Azad mətbuatın inkişafına dövlət dəstəyi davamlıdır Layihə

Azad mətbuatın inkişafına dövlət dəstəyi davamlıdır

İnformasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə ehtiyac yaradır

Azərbaycanda müstəqil mətbuatın inkişafına əlverişli şəraitin yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birinin ardınca mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Bu sahələrə xüsusi diqqət yetirilməsi dünyanın nüfuzlu təşkilatları, ekspert və analitiklər tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmizdə azad sözün, fikir plüralizminin təmin olunması Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir, dövlətimizin mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT, Avropa Şurası və digər nüfuzlu qurumlarla münasibətlərinin intensivləşdirilməsindən xəbər verir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu sahəsində uğurlarını şərtləndirən mühüm amillərdəndir.
Məlum olduğu kimi, 1993-cü ildən etibarən hər il mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur. Bu gün bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu cür hərkətlər edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır. Bu reallıq önə çəkilir ki, mətbuat hər bir dövr üçün cəmiyyətin güzgüsü olaraq baş verən hadisələri heç bir təhrifə, inkara, qərəzə yol vermədən ictimaiyyətə çatdırmaq missiyasını yerinə yetirməlidir.
Bu baxımdan Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunmaqla hər bir ölkənin siyasətində bu sahənin inkişafına göstərilən diqqətə, yaradılan şəraitə bir daha nəzər salınır, müqayisəli təhlillər aparılır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunədir, azad mətbuatın inkişafına dövlət dəstəyi davamlıdır.
1998-ci ildə senzuranın ləğv edilməsi bu sahədə dönüş yaratdı. Senzuranın ləğvi təsadüfi deyildi və bir çox ölkələr üçün nümunə idi. Bu günə qədər Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib. İldən-ilə bu sahəyə ayrılan dövlət diqqəti, dəstəyi artıb. Son illər ərzində, Azərbaycan bu sahədə müxtəlif parametrlər üzrə çox böyük irəliləyişə nail ola bilib. 1993-cü ildən sonrakı dövr də Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə ictimai-siyasi sabitliyin yaradılması, insan hüquqlarının qorunmasının dövlətin siyasətinin prioritet istiqamətinə çevrilməsi, qanunun aliliyinin təmin edilməsi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri etdi.
Bu gün müstəqil Azərbaycan söz, fikir və mətbuat azadlığının inkişafı sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq edir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır.
Bu gün Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. Konstitusiyamızda demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı təsbit olunub. Müstəqil Azərbaycanda bəşəri dəyərlərə söykənən vətəndaş cəmiyyəti quruculuğu başlıca vəzifədir. Son 10 ilin reallıqları bunun konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Milli mətbuatımızın ənənələrini yarandığı gündən yazıları ilə bəyan edən "Əkinçi" qəzetinin 135 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, onların mənzil şəraitinin yaxşılaşdırılması haqqında sərəncamın imzalanması dövlətin mətbuata qayğısının bariz təcəssümü kimi xatırlanır. Ötən il milli mətbuatımızın 138 illik yubileyində jurnalistlər üçün tikilən binanın istifadəyə verilməsi dünyanın ən nüfuzlu mətbu orqanlarında da geniş işıqlandırıldı və Azərbaycan dövlətinin azad mətbuatın inkişafına xidmət edən addımlarından biri kimi dəyərləndirildi. Dünyada analoqu olmayan bu mühüm hadisə media ictimaiyyətinin rəğbətinə səbəb oldu. Həmin tarixdə "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti Prezident sərəncamı imzalandı. Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir.
Qeyd olunduğu kimi, demokratik cəmiyyətin vacib amillərindən olan azad mətbuata davamlı olaraq diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi də deyilənlərin bariz nümunələrindəndir. Dövlət başçısının 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasında əksini tapmış məsələlərin gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayınır. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları və ictimai birilkləri mövcuddur. Bütün bunlar mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir.
Göründüyü kimi, şərəfli inkişaf yol keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olub. Ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması peşəkar jurnalistlərimiz üçün, sözün əsl mənasında, geniş yaradıcılıq imkanları açır. Bütün bunlar təsdiq edir ki, Azərbaycan dövləti mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə, insan hüquqlarının qorunmasına bütün imkanların yaradılmasının tərəfdarıdır.
Məhz bu qayğının nəticəsidir ki, dövlət başçısı İlham Əliyev iki dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Ölkə Prezidenti bildirir: "Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir".
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, başqa ölkələrlə Azərbaycanı müqayisə etsək, son illər media sahəsində bəlkə də 100 ildə həyata keçirilməyən işlərin görüldüyünün şahidi olarıq: "Son bir neçə il ərzində Azərbaycan mediası üçün lazım olan bütün addımlar atılır və ölkə mediası kifayət qədər inkişaf dövrünü yaşayır". O bildirib ki, həm peşəkarlığın artırılması, həm sosial-iqtisadi problemlərin aradan qaldırılması, həm də qanunvericiliyin təkmilləşdirilməsi baxımından Azərbaycan mediası özünün ən yüksək dövrünü yaşayır: "Bunu ölkədə aparılan islahatlardan və həyata keçirilən tədbirlərdə müşahidə etmək olar. İnkişafın beynəlxalq səviyyədə görünməməsinin isə iki mühüm səbəbini qeyd etmək lazımdır. Birincisi ondan ibarətdir ki, bir sıra beynəlxalq təşkilatlar var ki, onlar elan olunmuş missiyalardan yox, maraqlarını güddükləri siyasi qrupların mənafeyindən çıxış edirlər. İkincisi isə Azərbaycanın özündə həmin beynəlxalq təşkilatlarla işləyən yerli qurumların özündə müəyyən problemlər var".
O, həmçinin əlavə edib ki, o təşkilatlarda ki, Azərbaycan üzrə yerli təmsilçilər peşəkar jurnalistlərdən, eyni zamanda milli vətənpərvər şəxslərdən formalaşıb, o zaman təşkilatların hesabatında Azərbaycandakı mövcud media durumu real şəkildə əks olunur: "Söhbət tək media durumunun təriflənməsindən getmir. Həmin hesabatlarda inkişafla yanaşı problemlər də göstərilir. Qeyri-peşəkar yerli təşkilatların nümayəndələrinin isə Azərbaycanla bağlı mövqeyində bir sıra problemlər özünü büruzə verir. Hesab edirəm ki, Azərbaycana qarşı qərəzli münasibət göstərən təşkilatların fəaliyyətindəki neqativ halları tənqid etmək və onları doğru yola çəkməklə yanaşı, onlarla əməkdaşlıq edən yerli təşkilatlarda da keyfiyyət dəyişikliklərinin əmələ gəlməsi istiqamətində ciddi işlər görülməlidir. Çalışmalıyıq ki, Azərbaycanın özündə beynəlxalq təşkilatlarla işləyən yerli qurumlar formalaşsın ki, onlar peşə fəaliyyəti ilə yanaşı Azərbaycan dövlətçiliyinə bağlı şəxslər olsun. Bununla da onlar qərəzli və yalançı informasiyalar yox, obyektiv reallığa uyğun informasiyalar versinlər".

Əli