Ermənilər tarixən azərbaycanlılara qarşı soyqırım törədiblər Layihə

Ermənilər tarixən azərbaycanlılara qarşı soyqırım törədiblər

Dekabrın 10-u Beynəlxalq İnsan Haqları günüdür.
İlk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş haqqları haqqında deklarasiya"da rast gəlinir.
XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunmuş "İnsan hüqüqları haqqında ümumi deklarasiya" olub.
1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.
1966-cı ildə BMT-nin rəhbərliyi altında "Vətəndaşlıq və siyasi hüqüqlar haqqında beynəlxalq pakt" və "iqtisadi, sosial və mədəni hüqüqlar haqqında pakt" qəbul edilmişdir.
Avropada insan hüqülarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.
Amma təəssüflər olsun ki, dünya insan hüquqlarını pozan işğalçı ölkələrin siyasətinə hələ də göz yummaqdadır. Tarixənm işğalçı Ermənistan azərbaycanlıların hüquqlarını vəhşicəsinə pozaraq onları doğma torpaqlarından didərgin salıb, qətlə yetirib, yandırıb və s.
Uzağa getməyək, təkcə Dağlıq Qarabağ münaqişəsinin qızışdığı 1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulub və Azərbaycana pənah gətiriblər. Həmin köçürülmə illərində erməni cəlladlarının işgəncələrinə məruz qalan 410 azərbaycanlı, o cümlədən, 57 qadın, 23 uşaq vəhşicəsinə qətlə yetirilib, müxtəlif bədən xəsarəti alıb, onların yaşayış evləri və əmlakları qarət olunub. Nəticədə, Ermənistanda azərbaycanlılar yaşayan 9 min kv. km ərazi zəbt olunub.
Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onları arasında təbii artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artıb. Bunu sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin müqayisəsi aydın göstərir işğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasındakı dövrdə doğum kəskin surətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalıb. Bu azalma (hər 1000 nəfərə görə) rayonların hamısında 11, 2 - 22,6 nəfər arasında olub. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım daha çox aşağı düşüb. (16,9 - 22,6 nəfər arasında). İşğal olunmuş rayonların hamısında demoqrafik göstəricilər orta respublika səviyyəsindən aşağı olub.
Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq nəfər qaçqın və köçkün əmələ gəldi, 20 min nəfər həlak oldu, 50 min nəfər əlil oldu, 5,1 min nəfər (1 iyun 1992-ci ilə qədər) əsir və itkin düşdü, işğal olunmuş rayonlarda əhalinin təbii artımı 22 - 26 nəfər arasında (hər 1000 nəfərə) aşağı düşdü.
XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1948-1956, 1987-1988-ci illər adlı - dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.
Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi "beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək" nəzərdə tutulur. Nizamnamə nəinki təcavüzü, həm də dövlətlərarası münasibətlərdə qüvvə və ya hədə tətbiq etməni də qadağan edir (2-ci maddənin 2-ci bəndi), dövlətlər ara-sında baş verə biləcək hər cür mübahisələri ancaq dinc vasi-tələrlə həll etməyi tələb edir (2-ci maddənin 3-cü bəndi).
Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT Baş Məclisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qətnamə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, eləcə də təsirli tədbirlər həyata keçirmək üçün təcavüz anlayışının mahiyyəti öz əksini tapmışdır.
1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin XXIX sessiyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.
1-ci maddədə göstərilirdi ki, bir dövlət tərəfindən digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab olunur.
2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini po-zaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz aktına sübutdur.
3-cü maddədə: a) bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud müvəqqəti xarakter daşımasından asılı olmayaraq hər hansı bir hərbi işğal və ya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) bir dövlətin silahlı qüvvələri tərəfindən digər dövlətin ərazisinin bombardman edilməsi; c) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və ya muzdluların göndərilməsi və s. təcavüz aktı kimi qiymətləndirilir.
Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siyasi, iqtisadi, hərbi və ya başqa mülahizələr təcavüzə haqq qazandıra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa qarşı ci-nayətdir və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət daşımalıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və yaxud hər hansı mənfəət qazanılması qeyri-qanunidir. Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir.
Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, hələ 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indi də qüvvədə qalması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.
Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.
Bundan əlavə, beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiyada soyqırım cinayətinin hüquqi əsası təsbit olunmuşdur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırım cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkar siyasət 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də Azərbaycan dövləti bu konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Bununla yanaşı, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.
Cavid