“Ermənilər yalanlarının təbliğinə böyük vəsait ayırırlar” Layihə

“Ermənilər yalanlarının təbliğinə böyük vəsait ayırırlar”

Qabil Hüseynli: "Onlar çoxlu kitab və məqalələr çap etdirərək Qərb ictimaiyyətini çaşqınlığa salıblar"
Sabir Rüstəmxanlı: "Qarabağ məsələsi də təsadüfən ortaya atılmayıb"
Üzeyir Cəfərov: "Türk və islam dünyası ciddi hərəkət etsə yaxşı olar"

Ermənilər qondarma erməni soyqırımının 102-ci ildönümünü qeyd edirlər. Onlar bu istiqamətdə təbliğat ilşini daha da gücləndirərək, bu kartdan Dağlıq Qarabağ məsələsində də istifadə etməyə çalışırlar. Türklərin onlara qarşı soyqırm həyata keçirdiyini, bu düşmənçiliyin hələ də davam etdirildiyi yalanını dünyaya yayırlar. Bununla da Qarabağda Azərbaycan türkləri ilə birgə yaşamağın onlar üçün təhlükəli olması kimi iddialarla çıxış edərək beynəlxalq təşkilatların diqqətini öz üzrələrinə çəkməyə nail olmaq istəyirlər.
Politoloq Qabil Hüseynli bildirib ki, faktlara nəzər salanda, erməni yalanları açıq şəkildə görünür: "Onlar yalandan dünyaya yayırlar ki, guya türklər Şərqi Anadoluda 1,5 milyon ermənini qırıblar. Ancaq o dövrün statistik rəqəmləri, əhali siyahıyalamaları göstərir ki, həmin vaxtda Şərqi Anadoluda 7 - 9 yüz min arasında erməni yaşayışıb. Yəni, 7-9 yüz min ermənidən 1,5 milyonun qırıldığını demək bütün saxtakarlığı açıq şəkildə ortaya qoyur".
O qeyd edib ki, həmin dövrdə Şərqi Anadoluda olan ermənilərin böyük hissəsi qatarlarla daşınaraq Osmanlı imperiyasının cənubuna, indiki Adana, Mardin bölgəsinə, eləcə də Livan və digər ərazilərə köçürülüblər: "Onlardan 150-160 min nəfəri isə yolda xəstəlikdən ölüblər. Bütün bu faktlardan sonra qondarma soyqırımı yalanlarını dünya ictimaiyyətinə təqdim etmək ermənilər üçün xarakterik olan saxtakarlıq formasıdır".
Politoloq bildirib ki, ermənilər yalanlarının təbliğinə böyük vəsait ayırırlar: "Onlar çoxlu kitab və məqalələr çap etdirərək Qərb ictimaiyyətini çaşqınlığa salıblar. Soyqırım məsələsini sübut etmək üçün ilk növbədə məhkəmə qərarı olmalıdır. Məhkəmə qərarı üçün isə soyqırımı ilə bağlı video, audio yazılar, güclü şahid ifadələri gərəkdir. Bu haqda faktlar olmadığına görə, məhkəmə nəyə əsaslanıb qərar versin? Bunların heç biri olmadığı halda ermənilər ağızlarına gələn rəqəmi deyirlər. Qondarma soyqırımı iddiası ermənilərin yazıq obrazlarını yaratmaq üçün istifadə etdikləri təbliğat metodudur. Çox təəssüf edirəm ki, Avropanın bəzi ölkələri xristian təəssübkeşliyinə əsaslanaraq bu qondarma soyqırımı parlament səviyyəsində tanıyırlar".
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı "soyqırım"ın tanıdılması üçün erməni təbliğatının illər keçdikcə daha da gücləndiyini deyib: "Bu proses zəifləmir, əksinə, güclənir. Burada xristian dövlətlərinin rolu var, ermənilərə onlar da yardım edirlər. Xristian həmrəyliyi getdikcə güclənir. Rusların siyasətinin də ermənilərə xidmət etdiyi göz önündədir. Türk dövlətlərinin güclənməsini Rusiya istəmir. Qarabağ məsələsi də ona görə ortaya atılıb. Ərazilərimizi işğal edib ermənilərə verəndə məhz Rusiya bu məqsədi güdürdü. Erməni diasporu da getdikcə yayılır, təbliğat baxımından güclənir. Bir vaxtlar "soyqırım"ın olduğunu deyən dövlətlər indi "soyqırım yoxdur" deyənlərə qarşı cəzalar tətbiq edirlər. Türk xalqına, Türkiyəyə qarşı təzyiqlər etmək üçün ildən-ilə Qərb dünyasında bu məsələni dərinləşdirirlər. Dünyada bu yalanı qəbul edən dövlətlərin sayı artdıqca, təbliğat da güclənir. Vaxtilə Ermənistan SSRİ-nin tərkibində idi və onların siyasətinə uyğun şəkildə addım atırdı. Müəyyən qədər sərhədlər var idi. İndi Ermənistan müstəqildir və başında da terrorçular, dövlətçilikdən xəbəri olmayan şəxslər dayanıblar. Müstəqillikdən istifadə edərək, ildən-ilə Türkiyəyə qarşı fəaliyyətlərini genişləndirirlər. Daha geniş miqyasda anti-islam, anti-türk siyasətini aparırlar. Müstəqil dövlət olmaq da bu məsələdə böyük rol oynayır. Burada illər uzunu Türkiyənin o qədər də əhəmiyyət verməməsi də mühüm rol oynayır. Düzdür, son illərdə vəziyyət bu istiqamətdə bir qədər dəyişib".
Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, ümumiyyətlə hər il aprel ayında bizim bədnam qonşularımızın "qızdırması və təzyiqi" kəllə-çarxa vurur: "Bu gün də istisna deyil. "Kişilər" qondarma "erməni soyqırımı" iddiasının 102 illiyini qeyd edirlər. Özü də, bu həyasızlar bu günlə bağlı ilbəil min cür oyundan, hoqqalardan çıxırlar. Özü də bilə-bilə ki, artıq neçə illərdir ki, dünyada söz sahibi olan dövlətlər bu məsələdə öz mövqeyini bildiriblər və bundan sonra nə Amerika, nə Rusiya, nə də digər ermənipərəst qüvvələr özlərini bu yalançı tarixlə bağlı pis vəziyyətə qoymayacaqlar, əl çəkmirlər ki, çəkmirlər".
Onun sözlərinə görə, bu məsələ tarixçilər tərəfindən dəfələrlə araşdırılıb və əgər sizin nədənsə narazılığınız və narahatçılığınız varsa, buyurun, qoy siyasətçilər deyil, tarixçilər bu məsələni bir daha elə ermənilərin iştrakı ilə hərtərəfli araşıdrsınlar: "Yox, siz nə danışırsınız? Bunlar erməni olmazdılarki, əgər dünyanın zəhləsini tökməsəydilər. Nə qədər həyasız və nə qədər abırsız olmaq lazımdır ki, özləri uzaq tarixdə deyil, 90-cı illərdə azərbaycanlılara qarşı Xocalıda etdikləri soyqırım, ondan əvvəl isə türklərə, ümumiyyətlə müsəlmanlara qarşı etdikləri saysız-hesabsız cinayətlərə baxamayaraq, yenə hansısa qondarma "erməni soyqırımından" danışmağa davam edirlər. Əslində onlar bu yolla hamını bezdirib onlardan bu sözü dilə gətirməsini dilənirlər. Ən çox da Amerikadan umurlar ki birdən nə isə alınar.
Artıq neçənci prezident gəlib gedir də, amma bu bədbəxtlərin gözləri və qulaqları hələ də səsdədi ki, bəlkə nə isə alınar. Şəxsi düşüncəmə görə, özünə hörmət edən dövlət ermənilərin bu yalanına əgər illərlədir aldanmayıbsa, inşallah bundan sonra da aldanmayacaq və onların hoqqabazlığının genişlənməsinə rəvac verməz. Gələcəkdə bu mövzunun qapadılması üçün başda qardaş Türkiyə Respublikası olmaqla bütün türk və islam dünyası ciddi hərəkət etsə yaxşı olar".
Millət vəkili Fazil Mustafa isə təkliflə çıxış edib. O Türkiyə və Azərbaycan silahlı qüvvələrinin 24 aprel tarixində də birgə təlimlər keçirmələrinin vacibliyinə diqqət çəkib: "Mən Milli Məclisdə bir neçə dəfə belə bir fikir bildirmişdim ki, Azərbaycan-Türkiyə hərbi təlimləri 24 apreldə keçirilsə, daha yaxşı olar. Bu, ermənilərin qondarma soyqırım iddiasına bizim hədiyyəmiz olar. Bu, o anlama gələr ki, Azərbaycan və Türkiyə bir yerdədirlər, bir-birlərini müdafiə edirlər, həmrəyliyə sahibdirlər".
Araşdırmaçı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev vurğulayıb ki, "erməni məsələsi" Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlib və böyük dövlətlər özlərinin işğalçı məqsədlərini həyata keçirmək üçün ondan bir vasitə kimi istifadə ediblər: "Şərq məsələsinin mahiyyəti isə Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsindən, Türkiyənin bir dövlət kimi məhv edilməsindən, Türkiyənin torpaqları hesabına erməni bufer dövlətinin yaradılmasından ibarət idi. Habelə həmin məsələ Şərqə yiyələnmək uğrunda çar Rusiyası və Qərb dövlətləri arasında beynəlxalq münaqişələrin ifadəsi, Şərq xalqlarına qarşı işğalçılıq planlarının təzahürü idi. Şərq siyasətinin həyata keçirilməsi üçün ermənilərdən istifadə edildi və Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçildi. Birinci dünya müharibəsi zamanı Antanta dövlətləri müharibədə Almaniyanın tərəfində çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar. Bu təzyiq getdikcə gücləndi, hətta, 1914–cü il oktyabrın 29–da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə silahlandılar və hər yerdə türkləri qırmağa başladılar. Erməni silahlı dəstələri türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, körpələri nizəyə keçirirdilər. Ermənilərin bu vandalizmi nəticəsində 600 min türk öldürüldü. Təbii ki, Türkiyənin başı bu zaman müharibəyə qarışdığı üçün daxildəki prosesləri diqqətdən yayındırmışdı. Ancaq hadisələri belə görən Türkiyə dövləti və türk hərbi komandanlığı erməni cəlladlarına cavab vermək məcburiyyətində qaldı. 200 min erməni Türkiyədən ölkənin cənub hissələrinə, o cümlədən İraq, Suriya və digər yerlərə köçürüldü. Köçürülən ermənilərin bir hissəsi Qarabağda, Qərbi Azərbaycanda (indiki Ermənistanda), Bakıda məskunlaşdırıldı. Göründüyü kimi, baş verən qırğınların başlıca günahkarı ermənilər və daha çox ölən isə türklər olublar. Ancaq zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq və ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırıblar. Halbuki 1914–cü ildə Türkiyə ərazisində cəmi 1.294.851 nəfər erməni yaşayıb ki, bu da ümumi əhalinin cəmi 6,9 faizini təşkil edirdi".
Zaur Əliyev əlavə edib ki, Qərbin siyasi çevrəsi "erməni soyqırımı"nı tanısa da, ancaq tarixçilər tamam başqa cür düşünür: "Tarixçilər siyasətçilərin qərarına qarşı çıxırlar. İngilis yazıçısı və publisisti Katbert Frensis Dikson-Conson tərəfindən 1916-cı ildə yazılan "Ermənilər" kitabında "erməni genosidi" barədə ermənilərin özlərinin uydurduğu əfsanələri puça çıxarılır. O, qeyd edir ki, "Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir üzü vardır – o da hakimiyyət üçün yeni bir fürsətdir". O əlavə edir ki, ermənilərə üz vermiş ağır çətinliklərin, faciələrə gətirib çıxara biləcəyinin günahı, onları anlamadıqları işə təhrik edənlərin üzərinə düşür".
Buna baxmayaraq ermənilərin uydurma soyqrım iddialarını rədd edən faktlar da çoxluq təşkil edir. 2001-ci il martın 13-də İsveçrə parlamenti yunan əsilli deputat Cozef Ziyadisin Türkiyədə ermənilərin "soyqırımı"na məruz qalması haqqında ölkə parlamentinə təklif etdiyi qanun layihəsi rədd etdi. İsveçrə xarici işlər naziri Cozef Deiss ermənilərin saxtakarlığına işarə edərək: "…87 il əvvəl olduğu iddia edilən və əsli bilinməyən hadisəyə görə Türkiyə ilə əlaqələrimizi poza bilmərik…".
İnanırıq ki, dünya tarixi həqiqətləri biləcək, erməni millətçilərinin və erməni işbazlarının uydurduqları yalançı "soyqırımın" mahiyyətini anlayacaq və bu avantürist uydurmanı birdəfəlik dəf edəcək, tarixi ədalət arxiv sənədlərinin dili ilə zəfər çalacaq. O zaman zəka və müdriklik, tarixi ədalət qalib gələcək".

Əli