Xaricdəki soydaşlarımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşiblər Layihə

Xaricdəki soydaşlarımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşiblər

Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Dövlət xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşır. Diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər Heydər Əliyev həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa çağırıb. O xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan edib. Xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərək müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə alıb. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil. Elə bu səbəbdən də dövlət dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirib, bu sahədə ardıcıl siyasət aparılır.
Diaspor quruculuğu sahəsində dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirməkdən ibarətdir. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil birgə qüvvə təşkil etmək səylərinə ciddi fikir verir. Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azəbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin ətraflı müzakirəsinin zəruriliyini nəzərə alaraq 2001-ci il mayın 23-də xüsusi sərəncam imzalamış, həmin sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmişdir. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Dövlət komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Artıq dünya azərbaycanlıları istədikləri vaxt öz paytaxtlarına gələ və öz problemlərini müzakirə edə bilərdilər. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq oldu.
2002-ci ildə Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında" qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi. Qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Həmçinin imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda vergi, gömrük güzəştləri nəzərdə tutulur. Bu qanun ölkəmizin diaspor və lobbi quruculuğu sahəsindəki fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini müəyyənləşdirən mühüm sənəd kimi təqdirəlayiqdir. Hazırda Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində 400-ə yaxın birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərir.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoymuşdur. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Diaspor təşkilatlarımız tərəfindən keçirilən tədbirlər, Azərbaycan həqiqətləri ilə bağlı dərc olunan məqalələr, yayımlanan verilişlər soydaşlarımızın milli birliyini təcəssümüdür. Yaponiyanın internet televiziyasında bir verilişin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilməsi də təsadüfi deyildi. Belə ki, dekabrın 28-də Tokioda "World Investors TV"-nin 2015-ci il üçün sonuncu canlı buraxılışı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilib. Verilişin xüsusi qonağı olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti, doktorant tələbə Əlibəy Məmmədov Azərbaycanın milli bayramları haqqında ətraflı məlumat verib. Azərbaycanın coğrafi-mövqeyi, milli bayramları və dövlət əhəmiyyətli günləri haqqında danışan soydaşımız Dünya Azərbaycanlıların Həmrəyliyi Günü bayramı ilə əlaqədar çıxışında bu günün tarixini və əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildikdən sonra tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz böyük fəxr və qürur hissi ilə bu günü qeyd edirlər. Azərbaycan diasporunun fəallığı, xaricdəki soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək Azərbaycanın tanıtımı istiqamətində iştirakının vacibliyini də tokialı tamaşaçıların diqqətinə çatdırıb. Verilişin produseri İşida Kazuyasu isə bildirib ki, yaponların da belə bir günə ehtiyacı var və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü buna çox gözəl nümunə ola bilər. Qeyd edək ki, bu, sayca həmyerlimizin sözügedən verilişdə 3-cü çıxışı idi. İlk çıxışını cari ilin oktyabr ayında yapon şirkətlərinin Azərbaycana axını mövzusuna, noyabr ayındakı ikinci çıxışını isə Azərbaycan Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr edib.
Azərbaycan xalqı böyük xalqdır. Bizim hamımızın bir Vətəni vardır - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək. İndi azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılması, bu ideyanın geniş ictimai dəyər qazanması diaspora təşkilatlarımızın da üzərinə düşən vəzifələrdəndər. Etiraf edilməlidir ki, artıq Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Məhz həmin mədəniyyət və incəsənət nümunələrinin xaricdə yaşayan soydaşlarımız arasında yayılması ilə real naliyyətlər əldə etmək mümkündür. Bununla respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, diasporun daha da inkişaf etdirilməsinə nail olmaq olar. Xatırladaq ki, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsi, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsi dövlətin prioritet məsələlərindəndir. Dövlət hesab edir ki, güclü azərbaycanlı diasporunun ürəyi müstəqil Azərbaycanla, onun əsas ideyası olan azərbaycançılıqla döyünməlidir. Sirr deyil ki, bu taktika Azərbaycan dövləti tərəfindən diaspora təşkilatları qarşısında qoyulan ən vacib məsələlərdəndir. Belə halda diaspor təşkilatlarının dövlətin dəstəyi ilə fəaliyyət qurması daha uğula nəticələrə yol açır. Diaspor Komitəsinin də öz növbəsində bu işdə koordinasiya funksiyası uğurlu gələcəkdən xəbər verir.
Onu da qeyd edək ki, cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi mövcud olmalıdır. Onların əsas qanunda əks edilməsi ilə bərabər, insanların şüurunda, düşüncələrində, qəlbində olması vacibdir. Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir. Diaspora təşkilatlarımıza bu ideyanın aşılanması məhz onların uzunmüddətli və sistemli fəaliyyəti üçün zəmin yaratmış olur. Azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində nisbətən yeni yaranan anlayışdır. Bununla belə, son illər alim və tədqiqatçılar, ictimai xadim və yazarlar tərəfindən bu mövzuda bir sıra dəyərli məqalələr, monoqrafiya və dərsliklər yazılmış, azərbaycançılığın əsasları, mahiyyəti və konseptual tərəfləri şərh edilib.

Cavid