Azərbaycan Xalq Cümhuriyyəti dövründə vicdan azadlığı Layihə

Azərbaycan Xalq Cümhuriyyəti dövründə vicdan azadlığı

Bu gün müasir Azərbaycanda da bu azadlıq Konstitusiya çərçivəsində qorunur

Cavid

İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Fərdi azadlığı ali xeyir kimi səciyyələndirən ingilis filosofu Con Stuart Mill hələ XIX əsrdə yazdığı "Azadlıq haqqında" əsərində insan azadlığı haqqında deyirdi: "Canlılar aləminin insanı daim tərəqiyyə
can atan bir növüdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz". İngilis mütəfəkkiri əsarəti, köləliyi azadlığın düşməni hesab edirdi: "Təfəkkür azadlığı təkcə dahi başların yetişdirməsi üçün zəruri deyil... O, qadir olduqları ən yüksək əqli inkiaşf səviyyəsinə çata bilmələri üçün adi insanlara daha çox lazımdır. Ümumi mənəvi və əqli köləlik mühitində belə fövqəladə zəkalar olub və yenə də yarana bilər, lakin belə mühaitdə heç vaxt intellektual cəhətdən fəal xalq olmayıb və olmayacaq".
Böyük Azərbaycan mütəfəkkiri M.F.Axundov da azadlıq ideyasının icra olunmasını dövlətin əsası hesab edirdi. Axundov konstitusiyalı dövləti şəxsi azadlığı təmin etməyə çağırırdı: "Etiqad ayrılığı sayəsində insan azadlıq şüurundan məhrum ola bilməz".
Azadlığı insanın təbii hüququ hesab edən Azərbaycan mütəfəkkiri onu ümumbəşəri tərəqqinin zəruri şərti kimi səciyyələndirirdi. Qərb filosofları kimi Axundov da hər bir fərdə öz fikirlərini azad surətdə söyləmək, azad şəkildə yaymaq hüququ verilməsini istəyir, "azadlıq dedikdə, birinci növbədə, fikir, düşüncə, söz, tənqid azadlığını, fərdlərin şəxsi azadlığını nəzərdə tuturdu.
Azərbaycan tarixinin şanlı səhifələrindən olan Xalq Cümhuriyyətimizin təşəkkülü XIX əsrin, sonu XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. O, ədəbiyyatda və mətbuatda, milli və ideoloji mübarizələrin səngərində yarandı və bir əsrədək müddətdə müstəmləkə zülmü altında inləyən xalqın azadlıq harayının carçısına çevrildi. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb.
Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq-mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi. Amalı millət yolu, haqq yolu olan AXC yarandığı ilk gündən "türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını rəhbər tutaraq həyatın bütün sahələrində geniş islahatlara başladı.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların hüququ, siyasi, dini azadlıqları təmin edilir, müstəqil Azərbayacan dövləti qeyri-dini, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi: "Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir".
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə mövqeyi aydın idi. Bunun ən gözəl təcəssümü bayraqdakı yaşıl rəngdir. M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
Vicdan azadlığı 1918-ci il mayın 28-də yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik fəaliyyətinin təməl prinsiplərindən birini təşkil edirdi. O vaxta qədər rus imperiyası azərbaycanlılar arasında dini ayrılığı daha da dərinləşdirmək məqsədilə əhalini sünnü və şiə məzhəblərinə bölüb, onların müstəqil ruhani idarələrini yaratmışdı. İmperiya 1872-ci il aprelin 5-də, 1917-ci il iyulun 17-də azərbaycanlıları bir-birinə zidd məzhəblərə parçalayan qərəzli sərəncamlar vermişdir.
"Lisanımızı, qövmiyyəmizi, tariximizi, tariximizə zinət verən böyüklərimizi, qəhrəmanlarımızı, dinimizi... ləkədar etmək istəyən qərəzkar rəqiblərimizə çox kərə özümüz aldanıb inanıyoruz, bunların nə niyyət və məqsədlə yazılmış və yazılmaqda olduğunu bilmiyoruz" ("Həyat", 10 iyun 1905-ci il, Əlibəy Hüseynzadə).
Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri Məmməd Əmin Rəsulzadənin təklifilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi. Azərbaycan Xalq Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa Rəfibəyovun sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzhəb ayrı-seçkiliyini rədd edən, mütərəqqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs idi.
Molla Ağa Əlizadə Azərbaycanda ilk Xalq Cümhuriyyətinin yaranmasını ürəkdən alqışlayan din xadimlərindən idi. Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının birinci ildönümü münasibətilə o demişdir: "Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqlə söyləmək və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında - orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-təalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar. İstiqlal hər bir tayfaya və hər bir şəxsiyyətə lazımdır".
Bu zaman Azərbaycan Xalq Cümhuriyyəti vicdan azadlığını təmin etmək sahəsində ilk addımlarını atırdı. Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşların istədikləri dinə riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların birində iştirak etmək, habelə, heç bir dinə riayət etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürdü.
M.Ə.Rəsulzadə yazırdı: "Erkək-qadın, müsəlman-xristian, türk - türk olmayan - məslək, rütbə, təbəqə, məqam, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmləkət idarəsində iştirak edir, qanun yapan quruluşlara girmək haqqına dəxi sahib idilər".
Burada cinsi, milli, sinfi bərabərliklə yanaşı, dini bərabərliyin də qeyd olunması vicdan azadlığı probleminə ciddi fikir verildiyini göstərir. Azərbaycan Xalq Cümhuriyyətində müsəlman məscidlərilə yanaşı, çoxlu xristian, yəhudi və təriqətçilərin ibadət evlərinin asudə fəaliyyət göstərməsi də buna əyani misaldır. Təkcə Bakı şəhərində 10 rus pravoslav kilsəsi, polyak-katolik kostyolu, nemes-lyuteran kirxası, molokan, baptist və yevangelist xristianların təriqətçi ibadət evləri, habelə, hər bir qeyri-müsəlman dini təşkilatın öz dini tədris məktəblərinin asudə fəaliyyət göstərməsi Azərbaycan Xalq Cümhuriyyətinin vicdan azadlığı sahəsində çox demokratik mövqe tutmasını və dini bərabərlik prinsipinə əməl etdiyini göstərir.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin tərkibi müxtəlif millətlərin və dinlərin nümayəndələrindən təşkil edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentində beş müsəlman fraksiyası, Müsavat partiyasının 38, rus-pravoslav dininin 10 deputat mandatı var idi. Bundan əlavə, yəhudilərin, gürcü və polyak xristianlarının nümayəndələri də parlamentdə təmsil olunmuşdular.
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini ayin (dua oxunması və s.) icra edilmədi. Bütün dinlərdən olan deputatlar bərabərhüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabərhüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmaya bilməzdi.
Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu taleyüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu. Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox maraqlıdır.
Bu gün də müasir Azərbaycan Respublikasının Konstitusiyasında azadlıq hüququ (maddə 28), fikir və söz azadlığı (maddə 47), vicdan azadlığı (maddə 48), sərbəst toplaşmaq azadlığı (maddə 49), məlumat azadlığı (maddə 50), yaradıcılıq azadlığı (maddə 51) öz əksini tapıb. Müasir Azərbaycan Respublikasında hər kəsin azadlıq hüququ var. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və xaricə gedə bilər.
Şəxsi azadlıqlar içərisində vicdan (etiqad) azadlığı da xüsusi yer tutur. Azərbaycan Konstitusiyasının 48-ci maddəsində hər kəsin vicdan azadlığına malik olması, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Vicdan azadlığı fərdi və kollektiv hüquqdur. Hüquqi dövlət bu hüququ qanunlarla qoruyur, dini əsasda düşmənçiliyə qarşı sərt qaydalar müəyyənləşdirir.