Azərbaycanlıların soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində Layihə

Azərbaycanlıların soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində

1-ci yazı
Ötən yüzilin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlıları ardıcıl şəkildə soyqırıma məruz qoymaları ilə bağlı dünyanın müxtəlif kitabxanalarında arxiv sənədləri qorunub saxlanılır. Belə mənbələrdən biri də Britaniya kitabxanasının 1918-1920-ci illərlə bağlı arxiv sənədləridir. Tarixçi Nigar Gözəlovanın bu mövzuda araşdırmasında vurğulanır ki, Britaniya kitabxanasının fondlarında saxlanılan arxiv sənədləri 1918-1920-ci illərdə Bakı, İrəvan və Gəncə (Yelizavetpol) quberniyalarının ərazisində erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı hadisələrini əks etdirən mühüm mənbələrdir. Bu qiymətli sənədlər Azərbaycan tarixinin indiyədək öyrənilməmiş, yaxud da hansısa məqsədlər üçün saxtalaşdırılmış məsələlərinin obyektiv araşdırılmasına geniş imkanlar açır: "Onların elmi dövriyyəyə ilk dəfə daxil edilməsi həmin sənədlərdə 1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı ilə bağlı ehtiva olunan bilgilərin tarixşünaslığımız üçün dəyərini daha da artırır. Çünki Britaniya kitabxanasının fondlarında saxlanılan sənədlər Britaniya imperiyasının yüksək rütbəli məmur və səlahiyyətliləri tərəfindən imzalanmış bir çox "tamamilə məxfi" raportlar və yazışmalarından ibarətdir. Bu raportlarda və daxili yazışmalarda 1918-1920-ci illərdə Cənubi Qafqaz regionunda yaşanan hadisə və proseslər haqqında Britaniya təmsilçilərinin gerçək dəyərləndirmələri öz əksini tapmış və məhdud sayda ali hakimiyyət nümayəndəsi üçün nəzərdə tutulmuşdu. 1918-ci ildə Cənubi Qafqaza müdaxilə ərəfəsində Böyük Britaniya hökuməti yerli xristianlara, hər şeydən öncə də ermənilərə böyük ümidlər bəsləyərək, Osmanlı ordusunun Qafqaza yürüşünün qarşısının alınmasında onlara bel bağlayırdı. Öz növbəsində, erməni siyasətçiləri ingilispərəst təbliğat xəttini tuturdular. Lakin Britaniyanın arxiv sənədlərindən bəlli olduğu kimi, tezliklə ingilis komandanlığı dərk etməyə başlamışdı ki, ermənilərin dəstəklənməsi və onlara kömək göstərilməsi Böyük Britaniyanın türk-müsəlman əhaliyə münasibətdə apardığı siyasətə ağır ziyan vurur. Belə ki, kapitan Noel 1918-ci il 22 yanvar tarixli məlumatında Azərbaycanda ingilislərə münasibətin pisləşməyə doğru dəyişməsi haqqında xəbər verirdi. O yazırdı: "Mən 6 həftə öncə orada olarkən tatar (azərbaycanlı - N.G.) icmasının liderləri bizlərə münasibətdə açıq şəkildə dostyana əhval-ruhiyyədə idilər. Fəqət indi, Bakıya qayıtdıqdan sonra mən aşkar etdim ki, onların davranışı yerini şübhəliliyə və pis gizlədilən düşmənçiliyə vermişdi. Bu, aşağıdakılar ilə izah olunur: 1) Bizim erməni mənafelərinə üstünlük verməyimiz haqqında rəy geniş yayılıb; 2) Ermənilər bu təəssüratı gücləndirir və ondan sərbəst şəkildə öz xeyirləri üçün istifadə edirlər; 3) Erməni milli alayının formalaşmasına verilən prioritet. Mən güman edirəm ki, bu, rus baş qərargahının bizim erməniləri dəstəklədiyimiz və müsəlmanlara güvənmədiyimiz haqqında görüşlərinə uyğundur. Mənim rəyimə görə, belə bir siyasət yanlışdır və ehtimal ki, fəlakətə gətirib çıxaracaq. Müsəlmanların maraqları onları qulaqardına vurmağın imkansız olduğu qədər güclüdür, ələlxüsus da rus ordusunun tezliklə dirçəlməsinə ümidlərin son dərəcə cüzi olduğu bir zamanda... Tatarlar (azərbaycanlılar - N.G.) Rusiyaya rəğmən özlərinin milli hərbi bölmələrini formalaşdıracaqlar və yaxşı olardı ki, bu bizim himayəmiz altında baş versin". Təsadüfi deyil ki, 1918-ci il fevralın sonunda müsəlman qəzaları Qafqaz ərazisinə ingilis qoşunlarının müdaxiləsinə qarşı Cənubi Qafqaz Seyminə öz etirazlarını bildirdilər və ingilis nümayəndələri ilə danışıqları kəsməyi tələb etdilər".
Araşdırmaçı bu qənaətə gəlir, 1918-ci ilin qanlı mart olayları ingilislərin ermənilərdən azərbaycanlılara qarşı istifadə edilməsi siyasətinin səhv olması qənaətini daha da möhkəmləndirdi: "Bəlli olduğu kimi, həmin hadisələrin gedişində bolşevik-daşnak silahlı birləşmələri tərəfindən Bakı quberniyası ərazisində müsəlman əhalinin soyqırımı həyata keçirilmişdi. Hindistandakı Britaniya qoşunlarının baş komandanı Londona 1918-ci il 20 iyul tarixli məxfi depeşasında bu barədə aşağıdakıları yazırdı: "Ermənilər özlərinin ingilislərin xüsusi himayələri altında olmaları haqqında tatarlar (azərbaycanlılar - N.G.) arasında açıq şəkildə lovğalanmaqla bizim ümumi işimizə böyük zərər yetirmişlər. Bu, britaniyalıların qəsdən antimüsəlman siyasəti yürütmələri barədə ziyanəvər rəyin ortaya çıxmasına rəvac verib, zira ermənilər çoxlu sayda tatarı qətlə yetiriblər". Britaniya qaynaqlarının bilgilərinə, o cümlədən Britaniya briqada generalı R.Qortonun 1918-ci il 8 dekabr tarixli məruzəsinə əsasən, həmin hadisələr zamanı "180 kənd dağıdılıb və çoxlu sayda tatar (azərbaycanlı - N.G.) qətlə yetirilib". Cənubi Qafqazda ilk erməni dövlətinin - 1918-ci il mayın sonlarında Ararat Respublikasının meydana gəlməsindən etibarən onun hökuməti qonşu Türkiyə, Azərbaycan və Gürcüstan hesabına özünün "böyük Ermənistan" yaradılmasına dair planlarının gerçəkləşdirilməsinə fəal surətdə girişmişdi. Tarixən heç bir zaman Cənubi Qafqazda mövcud olmayan milli erməni dövlətinin nəzərdə tutulan sərhədləri daxilində "toplanacaq" torpaqlar dairəsinə artıq Azərbaycan Respublikasının ayrılmaz parçası kimi təsbit olunmuş Naxçıvan, Zəngəzur və Qarabağ bölgələri, habelə Gürcüstanın da özünün malik olma hüquqlarını irəli sürdüyü Borçalı, Axalsıq və Axalkələk rayonları aid edilmişdi. Daşnak hökuməti müttəfiqlərin, ilk növbədə də İngiltərənin və ABŞ-ın köməyinə arxalanmaqla özünün "böyük Ermənistan" yaratmaq siyasətində uğur qazanmağa ümid bəsləyirdi. Bu zaman İngiltərədən birbaşa hərbi dəstək və siyasi tanıma, ABŞ-dan isə maliyyə yardımı və ölkənin idarəçiliyinə dair mandatın öz üzərinə götürülməsi gözlənilirdi.
Lakin tezliklə ermənilər xəyal qırıqlığına uğradılar. İngiltərənin hökumət dairələri ermənilərin planlarının tamamən absurd olduğunu etiraf etməli oldular. Məsələn, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Siyasi kəşfiyyat şöbəsi tərəfindən hazırlanmış 1918-ci il 28 oktyabr tarixli memorandumda göstərilirdi: "Erməni məsələsini çözərkən nəzərə alınmalıdır ki, onun cazibə mərkəzi Qafqazda deyil, Kiçik Asiyadadır; ermənilər Qafqaza əsasən qaçqın kimi son on illərdə Rusiya hakimiyyəti dönəmində gəliblər. Rusiya hökuməti burada onlardan gürcülər və tatarlar arasında ixtilafları təşviq etmək məqsədilə istifadə edib". 1918-1920-ci illərdə Ermənistanın silahlı qüvvələri müntəzəm olaraq Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü genişləndirərək Zəngəzura, Naxçıvana və Qarabağa soxulmuşdular. Vəziyyət o dərəcədə böhranlı idi ki, Naxçıvan ərazisində dinc əhalinin məhv edilməsi və erməni silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklərlə əlaqədar Qacar hökuməti adından Britaniya komandanlığına Şahzadə Əla-üs Səltənə etiraz təqdim etmişdi. Memorandumda göstərilirdi ki, çıxılmaz vəziyyətə düşən Naxçıvan əhalisi İrana yardım üçün müraciət edib və onun himayədarlığını xahiş edib. Sənəddə daha sonra qeyd edilir ki, "Əhalinin əksər hissəsini müsəlmanların təşkil etdiyi bu vilayətlərə ermənilərin təcavüzü mümkün məhvedici nəticələri üzündən böyük əndişə doğurur".
Lord Kerzona (Böyük Britaniyanın xarici işlər naziri, 1919-1923 - N.G.) məlumatında P.Koks qeyd edirdi: "Mən İran hökumətindən aldığım və erməniləri İrəvanda, Naxçıvanda və Qarsda müsəlmanlara qarşı vəhşiliklər törətməkdə ittiham edən memorandumun tərcüməsini əlavə etməyi və bu iğtişaşlara son verilməsi üçün müttəfiq hökumətlərin üzərinə məsuliyyət qoymağı özümə şərəf bilirəm". Araşdırmada vurğulanır ki, İranın Xarici İşlər Nazirliyinin 1919-cu il 21 oktyabr tarixində Böyük Britaniyanın diplomatik missiyasına göndərdiyi depeşada göstərilirdi: "Şübhə yoxdur ki, Britaniyanın diplomatik missiyasının İrəvanda, Naxçıvanda, Qarsda və Ermənistanın bütün sərhədi boyunca bu yaxınlarda baş verən olaylar, ermənilərin bu bölgələrin müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklər, qətliamlar və qarətlər haqqında xəbəri var. Xarici İşlər Nazirliyi həmçinin belə bir məlumat alıb ki, ermənilər bu bölgələrdə milliyyətindən asılı olmayaraq bütün müsəlmanlara qarşı zorakılıq aktı törətmək fürsətinin birini belə əldən qaçırmayıblar. Müsəlman ailələr məhv edilir, heç bir günahı olmadan kişilər və uşaqlar öldürülür, qadınlar cinsi təcavüzə məruz qalır, onların bütün əmlakı qarət edilir. Erməniləri əsla təhrik etməyən bir çox kəndin əhalisi məhv edilib... Millətlərin və dünyanın azadlığına dair Böyük Dövlətlərin niyyətlərindən xəbəri olan Xarici İşlər Nazirliyi rəsmən bu informasiyanı diqqətinizə çatdırır və xahiş edir ki, Britaniya hökumətinin məmurlarına ermənilərin bu cinayətkar əməllərinin qarşısını almaq və Ermənistanla sərhəddə yaşayan dinc əhalinin həyatını müdafiə etmək tapşırılsın. Onlar həm böyük dövlətlərin təmsilçiləri kimi, həm də erməni barbarlığının şahidləri kimi bu cinayətkar əməllərin qarşısının alınması və müqəssirlərin cəzalandırılması üçün tədbirlər almalıdırlar".
1918-ci ilin dekabrında Qarabağ bölgəsində Ermənistanın hərbi təcavüzü ilə əlaqədar olaraq Şuşaya podpolkovnik Hibbonun (Uorçester alayı) komandanlığı altında kiçik eskortun müşayiəti ilə Britaniya hərbi missiyasının göndərilməsi zərurəti ortaya çıxdı. İngilis komandanlığının tutduğu rəsmi mövqe sanki Azərbaycan tərəfinin dəstəklənməsinə, erməni təcavüzünün pislənilməsinə, bölgədə sülhün saxlanılmasına yönəlmişdi. Britaniya qoşunlarının Cənubi Qafqazda komandanı, general V.Tomsonun təşəbbüsü ilə Qarabağa qarışıq ingilis-erməni-müsəlman nümayəndə heyəti göndərilmiş, erməni başçılarına onları müsəlman əhaliyə qarşı təcavüzkar hərəkətlərdən çəkindirən teleqramlar vurulmuşdu. Tomsonun imzası ilə analoji məzmunlu məktub Andronikə də təqdim olunmuşdu. Məsələn, 1918-ci il 19 noyabr tarixli 640 saylı əmri ilə Andronik tabeliyində olanları xəbərdar edirdi: "Müttəfiqlərin təmsilçilərinin mənə çatdırdıqları məktubda deyilir ki, indən belə hər cür düşmən hərəkətləri (müsəlmanlara qarşı - N.G.) erməni məsələsinin çözümünə mənfi təsir göstərə bilər". Qarabağda və Zəngəzurda erməni-azərbaycanlı ərazi münaqişəsini həll etməkdən ötrü 1919-cu il yanvarın ortalarında ingilis komandanlığı burada xüsusi inzibati idarəçilik - başda doktor Xosrov bəy Sultanov olmaqla general-qubernatorluq yaratmaq yolu ilə ixtilaf zonasını ərazi cəhətdən əlahiddələşdirmək modelini seçmişdi. Lakin bu idarəçiliyin tətbiqindən sonra da Qarabağdan həyəcanlı xəbərlər alınmaqda idi".

Uğur