“Ermənistanın siyasi portfelində insanlığa, sabitliyə, sülhə, əmin-amanlığa qulluq edən bir vasitə yoxdur” Layihə

“Ermənistanın siyasi portfelində insanlığa, sabitliyə, sülhə, əmin-amanlığa qulluq edən bir vasitə yoxdur”

Cənubi Qafqaz ölkələri olan Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi ciddi humanitar böhrana səbəb olub. Bu problem nəticəsində insanlar məcburi köçkünə çevrilib, regionun infrastrukturu dağılıb. Tərəflər arasında 1994-cü ildə atəşkəs müqaviləsi imzalansa da, problem hələ də həllini tapmayıb.
Dağlıq Qarabağ münaqişəsinin bu günədək çözülməmsinin başlıca səbəbi əlbəttə ki, Ermənistanın Azərbaycanın bu regionunu və ona bitişik 7 rayonunu işğal altında saxlamasıdır. Doğrudur, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə Bakı ilə Yerevan arasında diplomatik danışıqlar aparılır. Lakin bu müzakirələr heç bir nəticə vermir. Münaqişə bölgəsindəki status-kvo isə məhz Ermnistanın xeyrinədir.
Bəs Ermənistan ATƏT və BMT-nin əsas prinsiplərini niyə pozur? O, Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyəti niyə dəstəkləyir, niyə oraya yeni əhali köçürür? Bu gün Ermənistana məxsus “Artsakhbank”, “Armbusinessbank”, “Armeconombank”, “Araratbank” və digər belə təşkilatlar Azərbaycanın işğal altındakı ərazilərdə çalışır. Ermənistanın “Armentel” və “Orange Armenia” mobil operatorları isə “Karabakh Telecom”a aşağı qiymətə rouminq xidməti göstərməkdədir.
WorldMedia Moderndiplomacy, Aİ-yə istinadən yazırki, bu azmış kimi, Yerevan işğal altındakı ərazilərin enerji təhlükəsizliyini də dəstəkləyir. Ermənistanın əsas qaz tədarükçüsü və distribüteri olan “Qazprom Ermənistan” işğal altındakı Azərbaycan ərazilərini də öz qaz şəbəkəsinə qoşub. Bundan başqa, Ermənistanda qeydiyyatdan keçmiş AEG şirkəti işğal altındakı ərazilərdə enerji istehsalı ilə məşğul olan iki quruma – “Artsakhgas” və “Artsakhenergo”ya nəzarət edir. Məsələ ondadır ki, işğal altındakı ərazilərin enerji təchizatının Ermənistana inteqrasiya edilməsi AEG-yə tapşırılıb.
Ermənistanda 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra regionda sülhün bərqərar olacağına ümid yaranmışdı. Lakin o vaxtdan Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilsə də, müharibəyə son qoyulması, tərəflər arasında əməkdaşlığın qurulması mümkün olmayıb. Əksinə, düşmən ölkələr arasında gərginlik daha da artıb. Nəticədə münaqişə yenidən alovlanıb və bu il iyulun 12-də Ermənistanla Azərbaycan arasında şiddətli hərbi qarşıdurma baş verib. Bu, tərəflər arasında 2016-cı ilin aprel döyüşlərindən sonra ən miqyaslı toqquşma olub. Həmin günlərdə Ermənistan hərbi birləşmələri Azərbaycanın Tovuz rayonunu atəşə tutub. Nəticədə Azərbaycan bir mülki vətəndaşını və bir neçə hərbçisini itirib. Əlbəttə ki, erməni tərəfi də itkilər verib.
Tovuz rayonu istiqamətindəki toqquşmalar Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Tbilisi-Ərzurum boru xətləri kimi vacib enerji layihələrinə də təhdid yaradıb. Onların hamısı hərbi əməliyyatların baş verdiyi ərazinin yaxınlığından keçir.
Bu da son deyil. Azərbaycan Silahlı Qüvvələri avqustun 23-də erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyanı əsir götürüb. O, cəbhənin Goranboy rayonu istiqamətində təxribat törətməyə çalışırmış. Alaverdyan həqiqətən diversiya planının olduğunu etiraf edib, bundan sonra isə Azərbaycanda qalmaq istədiyini bildirib. O, Ermənistana qayıtmaq istəmir.
Bütün bu qarşıdurmalar regional sabitliyə və iqtisadi inteqrasiyaya təhdiddir. Təəssüf ki, Ermənistan rəhbərliyinin ritorikası və addımları vəziyyəti daha da qəlizləşdirir. Görünən odur ki, Yerevan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.
Tovuz istiqamətindəki döyüşlərdən dərhal sonra Moskvanın Yerevana “İL-76” təyyarələrilə hərbi yük tədarük etməyə başlaması da bu faktı təsdiqləyir. Məlum olub ki, Gürcüstan bu məsələdə onun hava məkanından istifadəyə icazə vermədiyindən, hərbi yük təyyarələri Ermənistana daha uzun yolla uçmalı olub. Reyslər Rostov-Mineralnıye Vodı-Aktau-Türkmənbaşı-Novşer-Rəşt marşurutu ilə hərəkət edib. Onlar Ermənistanın İranla sərhədinə yaxın yerləşən Meğri şəhərinə, oradansa Yerevana uçub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Xarici siyasət məsələləri şöbəsinə rəhbərlik edən Hikmət Hacıyev bildirib:»Rusiyadan Ermənistana müxtəlif istiqamətlərdə yük daşımaları həyata keçirilir və bu, ictimaiyyətimizi narahat edir. Rusiya tərəfinin izahı bizi tam qane etmir... Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane edə bilməz. İnşaat materialları başqa yollarla da daşına bilərdi”.
Məsələni Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığı zamanı da qaldırıb. Məsələ Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya bu günlərdə etdiyi rəsmi səfər zamanı da müzakirə edilib.
Hər halda, Rusiyadan Yerevana hərbi yüklərin daşındığı ortadadır. İnşaat materiallarının daşınması üçün uzun aviasiya marşrutundan istifadə etməyə ehtiyac yoxdur. Demək, “üçüncü tərəf” Ermənistana birmənalı dəstək verir və bu, münaqişənin gərginləşməsinə səbəb olur.
Yerevan-Bakı gərginliyini artıran səbəblərdən biri də Azərbaycanın işğal altındakı ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətidir. 2020-ci ilin avqustunda işğal altındakı Kəlbəcər rayonunda 15 yeni evin tikintisinin başa çatdığı məlum olub. Maraqlıdır, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyirsə, Yaxın Şərqdə yaşayan erməniləri bu bölgəyə niyə köçürür? Məlum olub ki, Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra işğal atındakı ərazilərdə qeyri-qanunu məskunlaşdırma daha da intensivləşib.
Ermənistanın Diaspor işləri üzrə baş komissarı Zareh Sinanyanın sözlərinə görə, “bu günədək Ermənistana 800 Livan ermənisi gəlib. Onların bəziləri Beyrutdakı partlaşıydan sonra Ermənistana köçüb. Bəzi livanlı ermənilər Yerevan iyulun 1-dən sonra, bəziləri isə partlayışdan, yəni avqustun 4-dən sonra üz tutub”.
Məlum olduğu kimi, qeyri-qanuni məskunlaşdırma beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu isə öz növbəsində, danışıqlar prosesinin “dalana dirənməsi”nə səbəb olan amillər sırasındadır.
Bir sözlə, bu gün regionda vəziyyət çox təhlükəlidir. Ermənistan rəhbərliyinin son addımları Yerevanın status-kvonu qorumağa, bunun alınmadığını gördükdə isə münaqişəni gərginləşdirməyə çalışdığını göstərir.
Bu azmış kimi, Ermənistanın könüllülərdən ibarət ordu yaratmaq istədiyi də deyilir. Niyə? Demək, Yerevan nəinki sülhə hazırlaşmır, hətta gələcəkdə Azərbaycan Ordusuna qarşı muzdlulardan istifadə etməyi düşünür.
İstənilən halda, münaqişənin qızışması regional inteqrasiyaya, bölgədə həyata keçirilən layihələrə təhdiddir. Ən əsası, uzun illərdir davam edən münaqişədən hər iki xalq çox əziyyət çəkir. Bakı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllinə çalışır. O, hələ də bu istiqamətdə real və ciddi irəliləyişin olacağına ümidlidir.
Bu arada Politoloq Tofiq Abbasov Dağlıq Qarabağ separatçılarının “lideri” Araik Arutyunyanın sülh danışıqlarına qarşı çıxmasını şərh edərkən deyib ki, Ermənistanın səfehcə vədləri, bəyanatları bu ölkənin işğalçı, dağıdıcı siyasəti ilə bağlıdır.
O bildirib ki, bu sözlər təkcə Arutyunyanın yox, daha çox rəsmi İrəvanın fikridir:
“Bu fikirləri Qarabağdakı terrorçu qurumun qondarma “lideri”nin “ağzına qoyurlar” ki, səsləndirsin. Həmçinin Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da bu fikri ifadə edib. Guya işğalçı tərəf sülhə, bərabər əməkdaşlığa və qonşuluq siyasətinə hazırdır. Ancaq siyasətdə vədlər yox, hərəkət lazımdır. Bu baxımdan, Ermənistan ard-arda təxribatlar törədir, Naxçıvan əhalisini hədələyir, Gəncəni vurmaqla Azərbaycana qorxu hissi yaşatmağa cəhd edir. Ümumiyyətlə, Ermənistanın siyasi portfelində insanlığa, sabitliyə, sülhə, əmin-amanlığa qulluq edən bir vasitə yoxdur. Və buna görə də bu ölkə dağıdıcı siyasət həyata keçirərək bölgədə gərginliyi saxlamağa, Azərbaycana psixoloji təsir göstərməyə çalışır, arabir 3-cü tərəfin, daha dəqiq desək, Rusiyanın arxasında gizlənərək, müxtəlif insidentlərə qol qoyur və zərbə alan kimi geri çəkilir”.
Politoloq qeyd edib ki, separatçı-terrorçu qurum “lideri”nin bu qanunazidd bəyanatları və İrəvanın hərbi təxribat cəhdləri Azərbaycan üçün yeni deyil:
“Biz buna tam hazırıq. Tovuz hadisələrində dağıdıcı tərəf törətdiyi təxribata görə itkilər verdi və ən azı 5-6 kənddəki mövqeləri məhv edildi. İndi də işğalçı ölkə rəzil olmamaq üçün özünü “güclü bənd” kimi qələmə verərək, Azərbaycanla danışıqlara hazır olduğunu göstərməyə çalışır”.
Yeri gəlmişkən, təcavüzkar Ermənistan işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə edilməsini daha da gücləndirir.
Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Şurasının rəhbərliyinə Ermənistanın bu məkrli siyasətini ifşa edən məktub ünvanlayıb.
Məktubda Ermənistanın işğalı altında olan yuxarı Qarabağ bölgəsindən axan çayların qarşısını məqsədli şəkildə süni bəndlərlə kəsməsi, eləcə də Sərsəng su anbarından aşağı Qarabağ istiqamətində qanunsuz kanalların inşa edilməsi məsələləri öz əksini tapıb.
Vurğulanıb ki, təcavüzkar Ermənistan su resurslarını təzyiq vasitəsi kimi istifadə edərək çayların aşağı axarlarında məskunlaşmış əhalinin təsərrüfatla məşğul olmasını faktiki mümkünsüz etmişdir. Belə ki, qış aylarında xüsusilə Sərsəng su bəndinin qarşısı açılaraq, təsərrüfata yararlı torpaqlar süni sellə erroziyaya məruz qoyulur. Yay aylarında - təsərrüfat suyuna ehtiyacın ən çox olduğu dövrdə - təcavüzkar Ermənistan suyun qarşısını kəsərək süni quraqlıq yaradır və beləliklə, kənd təsərrüfatına, eləcə də flora və faunaya ciddi zərbə vurur.
Məktubda Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci il “Çıraqovlar və digərləri Ermənistana qarşı” məhkəmə işinin yekun qərarına və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı il tarixli, 2085 saylı “Cəbhə bölgələrindəki azərbaycanlı əhali sudan məqsədli şəkildə məhrum edilir” başlıqlı qətnaməsinə istinad edilərək, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozması ifşa edilib.
Son olaraq məktubda, AŞPA baş verənləri yaxından izləməyə, eləcə də Ermənistanın bütün bölgəni humanitar və ekoloji fəlakətə aparan bu məkrli davranışlarına dərhal son qoyması üçün təxirəsalınmaz addımlar atmağa çağırılıb.
Cavid