“Bütün dövlət qurumlarında belə ictimai nəzarət qurumları yaradılmalıdır” Layihə

“Bütün dövlət qurumlarında belə ictimai nəzarət qurumları yaradılmalıdır”

"İctimai iştirakçılıq haqqında" qanun qəbul olunduqdan sonra artıq bütün bunlar vahid bir sistemdə yaradılacaq"

II yazı

MQF prezidenti əlavə edib ki, İnsan hüquqları müvəkkili (Ombudsman) "İnsan hüquq və azadlıqları milli fəaliyyət proqramı"nın icraçısı kimi üçüncü sektorla sıx əməkdaşlıq edir: "Habelə əlaqədar nazirliklər bu sərəncamdan irəli gələn müddəalara hörmətlə yanaşaraq, onun icrasını həyata keçirməklə QHT-lərlə sıx əlaqələr qururlar. Təəssüf ki, bəzi nazirliklər var ki, onlar vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etməyə ehtiyac duymurlar. Hesab edirəm ki, bu çatışmazlıqları qeyd etmək lazımdır. Bununla yanaşı ümidvaram ki, belə nazirliklər, dövlət komitələri də QHT-lərlə bağlı dövlət başçısı İlham Əliyevin göstərişlərini, qərarlarını, yanaşmasını nəzərə alaraq, üçüncü sektorla əməkdaşlığa maraq göstərəcəklər. Çünki vətəndaş cəmiyyətinin qurulması təkcə bir qrup şəxslərə, fədailərə aid deyil. Vətəndaş cəmiyyəti bütövlükdə dövlət səviyyəli bir məsələdir. Odur ki, üçüncü sektorla əlaqələr qurmayan ayrı-ayrı nazirliklər, məmurlar bu məsələyə diqqətlə yanaşmalı və bu sahədə olan qərarları, konsepsiyaları, eləcə dövlət rəhbərlərinin vətəndaş cəmiyyəti institutlarına yanaşmasını nəzərə almalıdırlar. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında doqquzuncu fəsil məhz vətəndaş cəmiyyətinin inkişafına həsr edilib. Mən sizin qəzetin tribunasından istifadə edərək QHT-lərlə əməkdaşlıqda maraqlı olmayan bəzi məmurlara deyirəm ki, o konsepsiyanı açıb oxusunlar. Müstəqillikdən sonrakı illər ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasını, dövlətimiz tərəfindən bu sahəyə ayrılan diqqət və qayğıya məmnuniyyətlə yanaşır, bunu müsbət qiymətləndiririk. Fikrimcə, Azərbaycan dövləti, iqtisadiyyatı daha da gücləndikcə, eləcə də imkanlar genişləndikcə biz regionlarda da vətəndaş cəmiyyətini gücləndirəcəyik. Regionlarda yeni təlim və resurs mərkəzləri tikəcəyik. Bununla da regionlarda vətəndaş cəmiyyətinin müvafiq strukturları inkişaf eləyəcək. Nəticədə biz gənclərimizi, vətəndaşlarımızı vətəndaş cəmiyyəti institutlarının işinə geniş şəkildə cəlb edə biləcəyik. Bu işlərin nəticəsində isə ölkəmizdə yüksək səviyyəli vətəndaş cəmiyyətinin formalaşmasına nail olacağıq. Güclü vətəndaş cəmiyyətinin yaradılması isə insanlarımızın yad, kənar təsirlərə məruz qalmasının, ona qoşulmasının qarşısını almaqla bərabər, vətəndaşlarımızın ölkəmizin, dövlətimizin, vətəndaş cəmiyyəti institutlarımızın inkişafında yaxından iştirak etməsinə səbəb olacaq. Bu, onlar öz vətəndaş təşəbbüslərini inkişaf etdirməsi ilə yanaşı, onların iş yerləri ilə təmin olunması, təlimatlanması, təşkilatlanması deməkdir. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin inkişafını dedikdə biz bu məqamları nəzərə almalıyıq".
O, həmçinin diqqətə çatdırıb ki, bəzi nazirliklər, məsələn Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi bizim hələ lap əvvəllərdən əməkdaşlıq etdiyimiz nazirliklərdir: "Ədliyyə Nazirliyində Penitensiar Xidmətdə İctimai Nəzarət Komitəsində uzun zamandır ki, təmsil olunuruq. Gənclər və İdman Nazirliyi yaranan vaxtdan gənclər təşkilatları orada İctimai Komitənin üzvüdürlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə son illərdə əməkdaşlığa başlamışıq. Bu Nazirliyin nəzdində İctimai Şura yarandı ki, biz sözügedən qurum vasitəsi ilə əməkdaşlığımızı genişləndirdik. Doğurdan da burada təmsil olunmağımız sosial siyasətin həyata keçirilməsində xeyli faydalı oldu və böyük işlərlə nəticələndi. Bu məqamlar sözügedən nazirliklərin ictimai sektora açıq olmasının, sıx əlaqələrin göstəricisidir. O nazirliklər ki, vətəndaş cəmiyyəti ilə əlaqələrin qurulmasında, ictimai nəzarətin, şəffaflığın təmin olunmasında, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılmasında, dövlət proqramlarının effektiv həyata keçirilməsində, ümumiyyətlə, bütün bu məsələlərdə QHT-lərin iştirakında maraqlıdırlar, onlar özləri üçüncü sektorla münasibətlərin qurulmasına təşəbbüs göstərirlər. Məsələn, Müdafiə Nazirliyində İctimai Şura olmasa da onlarla bizim yaxşı işbirliyimiz var. Tez-tez sərhəd bölgələrinə səfərlər təşkil edilir və biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq orada fəal iştirak edirik.
– Hərbi hissələrə səfərlər bizim şəffaf şəkildə ordumuzun, əsgərlərimizin vəziyyətini görməyimiz üçün mühüm əhəmiyyət daşıyır. Məhz biz gördüklərimizi cəmiyyətə çatdırırıq. Belə səfərlər eyni zamanda, xırda problemlərin aradan qaldırılmasına təkan oldu. Biz rəsmi şəkildə İctimai Şura olmasaq da müntəzəm olaraq görüşür və hərbi hissələrə səfərlər edir və monitorinqlər həyata keçiririk. İqtisadi İnkişaf Nazirliyində İctimai Şuranın yaradılması ilə bağlı müsbət cavab almışıq. Bu proses gedir.
Hesab edirəm ki, bütün dövlət qurumlarında belə ictimai nəzarət qurumları yaradılmalıdır. "İctimai iştirakçılıq haqqında" qanun qəbul olunduqdan sonra artıq bütün bunlar vahid bir sistemdə yaradılacaq. Dövlət başçısı da bunu tələb edir ki, bütövlükdə bütün nazirliklərin, dövlət komitələrinin işində şəffaflıq olmalı, vətəndaş cəmiyyəti bu işlərdə yaxından iştirak etməlidir. Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər və digər nazirliklərlə sıx əməkdaşlığımız var. Amma təəssüf ki, digər bəzi nazirliklər haqqında bunu demək olmur. Onların nəyi gözlədiyini anlaya bilmirəm. Əməkdaşlıqla bağlı qanunvericilik bazası, qərarlar, sərəncam var və belə olan təqdirdə onlar nəyi gözləyirlər? Əməkdaşlıq etmək lazımdır. İnanıram ki, yaxın gələcəkdə digər nazirliklər və dövlət komitələri ilə də bu prosesə müsbət yanaşacaq və QHT-lərlə sıx əməkdaşlıq edəcəklər. Bu bizim həm hüquqi dövlətimizin, həm də vətəndaş cəmiyyətimizin inkişafına müsbət təsir göstərəcək".
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf perspektivləri ilə bağlı düşüncələrini bölüşən MQF prezidenti "Azərbaycan dövləti "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını qəbul edib", - deyə vurğulayıb: "Orada QHT-lərin digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə də dövlətimizin i inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb. Ona görə də üçüncü sektorun inkişafı ilə bağlı başqa hansısa sənəd, konsepsiya aparmağa ehtiyac yoxdur. Çünki bu konsepsiyada hər şey göstərilib. QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə də regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək. Həmçinin QHT-lərin ofislə təmin edilməsi, maddi-texniki bazasının yaradılması və ya yaxşılaşdırılması məhz üçüncü sektorun inkişafına kömək olacaq addımlardandır. Bütün bunlar QHT-lər üçün şəraitin yaradılmasıdır. Bu imkanların yaradılması, mövcud problemlərin həll edilməsi isə daha çox insanın, geniş kütlələrin bura cəlb edilməsi deməkdir. İnsanların öz asudə vaxtlarını təşkil etməsi, gənclərin təşkilatlanması, təcrübələnməsi, müxtəlif bilik və bacarığa yiyələnməsi, ofis, kompüter, dili biliklərinə yiyələnməsi məhz QHT-lərin daha güclü olması nəticəsində baş verə bilər. Bütün bunlarla yanaşı, nəticədə insanların vətəndaş cəmiyyəti institutlarının mahiyyətini anlaması, onu öyrənməsi gələcək fəaliyyəti üçün böyük bir əsas təşkil edir. Eyni zamanda veteranların, şəhid ailələrinin, əlillərin və onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının müdafiə edilməsi vətəndaş cəmiyyəti olaraq bizim başlıca vəzifələrimizdən biridir.
Ona görə də üçüncü sektorun perspektivi var. Yəni cəmiyyətimizdə savadlı, ziyalı, təşkilatlanmış, təhsilli, eləcə də xaricdə təhsil almış gənclərimiz mövcuddur. Ümumiyyətlə cəmiyyətimizdə müxtəlif təbəqələr var və bütün bu insanların vətəndaş cəmiyyətinin işində yaxından iştirak etməsi, bura cəlb edilməsi məqsədi ilə biz işimizi daha daha da inkişaf etdirməli, təşkilatlanmalı və geniş iş aparmalıyıq. Bunları həyata keçirmək üçün isə dövlət dəstəyi vacibdir. Bunlardan biri dövlət sosial sifarişinin vətəndaş cəmiyyətinə daha çox etibar etməsidir. Hesab edirəm ki, dövlət sosial sifarişləri daha çox QHT-lərə verilməlidir. Bu vasitə ilə üçüncü sektorun dövlət proqramlarının icrasına daha geniş cəlb olunmaqla burada balansını artırmaq lazımdır. Bu yeni iş yerlərinin açılması ilə bərabər, eyni zamanda dövlət vəsaitinin əldə edilməsi və işin daha da gücləndirilməsi, səmərəliliyin artırılması deməkdir. Bütün bunlar eyni zamanda vətəndaş cəmiyyətinin səfərbər edilməsi anlamını daşıyır. Biz bu gün kiçik layihələr həyata keçiririk. Biz tez-tez xarici qonaqlarla görüşürük. Onlar bizə sual verirlər ki, siz belə böyük təşkilat, koalisiya olduğunuz halda nə üçün kiçik layihələr həyata keçirirsiniz? Hesab edirəm ki, belə məqamlar aradan qaldırılmalı və balanslaşdırılmalıdır. Həmin o perspektiv, inkişaf məsələlərində bütün bunlar nəzərə alınmalıdır. Dövlət büdcəsi hesabına müxtəlif istiqamətlərdə həyata keçirilən dövlət proqramlarına QHT-lər aktiv şəkildə cəlb edilməlidirlər. Bu da heç şübhə yox ki, gələcək perspektivdə vətəndaş cəmiyyətinin sivil, beynəlxalq standartlara uyğun inkişafına müsbət təsir göstərə bilər".

Əli