Vətəndaş cəmiyyəti və əxlaq məsələləri Layihə

Vətəndaş cəmiyyəti və əxlaq məsələləri

Azərbaycan xalqının yaratdığı əxlaqi dəyərlər tarixən dəyişmiş, onun etnik varlığının, tarixi mövcudluğunun ilkin dövründə mənəvi həyatı inkişaf etdirən xalqın aparıcı nümayəndələri maddi və milli-mənəvi dəyərlər yaratmışlar. İnsanların vətəndaş cəmiyyətinə, hüquqi dövlətə və bir-birinə olan münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din yerinə yetirir, ənənəvi cəmiyyətlərin dağılması demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir. Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək, ta qədim dövrlərdən indiyə kimi gəlib çıxmışdır. Azərbaycan cəmiyyətində xalqın özünə məxsus olan və milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət haqqında etiketlər yaranıb. Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümumilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Müşahidələr göstərir ki, sözügedən məfhumun qavranılması gənclərin milli dəyərlərə nə dərəcədə bağlı olması ilə ölçülür. Aydın məsələdir ki, bunun üçün də birinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə müvafiq mühit olmalıdır. Çünki milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir. Bunula paralel vətənpərvərlik məfhumu var ki, onun mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdan ibarətdir. Bu bağlılıq həm də mənsub olduğu millətin etik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və milli qürur kimi hallanır. Burada Vətənin xarakteri, mədəni incilərini qorumaq da vətənpərvərlik keyfiyyətinə aiddir. Bu hissin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dininə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur. Etiraf edilməlidir ki, ulu öndərin vətənpərvərlik təlimi çox mühüm dəyərə malikdir.
Qeyd edək ki, milli mənəvi dəyərlərimizin bir hissəsi olan əxlaq məsələləri də həmişə aktuallıq kəsb edib.
Ekspert Mütəllim Rəhimli deyib ki, ölkəmizdə siyasi partiyaların ictimai fikirə təsir mexanizmləri və imkanları zəiflədikcə vətəndaşların baş verən prosesləri özlərinin təhlil edərək adekvat nəticələr çıxarması yaranmış situasiyada alternativ axtarışlarının nəticəsi kimi meydana çıxır... Belə bir dönəmdə müstəqillik dövrünün məhsulu olan, fəal vətəndaşların toplaşdığı ictimai birliklərin – daha doğrusu, qeyri-hökumət təşkilatlarının çəkisi və rolu artmış olur. Dövlət müstəqilliyinin əldə edilməsi ilə yalnız onu öz yanında görən insanlar QHT-lərə güvənməkdədir. Siyasi intriqaların cəmiyyəti cana doydurduğu bir vaxtda köməyə ehtiyacı olanlara az-çox əl tutmağa çalışan vətəndaş cəmiyyətinin bu institutları ictimai fikrin inam bəslədiyi çevrələrdir: "Əgər fikir versək, görərik ki, yeni müstəqillik əldə etmiş ölkələrdə cəmiyyətlərə Qərbin müdaxiləsi də məhz QHT sektorundan başlayır. Qərbdə də, təbii ki, bizim cəmiyyətlər üçün yeni yaranan, hələ "çirkaba bulaşmamış", mahiyyətcə də vəzifəsi ictimai mənafeləri müdafiə etmək olan bu qurumların fəaliyyətini və gücünü qiymətləndirirlər. Lakin cəmiyyətin inamı və rəğbəti sonsuz deyil. Ona görə, QHT-lər də cəmiyyətin bu etibarından sui-istifadə edərək özünü nüfuzdan salmamalıdır. Təəssüf ki, son vaxtlar vətəndaş cəmiyyətinin klassik məzmun-mahiyyətini dərk edə bilməyən bəziləri bu sahəyə eybəcərliklər gətirməkdədir. Məsələ burasındadır ki, bu sfera nə qədər qanunların gücü ilə tənzimlənsə də, bir o qədər də yazılmamış qanunlarla nizama salınır. Deməli, burada mənəvi, əxlaqi kateqoriyalar kifayət qədər vacibdir və üstünlük təşkil etməlidir. Vətəndaş cəmiyyətinin istər daxilində, istərsə də onun cəmiyyətlə münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Bu səbəbdən də vətəndaş cəmiyyətinin aparıcı fiqurlarının özləri kifayət qədər əxlaqlı, milli-mənəvi dəyərlərə bağlı şəxslər olmalıdır.
Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din icra edir, ənənəvi cəmiyyətlərin dağılması, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir.
Qeyd etmək lazımdır ki, son dövrlərin diqqət mərkəzində olan və həssas münasibətlə əhatələnən vətəndaş cəmiyyətlərində özünütənzimləyən münasibətlər sistemi iki sferadan formalaşır: vətəndaş cəmiyyətlərini təşkil edən fəal insanların özlərinin davranışlar məcmusundan və onu izləyən vətəndaşlarla münasibətlərin cəmindən.
Sistemin birinci tərəfi tələb edir ki, şəxs özü əxlaqlı olmalıdır. Bu da başa düşüləndir. Çünki cəmiyyətin qayğıları ilə məşğul olan və fəaliyyət sahəsi də təmənnasız xidmətə söykənən insan başqa cür ola da bilməz. Ona görə, bu fəaliyyət sahəsi prinsipcə özü yüksək əxlaq, mədəniyyət tələb edir və bunlarla həmahəng fəaliyyətlə vəhdətdədir".
Onuyn fikrincə, insanlar çalışdıqları sahələrdəki fəaliyyətləri ilə özləri üçün cəmiyyətdə bir obraz formalaşdırmaqdadır: "Çox maraqlıdır ki, son dövrlər köbələk kimi artan şou-biznes əhli, müğənnilər haqda heç də yaxşı olmayan ictimai fikir formalaşmaqdadır. Müğənni olmaq istəyirsənsə, "səsin olması vacib deyil", "həyat yoldaşından boşanmalı", "qısa geyinməli", "dedi-qodulara qoşulmalı" və "sponsor tapmalısan" fikirləri həqiqi sənətkarları da hörmətdən salır. QHT liderləri bax bu cür ictimai qənaətdən qorxmalı və ona rəvac verəcək hərəkətlərdən uzaq olmalıdır. Əks halda onlar cəmiyyətə təsir güclərini, mexanizmlərini itirmiş olarlar.
Sistemin ikinci tərəfinə, yəni vətəndaş cəmiyyətinin liderlərinin insanlarla münasibətlərinə gəldikdə isə burada düzgünlük, sözə bütövlülük, ədalətlilik əsas dəyər olmalıdır. Vətəndaş cəmiyyətinin liderləri "almaqdan" deyil, "verməkdən" həzz almağı bacarmalıdırlar. Onlar cəmiyyətə daha çox fayda verəndə ləzzət almalıdırlar, bu onların həyat meyarı olmalıdır. Nəinki gördükləri işin müqabilində daha çox maddi gəlirlər əldə etdikdə sevinməlidirlər. Çox təəssüf ki, biz son dövrlər bəzən bu tendensiya ilə qarşılaşırıq. İmkan vermək olmaz ki, QHT sektoru "qovulmuşların" at oynatdığı, dəyərlərin alınıb-satıldığı alver məkanına, ara düzəldənlərin oylağına çevrilsin.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə obyektiv qiymət verilməsi üçün cəmiyətin özünün də əxlaqi-mədəni səviyyəsi yetərli səviyyədə olmalıdır. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda qanunların mahiyyəti, onlara əməl olunmasının mədəniyyət olduğu dərk olunmur. Bu zaman vətəndaş cəmiyyətlərinin hərəkətləri də adekvat başa düşülmür. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə, mütiləşmə, şəxsiyyətsizləşmə baş verir. Bu zaman əyrilik, qanunları pozmaq qəhrəmanlıq, əxlaq, mənəviyyat isə geridə qalmaq kimi qiymətləndirilir. Bir sözlə, əhalinin keyfiyyəti aşağı düşür. Vətəndaş cəmiyyəti institutları cəmiyyəti məhz bu çatışmazlıq sindromundan xilas etmək üçün səfərbər olmalı, bilavasitə daimi olaraq özünü təkmilləşdirməli, əxlaqi-mənəvi dəyərlərə bağlılığını artırmalıdır. Aparılan maarifləndirmə işlərinin əsas hədəfi də buna yönəlməlidir.Ona görə də ilk növbədə özlərinin davranışlar sistemi yüksək əxlaq normaları çərçivəsində olmalıdır. Çünki hələ vaxtilə dahi sərkərdə Napaleon deyirdi ki, ən yaxşı əmr şəxsi nümunədir. Ona görə də vətəndaş cəmiyəti institutlarının cəmiyyətə dediklərini öz əməlləri təsdiq etməli, bunlar arasında zərrə qədər də olsa fərq olmamalıdır".
O, əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihələrin də əsas qayəsini cəmiyyətin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əxlaq qaydalarına uyğunlaşdırılması təşkil etməlidir. Yəni elə layihələr həyata keçirmək lazımdır ki, insanlar qanunların tələb etdiyi qadağa prinsipi ilə deyil, əxlaq normalarının verdiyi icazə sistemi ilə münasibətlərini tənzimləsinlər.

Əli