İnternetdə yaradıcı azadlıq və insan hüquqlarının qorunması problemi Layihə

İnternetdə yaradıcı azadlıq və insan hüquqlarının qorunması problemi

Söz və mətbuat azadlığı, sosial şəbəkələrdə sərbəst şəkildə öz fikirlərini ifadə etmək imkanları başqalarının hüquqlarını pozmamalıdır

Tərlan

Yaşadığımız müasir dövr informasiya cəmiyyəti adlandırılır. İnformasiya cəmiyyətinin qurulmasının əsas vəzifələrinə onun hüquqi əsaslarının yaradılması, insan resurslarının inkişafı, vətəndaşların məlumat almaq və istifadə etmək hüquqları, plüralizmin inkişafı, xüsusən ölkənin intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan iqtisadiyyatın qurulması, müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, milli elektron informasiya fəzasının formalaşdırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər daxildir.
Son illər ölkəmizdə İKT sektoru dinamik inkişaf edir və iqtisadiyyatın inkişafında priaritet sahələrdən biridir. Dövlət qeyri-neft sektorunda bu sahənin inkişafını xüsusilə dəstəkləyir və stimullaşdırır. İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Respublikada İKT cəmiyyətin həyatına dərindən nüfuz edib. Əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə edir. Ən yeni texnologiyaların tətbiqi və rəqəmli televiziya yayımı uğurla həyata keçirilir, sahə üzrə investisiya qoyuluşu və özəl sektorun fəaliyyəti ildən-ilə genişlənir.
Azərbaycanda hər il keçirilən "BakuTel" beynəlxalq sərgi və konfransı müxtəlif ölkələri təmsil edən təşkilatların, alim və mütəxəssislərin bir araya gələrək öz ideyalarını bölüşməsi, işgüzar əlaqələri genişləndirməsi, qabaqcıl texnoloji nailiyyətlər və yeniliklərlə tanış olması üçün əlverişli imkan yaradır.
Hazırda cəmiyyətin müxtəlif sferalarında informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi İnternetdə və informasiya cəmiyyətində insan hüquqlarının qorunmasını, informasiya təhlükəsizliyi məsələsini də ön plana çıxarır. Ümumiyyətlə, cəmiyyətin bütün sahələrinin və insanların İKT-dən asılılığı gücləndikcə informasiya təhlükəsizliyinin əhəmiyyəti özünü daha çox büruzə verir. İnformasiya cəmiyyətinin qurulmasının əsas vəzifələrindən biri kimi informasiya təhlükəsizliyi dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin, insan hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən birinə çevrilir.
Əslində söz və mətbuat azadlığı, sosial şəbəkələrdə sərbəst şəkildə öz fikirlərini ifadə etmək imkanları başqalarının hüquqlarını pozmamalıdır. Yaradıcı azadlıq, İnternetin geniş imkanları heç kəsə başqalarını təhqir etmək, işgüzar nüfuzunu aşağı salmaq, etiq normaları pozmaq hüququ vermir. Məhz İnternetin indiki belə geniş azadlığı və informasiya cəmiyyəti şəraitində insan hüquqlarının qorunması məsələsi daha da aktuallaşır. Məsələ ondadır ki, cəmiyyət informasiyalaşdıqca insanlar da informasiyadan daha artıq dərəcədə asılı vəziyyətə düşürlər. İnternetdə və informasiya cəmiyyətində insan hüquqlarının təmin olunmaması isə cəmiyyət üçün böyük fəsadlar törədə bilər. Hər hansı ölkədə bu məsələ dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir.
Cəmiyyətin təhlükəsizliyinin əsas komponentlərindən biri kimi informasiya təhlükəsizliyinin vəzifələri informasiyanın konfidensiallığı, tamlığı, əlyetərliliyi və ziyanlı kontentlərlə mübarizədir. Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri olan tədbirlər milli normativ-hüquqi bazanın formalaşdırılması, təhlükəsizlik siyasətinin işlənilməsi və reallaşdırılması, xüsusi texnologiyaların tətbiqi, ölkə və
korporativ səviyyədə informasiya təhlükəsizliyinin monitorinqi və menecmentinin aparılması, kadr hazırlığı, əhalinin maarifləndirilməsi və vətəndaşlarda informasiya mədəniyyətinin tərkib hissəsi kimi informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması mühüm məsələlərdir.
Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri milli təhlükəsizliyin əsas tərkib hissələrindən biridir və bu sahədə normativ-hüquqi bazanın formalaşması informasiya cəmiyyəti quruculuğunda prioritet məsələlərdən hesab olunur. Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ-hüquqi aktlar qəbul edilib. Bunlara misal olaraq 2007-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası"nı, eləcə də, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında", "Elektron sənəd və elektron imza haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haqqında" qanunları və s. göstərmək olar
İnformasiya texnologiyalarının inkişafı və istifadəçilərinin sayının sürətlə çoxalması ilə yanaşı informasiya təhlükəsizliyi sistemlərində baş verən anomal hadisələrə, İnternetdə insan hüquqlarına zidd qeyri-qanuni hərəkətlərə də rast gəlinir. Hər bir insanın dünya görüşü, yaşadığı mühit, psixoloji durumundan asılı olaraq cəmiyyət qarşısında məsuliyyətini itirməsi bəzən başqalarının hüququnun pozulması ilə nəticələnir. Təbii ki, insan amilinə bağlı olan bu cüm problemlərin aradan qaldırılması informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşmasını zəruri edir. İnternet şəbəkəsindən istifadə mədəniyyətini formalaşdırmaq, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmaq, başqalarının şərəf və ləyaqətini aşağılamamaq üçün İnternet istifadəçiləri dünyada qəbul olunmuş müasir və sivil mədəniyyət normalarını mənimsəməlidilər.
Digər bir mühüm məsələ vətəndaşların şəxsi və ailə həyatı ilə bağlı toplanan, emal olunan və ötürülən məlumatların mühafizə olunması ilə bağlıdır. Bir sıra ölkələrdə İnsan Hüquqları Haqqında Bəyənnamənin 19-cu və 21-ci maddələrinin həyata keçirilmə vəziyyətinin monitorinqi məqsədi ilə "informasiya ombudsmanı", "informasiya telekommunikasiya ombudsmanı" kimi institutlar fəaliyyət göstərir. Başqa sözlə, informasiya ombudsmanları, bir tərəfdən, informasiya azadlığının, digər tərəfdən isə, fərdi məlumatların mühafizə vəziyyətinin monitorinqini həyata keçirir. İnformasiya cəmiyyəti quruculuğu prosesində ölkədə formalaşan fərdi məlumatlar infrastrukturu ən önəmli məsələlərdən birini təşkil edir. Ölkəmizdə 2010-cu ildə "Fərdi məlumatlar haqqında" qanun qəbul olunub və hazırda qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə müvafiq işlər aparılır. Bu sahədə dünyada olan mövcud təcrübəni nəzərə alaraq ölkəmiz Avropa Şurasının 1981-ci il tarixli "Fərdi məlumatların avtomatlaşdırılmış sistemlərdə emalı vaxtı fiziki şəxslərin qorunması haqqında" Konvensiyasına da (108 saylı Konvensiya) qoşulub.
Cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında biometrik informasiya texnologiyaları böyük imkanlara malikdir. Təcrübədən məlumdur ki, informasiya-kommunikasiya sistemlərində, xüsusən də, İnternet mühitində baş verən cinayətlərin, qeyri-etik davranışın əsas səbəblərindən biri istifadəçilərin zəruri hallarda identifikasiyası mexanizmlərinin mükəmməl olmamasıdır. 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror hadisəsindən sonra BMT-nin Təhlükəsizlik Şurası insanların onlara məxsus biometrik məlumatlara əsasən identifikasiyasının həyata keçirilməsi, yeni nəsil sənədlərin tətbiqi haqqında qətnamə qəbul etmişdir. 2007-ci ildə Azərbaycanda da "Biometrik eyniləşdirmə sisteminin yaradılması haqqında" Dövlət Proqramı qəbul olunmuşdur. Hesab etmək olar ki, yaxın gələcəkdə on-layn biometrik servislərin tətbiqi cəmiyyətin təhlükəsizliyinin, İnternetdə insan hüquqlarının yüksək səviyyədə təmin olunması üçün geniş imkanlar yaradacaq.
Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasında İnternet provayderlərinin də rolu böyükdür və onların üzərinə mühüm vəzifələr qoyulur. Bu gün ölkə üzrə təxminən 40-a yaxın provayder tərəfindən İnternet xidmətləri göstərilir. Cəmiyyətin informasiya təhlükəsizliyi, əsasən, bu provayderlərdən və onların administratorlarından asılıdır. Ona görə də onların məsuliyyəti hüquqi mexanizmlərlə təsbit olunmalıdır. İnformasiya cəmiyyəti məsələlərinə həsr olunmuş Ümumdünya Sammitinin yekun Bəyannaməsində, beynəlxalq qurumların, Avropa Birliyinin və inkişaf etmiş ölkələrin qəbul etdiyi hüquqi sənədlərdə şəbəkə operatorları və İnternet-provayderlərin qarşısında mühüm vəzifələr qoyulur.
Mühüm məsələlərdən biri də elektron dövlət proqramlarının reallaşdırılması zamanı təhlükəsizlik məsələlərinin təmin edilməsidir. Həyata keçirilən elektron dövlət proqramlarının məqsədlərinə hakimiyyət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, səmərəliliyin yüksəldilməsi, informasiya azadlığının, demokratiyanın inkişafı və insan hüquqlarının təmin olunması, vətəndaşların (fiziki imkanlarından asılı olmadan) dövlətin idarə edilməsində yaxından iştirakı, onlayn mühitdə dövlət xidmətlərinin göstərilməsi və s. aid etmək olar. Bir sözlə, Azərbaycanda informasiya resurslarından və texnologiyalarından, o cümlədən İnternetdən istifadə zamanı insan hüquqlarının qorunması, o cümlədən, fərdi məlumatların toxunulmazlığı və söz azadlığının da təmin olunması dövrümüzün aktual məsələsidir.