əsasında təşkil olunur və fəaliyyət göstərirlər. Bu birliklər hakimiyyətin həyata keçirilməsində bilavasitə iştirak etməsələr də, hakimiyyətə müxtəlif vasitələrlə təsir imkanına malikdirlər.

Azərbaycanda vətəndaş cəmiyyəti: o nə qədər siyasi olmalıdır?


Vətəndaş cəmiyyəti dedikdə Azərbaycanda siyasi proseslərdən kənarda yer alan və daha çox qeyri-hökumət təşkilatları, daha doğrusu, ictimai birliklər və bu tip qurumlarda təmsil olunan şəxslərin olduğu toplum başa düşülür. Belə çıxır ki, əgər fərd fəaldırsa və siyasi mövqeyə malik deyilsə, o, vətəndaş cəmiyyətinin yaradıcısıdır. Bəs əslində necə olmalıdır, əsl vətəndaş cəmiyyətini təşkil edənlər kimlərdir, siyasilər buraya nə qədər aiddir?
İlkin olaraq qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətinin ən kiçik və sadə elementi fərdlərdir. Lakin bütün fərdlər vətəndaş cəmiyyətinin həqiqi üzvü ola bilmirlər. Vətəndaş yalnız öz istəyi ilə müəyyən mərhələlərdən keçərək sosiallaşmış şəxsiyyətə çevrilir və ancaq bundan sonra o, vətəndaş cəmiyyətinin sosial bazasına daxil olur. Sosiallaşma - insanın cəmiyyətə adaptasiyası, yəni cəmiyyətin fəal bir üzvünə çevrilməsi deməkdir. Başqa sözlə, sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. Liderlik isə şəxsiyyət kimi formalaşmanın ən yuxarı pilləsidir. Z.Freyd bunu "super ego" adlandırırdı. Hazırda qeyri-hökumət təşkilatlarının rəhbərlərini, üzvlərini, təbii ki, fəal olanlarını bu kateqoriyaya aid etmək olar. Çünki şəxsiyyət kimi formalaşmada bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də mövcuddur. Sosial amil dedikdə ictimai-siyasi fəaliyyət nəzərdə tutulur ki, nəticədə fəal vətəndaşı məhz bu yaradır.
Göründüyü kimi, sosial təsir amili ictimai-siyasi fəaliyyəti də nəzərədə tutur. Ona görə sosiallaşma ilə yanaşı siyasi sosiallaşma anlayışı da mövcuddur. Siyasi sosiallaşma - insanların siyasi münasibət və davranışlarında əks olunan bir prosesdir. Prosesin yüksək nöqtəsi də siyasətdə birbaşa iştirak və ya siyasi qərarlara təsiretmə gücüdür.
Siyasi sosiallaşma üçün vacib olan ilk amil siyasəti anlamaq, maraqlanmaq, fikir yürütmək və məsələlərə münasibət bildirməkdir. Cəmiyyətin siyasi həyatı da məhz insanlar arasındakı siyasi əlaqələrin ifadəsi və cəmidir.
Beləliklə, proses vətəndaşda siyasi fikri, cəmiyyətdə isə ictimai-siyasi rəyi formalaşdırır. Deməli, siyasi düşüncə daşıyıcıları da birmənalı olaraq vətəndaş cəmiyyəti institutlarına daxildirlər. Həm də onun ən yüksək pilləsində qərarlaşan, cəmiyyətin daha dərinliklərinə nüfuz edən, ona təsir imkanları yüksək olan hissəsidir. Bunu sosiallaşma ilə siyasi sosiallaşmanın müqayisəsindən də açıq-aydın görmək mümkündür. Belə ki, insan ilk növbədə sosiallaşma prosesini seçir. Artıq bu zaman vətəndaş cəmiyyətinin həqiqi üzvünə çevrilir. Növbəti mərhələdə siyasi sosiallaşma prosesinə qoşulur ki, bu da onun siyasi fəal vətəndaş olub-olmamasından, bunu istəyib-istəməməsindən asılıdır. Vətəndaş cəmiyyətinin qeyri-siyasi üzvünün siyasi sosiallaşma prosesinə qoşulması mütləq deyil. Bu, şəxsiyyətin dünyagörüşündən, xarakterindən asılıdır. Həm də nəzərə almaq lazımdır ki, hər bir cəmiyyət özünə uyğun sosiallaşmış vətəndaş yetişdirir.
Vətəndaş cəmiyyətinin siyasi sosiallaşma prosesini keçən üzvləri öz funksiyalarını ya fərdi qaydada, ya ictimai birliklər, ya da siyasi partiyalarda birləşərək yerinə yetirirlər. Hazırda çox yanlış olaraq belə bir düşüncə formalaşmaqdadır ki, siyasi fəaliyyət yalnız partiyalarda həyata keçirilə bilər. Halbuki araşdırmalar da göstərir ki, bir çox ictimai birliklər də siyasi proseslərin analizi və proqnozlaşdırılması ilə məşğul olurlar. Onların siyasi partiyalardan fərqi var və ən qabarıq görünəni də hakimiyyət uğrunda mübarizə aparmamalarıdır.
Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların formalaşdırılması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. Siyasi partiyaların mövcudluğu ölkə daxilində vətəndaş cəmiyyətinin varlığının yüksək mərhələsindən xəbər verir. Çünki formal şəkildə olsa da, totalitar rejimlərdə ictimai birliklər fəaliyyət göstərirlər. Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir. Təbii ki, bunlar olmadan ictimai birliklərin və siyasi partiyaların varlığı formal xarakter daşıyardı. Deməli, vətəndaşın sosiallaşması üçün azadlıqlar tələb olunursa, siyasi sosiallaşması üçün daha artıq azadlıqlar təmin edilməlidir.

Cavid

(davamı var)